Accessibility links

Hindistanda yoxsulların qayğısına qalan alban rahibənin müqəddəslər pilləsinə yüksəldilməsi gələn il, onun ildönümündə baş tuta bilər.

Papa Fransis Tereza Ananı müqəddəs elan etmək üçün vacib olan möcüzəni təsdiq edib. Beləliklə, Hindistanda yoxsulların qayğısına qalmış alban rahibə ölümündən düz iyirmi il keçəndən sonra Katolik Kilsəsinin ən yüksək adına layiq görülə bilər.

Müqəddəslik pilləsinə yüksəldilmə mərasimi üçün dəqiq tarix müəyyən edilməyib, lakin italyan mediasında bu hadisənin sentyabrın ilk həftəsində, rahibənin ölümünün ildönümü zamanı baş verəcəyi barədə söhbətlər dolaşır.

Tereza Ananın möcüzəsi...

Sözügedən möcüzə isə bir braziliyalı kişinin viruslu beyin infeksiyasından izahedilməz formada tam sağalmasıdır.

Beyində ciddi iltihabi prosesə və beyin ətrafında mayenin toplanmasına səbəb olmuş bu infeksiya nəticəsində kişi komaya düşüb və ölmək ərəfəsində imiş.

Ancaq 2008-ci il dekabrın 9-da əməliyyata girməli olduğu vaxtdan 30 dəqiqə sonra kişi ayılıb, qalxıb oturub. Üstəlik onun heç bir ağrısı olmayıb. Cəmi bir gün sonra isə həkimlər onda xəstəliyin heç bir simptomunun olmadığını elan ediblər.

Sonradan Vatikan bu möcüzəli sağalmanı həmin kişinin həyat yoldaşının Tereza Anaya dua etməsi ilə əlaqələndiriblər. Belə ki, qadın kişinin əməliyyat edilməli olduğu vaxtda öz rahibi ilə birlikdə kilsədə dua edirmiş.

Nobel Sülh Mükafatı Laureatı Tereza Ana 1997-ci il sentyabrın 5-də 87 yaşında dünyasını dəyişib.

Vəfat etdiyi günə qədər onun əsasını 1946-cı ildə qoyduğu Xeyriyyəçi Missionerlər ordenində 4000-ə yaxın rahibə xidmət edib. Orden bütün dünyada yetimxanalar, yoxsullar üçün yeməkxanalar, evsizlər üçün sığınacaqlar və klinikalar işlədib. Onların ümumi sayı 600-ə çatıb.

Tereza ananı tənqid edənlər

1910-cu ildə Makedoniyanın Skopye şəhərində doğulmuş Tereza Ana 1951-ci ildə Hindistan vətəndaşlığı alıb. 1979-cu ildə Kəlküttənin dilənçi və xəstələri ilə işlədiyinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

Lakin Tereza ananı tənqid edənlər də var. Səbəblər arasında onun Haitinin rəhbəri Jean-Claude Duvalier və amerikalı maliyyəçi Charles Keatingdən ianələr qəbul etməsi də var.

Tənqidçilər həmçinin onun Kəlküttənin yoxsullar yaşayan məhəllələrində hamiləliyin qarşısını alan vasitələrə qarşı mövqeyini əsas götürürlər. Onun bu mövqeyi katolik kilsəsinin hamiləliyə qarşı süni vasitələr barədə mövqeyi ilə üst-üstə düşür.

XS
SM
MD
LG