Accessibility links

Təhsil Nazirliyi: Qaydaların tətbiqində qeyri-dürüstlüyə yol verilməməlidir


ləbələr Bakı Dövlət Universitetinin qarşısında aksiya keçirib

ləbələr Bakı Dövlət Universitetinin qarşısında aksiya keçirib

Tələbələr yeni etiraz aksiyası keçirəcəyini bildirir

Azərbaycanın Təhsil Nazirliyi fevralın 20-də Bakı Dövlət Universitetində tələbələrin keçirdiyi etiraz aksiyasından sonra açıqlama yayıb. Tələbələr rüşvətə, və Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na etiraz edib.

Tələbələr fevralın 24-də də aksiyat keçirəcəklərini bəyan edib.

Təhsil Nazirliyi bildirir ki, hər hansı ali təhsil müəssisəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydaların tətbiqində qeyri-dürüstlüyə yol verilməməli, onlar tələbələrə düzgün və aydın şəkildə şərh edilməlidir.

Bununla yanaşı, tələb olunan minimal bal toplamayan tələbələr üçün kredit borclarının sayından, onları təkrar yığmaq vaxtından və imkanından asılı olmayaraq istənilən halda ödənişsiz olması tələbləri də əsassızdır və heç bir normativ-hüquqi akta, sadə məntiqə və beynəlxalq təcrübəyə əsaslanmır.

Təhsil Nazirliyi vurğulayır ki, ali təhsil sahəsində aparılmış islahatlar nəticəsində bütün ali təhsil müəssisələri maliyyə muxtariyyəti əldə edib. Belə olan təqdirdə, ali təhsil müəssisələri öz maliyyə imkanlarından asılı olaraq müəyyən kateqoriya tələbələrin (aztəminatlı ailələrin üzvləri, əlaçılar və sair) təhsil haqlarının ödənilməsi məqsədilə öz büdcələrində xüsusi fondların yaradılması məsələsinə baxa bilərlər.

Nazirlik həmçinin bildirir ki, 24-28 fevralda ali təhsillə bağlı, o cümlədən qaydaların tətbiqi ilə bağlı bütün suallar nazirliyin facebook səhifəsində operativ şəkildə cavablandırılacaq.

Təhsil Nazirliyinin rəsmi saytında yaydığı açıqlamada deyilir:

“Bolonya Bəyannaməsinin əsas tələblərindən biri – tədris prosesinin Avropa Kredit Transfer Sisteminə uyğun olaraq təşkil edilməsidir. Bu sistem tədris planlarının şəffaflığını təmin etməklə, təhsil proqramlarının ölkə daxilində və xaricində akademik tanınmasına imkan verir, tələbələrə digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır və beləliklə də tələbələrin əmək bazarında rəqabətə davamlılığını artırır.

Ölkəmizin ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasını sürətləndirmək, diplomların qarşılıqlı tanınmasını təmin etmək və tələbə-müəllim mobilliyini inkişaf etdirmək məqsədi ilə Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” təsdiq olunmuşdur. Qaydalar əvvəlki sənədlərin əsasında, Azərbaycan Respublikasının Qanunvericiliyinə və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış və müvafiq dövlət qurumları ilə razılaşdırılmışdır.

Tənzimləyici çərçivə sənədi kimi müasir dövrdə Avropa ölkələrinin təhsil sistemlərinə inteqrasiya və ümumavropa ali təhsil məkanına qoşulmaq baxımından bu Qaydalar mühüm əhəmiyyət kəsb edir.

Qaydalar akademik uğursuzluğa görə tələbələrin universitetdən xaric olunmasını aradan qaldırır və tələbə universitetin kontingentində qalır. Bu isə tələbələrin xaric və bərpa olunma prosesi zamanı yarana biləcək bütün neqativ halları aradan qaldırır. Köhnə qaydalardan fərqli olaraq yeni qaydalara əsasən tələbə ixtisas proqramı üzrə nəzərdə tutulan müddətdə lazım olan kreditləri toplaya bilmədikdə növbəti illərdə onlar bu kreditlərin toplanması üçün illik təhsil haqqı deyil, yalnız akademik borcu olan fənnin yenidən dinlənilməsi üçün əlavə ödəniş edir. Bu ödəniş illik təhsil haqqı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə kiçikdir. Lakin yeni Qaydaların tələbələrə düzgün izah olunmaması səbəbindən bəzi hallarda bu şərt narazılığa səbəb olmuşdur.

Bununla əlaqədar qeyd olunmalıdır ki, bəzi ali təhsil müəssisələri tələbənin biliyinin qiymətləndirilməsi zamanı imtahana görə balların hesablanmasında Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə əməl etmir, daha yüksək keçid balı müəyyənləşdirir bu isə öz növbəsində akademik borcların artımına gətirib çıxarır. Digər hallarda isə ali təhsil müəssisələrində ixtisas üzrə tədris planlarının düzgün tərtib olunmaması, bəzən semestr ərzində lüzum olmadan 30-dan artıq kreditlərin toplanmasını zəruri edir və bu da əlavə vəsaitin ödənilməsi tələbinə səbəb olur.

Bununla bağlı Təhsil Nazirliyi bir daha bildirir ki, tələbələrin biliyi qiymətləndirilərkən minimal məqbul göstərici, imtahandan toplanan bal üzrə 17, ümumilikdə fənn üzrə 51 bal müəyyənləşdirilib. Ali təhsil müəssisələri tərəfindən tələbələrin biliyinin qiymətləndirilməsi üzrə göstərilən bu qaydalardan fərqli qaydaların tətbiqi (ixtisasın və ya fənnin xüsusiyyəti nəzərə alınmaqla) yalnız Təhsil Nazirliyi ilə razılaşdırılmaqla edilə bilər”, nazirliyin açıqlamasında qeyd edilir.
XS
SM
MD
LG