Accessibility links

“Vergilər” qəzeti Qafqaz Universitetinin ləğv olunması barə məlumat yayıb.

Məlumatda bildirilir ki, universitet təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunub.

Türkiyədə 2016-cı ilin 15 iyun hadisələrindən sonra iyulun 20-də təsisçilərin qərarı ilə Qafqaz Universiteti bağlanıb. Sonradan məlum olub ki, universitet bağlanmayıb, idarəçiliyi Bakı Ali Neft Məktəbinə verilib. Az sonra isə universitetin rektoru dəyişdirilib.

2016-cı il avqustun 31-də Türkiyədə səfərdə olan Azərbaycan daxili işlər naziri Ramil Usubov mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını deyib.

Türkiyə tərəfi bildirib ki, 2016-cı ilədək Qafqaz Universitetindən məzun olan və təhsillərini davam edən tələbələrin diplomları Türkiyədə tanınmayacaq.

Qafqaz Universiteti 1993-cü ildə fəaliyyətə başlayıb.

“Vergilər” qəzetində dərc olunan məlumatla bağlı Qafqaz Universitetinin yaydığı məlumatda deyilir ki, Qafqaz Universiteti təsisçisi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin qərarı əsasında ləğv edilib.

Təsisçi tərəfindən təşkil edilən Ləğvetmə Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun proses idarə edilir və bu çərçivədə 18 yanvar 2017-ci il tarixində rəsmi qəzetdə elan verilib.

“Qafqaz Universitetində hal-hazırda tədris fəaliyyətləri fasiləsiz davam etdirilir, qış imtahan sessiyasının gedişində heç bir problem yoxdur”, universitetin məlumatında deyilir.

Universitet bildirir ki, tələbələrin təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem yaranmayacaq.

“Qafqaz Universitetində təhsil alan tələbələrin böyük əksəriyyəti yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrdir, tələbələrimizin və valideynlərinin narahatlığına heç bir səbəb yoxdur”, məlumatda deyilir.

Öz növbəsində, Təhsil Nazirliyi Qafqaz Universitetinin tələbələrinin qış imtahan sessiyasından sonra başqa universitetlərə gönsddəriləcəyini bildirir. Nazirliyin məlumatında deyilir:

“Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib.

Qeyd olunanları nəzərə alaraq, Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

İşçi qrupuna Universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb", Təhsil Nazirliyi bildirir.


XS
SM
MD
LG