Accessibility links

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin vəzifəli şəxslərinə qarşı cinayət işi başlanıb


Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi

Mərkəz prokurorluğun məlumatının real fakta söykənmədiyini bildirir

“Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin vəzifəli şəxslərinə qarşı maliyyə pozuntularına görə cinayət işi başlanıb. İşin istintaqını Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi aparır.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, qanun pozuntuları ilə əlaqədar Ədliyyə Nazirliyindən daxil olmuş material əsasında araşdırmalar aparılıb.

Məlum olub ki, mərkəzin vəzifəli şəxsləri 2010-2013-cü illərdə pul vəsaitlərinin xərclənməsi zamanı maliyyə pozuntularına yol verilməsində, qrant müqaviləsi əsasında ayrılmış 43 min ABŞ dolları vəsaitin təyinatı üzrə istifadə edilməyərək xarici ölkə vətəndaşının hesabına köçürülməsində, Təhsil Nazirliyi və Azərbaycan Universiteti ilə keçirilən birgə layihələrin icrası zamanı büdcə vəsaitlərinin istifadəsində qanun pozuntularına yol verilməsində, zəruri sənədlər tərtib edilmədən xidmət haqqı kimi kənar müəssisəyə 10 min 500 manat, digər müəssisəyə isə 16 min 800 manat pul vəsaitinin nağd şəkildə ödənilməsində maliyyə pozuntularına yol verilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Öz növbəsində “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin maliyyə işçisi Şahin Sadıqov Turana bildirib ki, Baş Prokurorluğun yaydığı məlumat real faktlara söykənmir.

“Qrant müqaviləsinə bələd olmadan, qrant büdcəsini yoxlamadan belə məlumat yaymaq düzgün deyil. Biz dövlətdən vəsait almamışıq və bu barədə hər hansı qrant müqaviləmiz yoxdur”, o qeyd edib.

Maliyyə işçisi bildirib ki, gəlir kommersiya təyinatlıdırsa müəssisə vəsaitin sərfində müstəqildir. “Orada pul mənimsənilməyib və vəsaitlər nəzərdə tutulan istiqamətdə sərf olunub”, Sadıqov deyib.
XS
SM
MD
LG