Accessibility links

İqtisad elmləri doktoru Qubad İbadoğlu təhsil krediti, bu kreditlərdən aztəminatlı ailələrdən olan tələbələrin yararlana bilməsi çətinliklərindən yazıb. İbadoğlunun Facebook səhifəsində dərc etdiyi məqaləni təqdim edirik.

Universitetlərdə təhsil haqqını vaxtında ödəməyən tələbələr bundan sonra təhsil kreditləri əldə edə bilərlər. Belə ki, bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələri tərəfindən "Maarifçi" Tələbə Kredit Fondu təsis edilib və qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınıb. Missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılması olan Fondun əsas fəaliyyət istiqamətləri bu sosial qrupa daxil olan tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün müvəkkil kredit təşkilatları tərəfindən güzəştli təhsil kreditlərinin və qrantların verilməsini təşkil etməkdən ibarətdir. Krediti əldə etmək istəyən tələbələr valideynlərin rəsmi cari məvacibinə dair və kredit tarixçəsi üzrə arayışla müraciət etməlidirlər. Maksimum həddi 4000 manat olan standart kreditlər üzrə illik faiz dərəcəsi 8 faiz, güzəştli kreditlər üzrə isə 6 faizdir. Kreditlər üzrə

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

ödənişlərin həyata keçirilməsi tələbə məzun olduqdan sonra həyata keçiriləcək. Məzun olan tələbələr kreditlər üzrə borcların qaytarılmasına standart kreditlər üzrə 1 il güzəşt, güzəştli kreditlər üzrə isə 2 il güzəşt əldə etməklə başlaya bilərlər. Standart kreditlər 5 ilə, güzəştli kreditlər isə 10 ilə verilir. Həm tələbəlik və həm də güzəşt dövründə əsas borclara və faizlərə görə hesablanan faizlər ödənilməsə də onlar sonrakı dövrdə ödənişlərə əlavə olunur.

Bu konsepsiya cəlbedici və faydalı olmaqla yanaşı, həm də aktuallığı ilə seçilir. Lakin, hesab edirəm ki, hazırkı situasiyada mövcud şərtlərlə onun icrası zamanı “Maarifçi" Tələbə Kredit Fondunun qarşısına ciddi çətinliklər çıxacaq. Çağdaş durumda bankların və kredit təşkilatlarının maliyyə durumu, əhalinin sosial vəziyyətinin pisləşməsi onun geri qaytarılması risklərini çoxaldır. Belə riskləri idarə etmək üçün kreditin verilmə qərarının tələbələrin valideynlərinin rəsmi cari məvacibinə və kredit tarixçəsinə bağlanması nəzərdə tutulsa da hesab edirəm ki, bu yanaşma yalnışdır və xüsusilə də aztəminatlı ailələrdə yaşayan tələbələrin kreditlərə çıxış imkanlarını məhdudlaşdıracaq.

Belə ki, mümkündür ki, aztəminatlı ailəyə məxsus olan əlaçı tələbələr bu səbəbdən belə imkanlardan bəhrələnə bilməsinlər və təhsillərini ertələmək məcburiyyətində qalsınlar. Eyni zamanda bir faktı da unutmayaq ki, hazırda aztəminatlı ailələrin böyük əksəriyyətinin kredit tarixçəsi pozitiv deyildir. Odur ki, belə asılılığın yaradılması kreditlərin ayrılmasında başlıca əngələ çevriləcək.

Təklif edirəm ki, Fond kreditləri ayırmamışdan əvvəl universitetlərin məzunlarının iş tapma səviyyəsinə görə reytinqini müəyyənləşdirərək, kreditin ayrılması zamanı həm universitetlər və həm də ixtisaslar arasında fərq qoysun. Digər tərəfdən də təhsil göstəricilərinə görə fərqlənən tələbələr üçün də yanaşma müxtəlif olmalıdır. Kreditin ayrılması zamanı universitetdə qiymətləri yuxarı olan tələbələrlə pis qiyməti olan tələbələr arasında fərqin qoyulması son nəticədə tələbələrin hazırlıq səviyyəsinin yüksətmək üçün stimul kimi çıxış edə bilər.

XS
SM
MD
LG