Accessibility links

Ramin Sadıqov: Universitet tələbələrinin bir çoxu yalnız diplom üçün oxuyur [Audio-Müsahibə]


Türkiyənin Hakkari Universitetinin tarix və fəlsəfə elmləri doktoru Amerikanın Səsinə Azərbaycanda müəllim və təhsilə münasibətdən danışıb.

Amerikanın Səsi: Siz Azərbaycanda ali təhsil ocaqlarında müəllimlərə münasibət, müəllim-tələbə əlaqələri haqda nə deyə bilərsiz?

Ramin Sadıqov: Sovet İttifaqı dövründə müəllim-tələbə münasibətləri daha təqdirəlayiq idi. Bunun başlıca səbəblərindən biri müəllimin cəmiyyət içində bəlli bir dəyərə sahib olması idi. Şübhəsiz ki, o dövrdə müəllimlər bu günlə müqayisədə daha yaxşı məvacib alırdılar. Məhz bu xüsusiyyət həm tələbə müəllim münasibətlərinin həm də cəmiyyətdə müəllimin yerinin necə olduğuna dair maraqlı nüanslar verir.

Müəllimlərin maaşı müəllim münasibətinə təsir göstərir.

Təəssüf ki, bu gün ölkəmizdə müəllimlərin maaşları qənaətbəxş deyil. Bu səbəbdən orta məktəb müəllimlərinin bir çoxu əlavə dərs verməklə, yəni repetitorluq etməklə məşğuldurlar. Universitet müəllimləri içində bu işlə məşğul olub ailə dolandırmağa çalışanlar var. Lakin bilirik ki, elm adamı elmi işlərlə məşğul olmalıdır. Universitet müəllimlərinin də məvacibi az olduğundan bəziləri bu yola üz tutur. Bəziləri də daha rahat üsullardan və xoşagəlməz yollardan istifadə edirlər ki, nəticədə bu, da universitetlərin ya da bəlli müəllimlərin adının rüşvətlə hallanması ilə nəticələnir. Bu isə tələbə müəllim münasibətlərinə mənfi təsir göstərir. Şübhəsiz qeyri düzgün yollar taparaq tələbəyə qiymət yazan müəllimin tələbə gözündə heç bir qiyməti olmur. Tələbə müəllimlərə nə sinifdə nə də sinifdən kənarda hörmət qoymur. və müəllimlər cəmiyyət nəzərində də qınağa çevrilir. Lakin bir problem də ondadır ki, müəllimin belə hala düşməsinin bir səbəbkarı da cəmiyyətin özüdür. Övladı oxumasa belə, necə olursa-olsun onun imtahanlardan müsbət nəticə almasına çalışan valideynlər tələbə uşaqların belə mənfi yollara müraciət etmələrinə şərait yaradırlar.

Amerikanın Səsi: Təhsildə çatışmazlığı nədə görürsünüz?

Ramin Sadıqov: Ölkəmizdə valideynlər övladlarının xüsusən orta məktəblərdə yaxşı oxumasına və mütləq universitetə qəbul olunmasına çalışmaqdadır. Və əsas problem də, yəni sualda bəhs etdiyimiz çatışmazlıq da buradan başlayır.

Tələbələr universitetə qəbul olunduqdan sonra təhsilin arxasınca yox, diplomun arxasınca gedir.

Bu çatışmazlığın ən başlıcası universitetə qəbul olunduqdan sonra təhsilin arxasınca yox, diplom arxasınca getmək istəyidir. Bunu həm tələbə, həm də valideynləri bərabər tərcih etməkdədirlər. Etiraf etmək lazımdır ki, bu gün universitet oxuyan tələbələrin yarıdan çoxu açıqca diplom üçün oxuduqlarını, təhsil almağı önə qoymadıqlarını etiraf edirlər. Bu, əlbəttə valideynlərdən gələn dəstəyin də nəticəsidir. Çünkü universitetə qəbul olunduqdan sonra hər nə vəchlə olur olsun həm valideyn həm də tələbə məzun olmağı və diplom almağı qarşısına məqsəd qoyur. Hətta gördüyüm qədər təhsil almaq, diplom almaqdan sonraya, yəni ikinci plana keçir. Beləliklə, təssüf ki, bu səbəbdən ölkəmizdə təhsil ocaqlarımızın adları sıx-sıx rüşvət və kifayət qədər təhsil keyfiyyətinin olmaması ilə hallanır.

Amerikanın Səsi: Siz Şəkidə müəllimlik etmisiniz. Sizcə rayonlardakı təhsillə Bakıdakı təhsil arasında fərq varmı?

