Accessibility links

İran səfirliyi REAL-la bağlı yayılan məlumatı təkzib edir


İranın Bakıdakı səfirliyi fevralın 2-də REAL Hərəkatının fəallarına pul verdiyi barədə ittihamları təkzib edən məlumat yayıb.

“Bir daha Azərbaycan Respublikasının bəzi media qurumlarında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq. Onlar hər hansı bir bəhanə əsasında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərini korlamağa çalışırlar”, məlumatda deyilir.

Səfirlik iddia edir ki, bu dəfə İranın Bakıdakı səfirliyinin bir əməkdaşının olduqca aydın, həm də diplomatik fəaliyyətə uyğun olaraq keçirdiyi görüş heç bir əsas olmadan bəzi media vasitələrinin hədəfinə çevrilib.

“Maraqlıdır ki, həm bu görüşdən öncə, həm də ondan sonra Bakıda fəaliyyət göstərən müxtəlif səfirlik əməkdaşlarının bu kimi görüşləri heç bir zaman həmin media qurumlarının ən xırda reaksiyası ilə üzləşməyib”, səfirlik qeyd edir.

Xatırladaq ki, söhbət iranlı diplomatın yanvarın 19-da REAL Hərəkatının ofisinə getməsindən və onun rəhbərliyi ilə söhbətindən gedir.

Bir neçə gün sonra Eynulla Fətullayev rəhbərlik etdiyi saytlarda bildirib ki, İran diplomatı REAL-a pul verib.

Bu, Azərbaycan Baş Prokurorluğunun araşdırmaya başlayaraq, REAL fəallarını davamlı dindirməyə çağırması üçün əsas olub.

XS
SM
MD
LG