Accessibility links

Mehriban Əliyeva: İnsanların etimadını doğrultmağı bacaracam


Mehriban Əliyeva

Mehriban Əliyeva

Prezident İlham Əliyevin birinci vitse-prezident, həyat yoldaşı Mehriban Əliyevanı Təhlükəsizlik Şurasına təqdim edib.

İlham Əliyev bildirib ki, Mehriban Əliyeva uzun illərdir ölkənin ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayır.

“Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, deputat kimi çox böyük işlər görüb, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır və onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Eyni zamanda, Mehribanın deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb”, o qeyd edib.

Təhlükəsizlik Şurası

Təhlükəsizlik Şurası

Prezidentin sözlərinə görə, birinci vitse-prezidentin beynəlxalq aləmdə də böyük nüfuzu var.

“Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun”.

Prezident deyib ki, Mehriban Əliyevanın çoxşaxəli və uğurlu fəaliyyəti onun qərar qəbul etməsində əsas rol oynayıb.

“Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir. Bu təyinat münasibətilə mən onu təbrik edirəm və ona yeni uğurlar arzulayıram”, İlham Əliyev qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyeva deyib ki, prezidentin və ona inanan bütün insanların etimadını doğrultmağı bacaracaq.

“Ötən illər ərzində sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradə ilə, cəsarətlə qorumağınız, insanlarla, Azərbaycan xalqı ilə birliyiniz mənim və mənimlə çalışan bütün insanlar üçün bir nümunə idi. Bizim fəaliyyətimizi istiqamətləndirən bir nümunə idi. Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyllərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”, o qeyd edib.

XS
SM
MD
LG