Accessibility links

Media üzrə hüquq eksperti Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin artırılmasını şərh edir.

Azərbaycan Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılıb, eyni zamanda teleradio yayımçılarına qarşı cəzalar sərtləşdirilib.

Milli Məclis fevralın 24-də “Teleiziya və radio yayımı haqqında” qanununun 16.11-ci, 23.1-ci və İnzibati Xətalar Məcəlləsinin 187-1 və 187-2-ci maddələrinə dəyişikliklər edib.

Televiziyalarda siyasi plüralizm demək olar ki, yox vəziyyətindədir. Çünki onlar dövlət tərəfindən lisenziyalaşır. Lisenziya asılılığı var. Hər 6 ildən bir lisenziya almalıdırlar.

Qanunun 16.11-ci maddəsinə edilən dəyişikliyə görə, teleradio yayımçısı istifadə haqqını müəyyənləşdirilmiş müddətdə ödəyə bilmirsə bundan sonra məhkəmə qarşısında iddia qaldırılmayacaq və xüsusi razılığın qüvvəsinin istifadə haqqı ödənilənə qədər teleradio yayımı sahəsindəki müvafiq dövlət orqanı qarşısında onun dayandırılması qaldırılacaq.

Qanunun 23.1-ci maddəsinə edilən dəyişikliyə görə, teleradio yayımçıları lisenziyanın qayda və şərtlərini və qanunun tələblərini pozduqda lisenziyanın qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının (Teleradio Yayımı Şurası) qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır.

İndiyədək qüvvədə olan qanuna görə qaydalar, şərtlər və qanunun tələblərini pozduqda lisenziyanın qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilərdi.

Dəyişikliklərdə bir sıra digər hallarda da teleradio yayımçılarının lisenziyalarının ləğv edilməsi səlahiyyəti Milli Televiziya və Radio Şurasına verilir.

İnzibati Xətalar Məcəlləsinin 187-1 (Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması) və 187-2-ci (Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması) maddəsinə edilən dəyişikliyə əsasən, göstərilən cərimələr vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün isə 5000 manatdan 8000 manata qədər tətbiq edilir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli

Hər iki maddənin indiyədək olan sanksiyası vəzifəli şəxslər üçün 300 manatdan 500 manata qədər, hüquqi şəxslər üçün isə min manatdan 2 min manata qədər idi.

Media Hüququ üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində bildirib ki, 2006-2007-ci ildən başlayaraq İnzibati Xətalar Məcəlləsində cərimələrin miqdarı sürətlə artırılır.

“Amma teleradio sektoru bahalı biznes sahəsi, lisenziya dəyərləri yüksək olmasına baxmayaraq bu sahədə cərimələrdə artım qeydə alınmamışdı. Məsələn, QHT-lərə qarşı cərimələr 15 min manata qədər idisə teleradio sahəsində cərimələr min manata qədər deyil. Bu artım yenə də real artım deyil. Əgər QHT-lərə 15 min manat cərimə kəsilirsə teleradio sahəsinə bundan qat-qat artıq cərimələr kəsilməlidir. Çünki biznes strukurudur”.

Ekspert eyni zamanda, istənilən sahədə yüksək cərimənin tərəfdarı olmadığını deyib.

“Sadəcə balans baxımından bunu dedim. Tənzimləmələr həmişə adekvat olmayıb. Məsələn, qəzetlərə 30-50 min manat cərimələr kəsilir, amma televiziyalar çox cüzi cərimə edilir”.

Məmmədli Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin artırılmasını düzgün hesab etmir.

“Əgər teleradio yayımı şurası seçki yolu ilə formalaşan kollegial bir qurum olsa idi, burada bir ziddiyyət axtarmaq düzgün olmazdı. Amma təəssüf ki, bu gün teleradio şurasının üzvləri prezident tərəfindən təyin olunur. Bu baxımdan təyin olunmuş bir qurumun səlahiyyətlərinin artırılması media azadlığı baxımından mənfi təsir edəcək. Onsuz da Azərbaycanda televiziya sahəsində azadlıq çox aşağı səviyyədədir, demək olar ki, yox səviyyəsindədir. Bu əlavə inzibati resurslar televiziyaların ümumiyyətlə işləməsini daha da çətin vəziyyətə salacaq”.

Ekspert hesab edir ki, televiziyalar siyasi basqılara daha çox məruz qalan qurumlardır.

“Televiziyalarda siyasi plüralizm demək olar ki, yox vəziyyətindədir. Çünki onlar dövlət tərəfindən lisenziyalaşır. Lisenziya asılılığı var. Hər 6 ildən bir lisenziya almalıdırlar,” o qeyd edib.

XS
SM
MD
LG