Ramin Sadıqov: Bəli, var. Bakıda olanlar çox daha şanslıdırlar. Çünki istədikləri qədər ədəbiyyat və qaynaqları kitabxanalar vasitəsilə əldə etmək olur. Rayonlar isə belə zəngin kitabxanalardan yoxsuldurlar. Məsələn, Şəkidə yerləşən ən böyük kitabxana olan Nakam adına kitabxana daha çox filologiya fakültəsinin tələbələri və orta məktəb şagirdləri üçün əlverişli sayıla bilər. Ancaq Tarix, Coğrafiya, Psixologiya və başqa sahələrdə orada istənilən qaynaq kitaba rastlamaq mümkün deyildir.

İstanbulda Fatih Kollecinin tələbələri kompüter dərsində. 21 fevral, 2014.

İstanbulda Fatih Kollecinin tələbələri kompüter dərsində. 21 fevral, 2014.

Fərqlərdən biri də tələbələrin yetərli xarici dil bilgisinə sahib olmamaları, dolayıs ilə bu gün əsasən rus, ingilis və türk dilində olan elmi ədəbiyyatı oxuma və anlama cəhətdən sıxıntı çəkmələridir. Müəllim bu səbəbdən tələbəyə istədiyi kimi mövzu verib onu elmi tədqiqata yönləndirməkdə çətinlik çəkir. Çünki tələbə Azərbaycan dilində qaynaq tapmadığını söyləyir. Təbii ki, rayonlardakı universitet daxilindəki kitabxanalar da bu cəhətdən olduqca yetərsiz qalır. Bu isə yalnız tələbələr üçün deyil, həm də rayonlarda işləyən elm adamları üçün böyük problem mənbəyinə çevrilir.

Amerikanın Səsi: Hazırda siz Türkiyənin Hakkari şəhərlərində müəllimlik edirsiz. Müqayisə etdikdə fərqlər nələrdir?

Türkiyədəki tələbələrin elm arzusu ilə bizdəkilər eyni deyil.

Ramin Sadıqov: Ən birincisi, təhsil anlayışı cəhətdən. Türkiyədə tələbə və elm adamları daha rahat şəraitdə təhsil işlərində davam edirlər. Türkiyədəki tələbələrin elm arzusu ilə bizdəkilər də eyni deyil. Yuxarıda qeyd etdiyim kimi bizdə ümumiyyətlə daha çox diplom almağa həvəsli olunduğu üçün təhsil almaq həvəsi ikinci plana düşür. Halbuki, Türkiyədə tələbələr daha çox arzulu, daha istəkli, araşdırma, azad fikir yürütmə, dərs əsnasında müəllimlərlə qarşılıqlı müzakirə, elmi ədəbiyyatın zənginliyindən səmərəli istifadə etmə cəhətlərindən bizdən xeyli irəlidədirlər.

Amerikanın Səsi: Tədris vəsaiti şagirdlərin bilik alması üçün kifayət edirmi? Dərsliklərin müasirliyinə etibar etmək olarmı?

Müasir beynəlxalq standartlara cavab verən dərsliklərin çatışmazlığı üzündən Azərbaycanda bəzi müəllimlər Sovet dövründə nəşr olunmuş kitablardan istifadə edirlər.

Müasir beynəlxalq standartlara cavab verən dərsliklərin çatışmazlığı üzündən Azərbaycanda bəzi müəllimlər Sovet dövründə nəşr olunmuş kitablardan istifadə edirlər.

Ramin Sadıqov: Fikrimcə, kifayət etmir. Orta məktəb dərslikləri üzərində belə şiddətli mübahisələr gedir. Tez-tez dəsrliklər dəyişilir. Bəzi mövzular qısaldılır, bəziləri genişləndirilir. Əslində dəyişikliklərdə məqsəd təhsilin daha da inkişaf etdirilməsidir. Lakin bu, heç də istənilən nəticəni vermir.

Universitetlərin tədris vəsaitinə gəlincə isə bu sahədə xeyli çətinliklərin olduğu bəllidir. Məsələn, mən Şəkidə Türk Xalqları tarixi dərslərini verirdim. Çox çətinlik çəkirdim. Çünki bu sahədə hələ ölkəmizdə geniş və ətraflı bir dərs vəsaiti yazılmış deyil. Bu səbəbdən şəxsən özüm mühazirə materialları hazırladım, beləcə dərslərə girdim.

Müəllimlər Sovet İttifaqı dövründə nəşr olunmuş kitablarla dərs keçməyə çalışır.

Yuxarıda da qeyd etdiyim kimi, elmi qaynaqların çoxu əcnəbi dildədir. Və illər keçməsinə baxmayaraq, öz dilimizdə dərsliklər çox azdır. Hətta hələ də bəzi müəllimlər Sovet dövründə nəşr olunmuş kitablarla dərs keçməyə çalışır. Bu, isə xüsusən tarix və beynəlxalq münasibətlər kimi siyasi mövzuları əhatə edən dərslərin keyfiyyətini aşağı salır.

XS
SM
MD
LG