Accessibility links

Şahmurad Məmmədov: Dövlətlə xalq arasındakı uçurum terror üçün böyük təhlükədir


Terrorizmlə İctimai Mübarizə Mərkəzinin rəhbəri Şahmurad Məmmədov
Terrorizmlə İctimai Mübarizə Mərkəzinin rəhbəri Şahmurad Məmmədov

“Azərbaycan istəsə də, istəməsə də terror savaşının içindədir. Xüsusilə ərəb baharından irəli gələn proseslər də Azərbaycanı böyük bir sürətlə o burulğanın içərisinə dartıb aparır”.

Terrorizmlə İctimai Mübarizə Mərkəzinin rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədov Amerikanın Səsi radiosuna müsahibədə Azərbaycanda terror təhlükələri və terrora qarşı mübarizənin təşkili məsələlərinə toxunub.

please wait

No media source currently available

0:00 0:07:46 0:00
Direct link

Sual: Azərbaycanda terrorizmə qarşı mübarizə şəraitini necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycanda terrorizmə qarşı mübarizə şəraitini beş ballıq şkala üzrə iki kimi qiymətləndirmək olar. Terrorizmə qarşı mübarizə aparılır, amma çatışmayan cəhətlər çoxdur. Əsas problemlərdən biri ictimaiyyətin bu mübarizəyə qoşulmaması və dövlət orqanları ilə birgə olmamasıdır.

Sual: Fikrinizcə, qanunvericilik sahəsində və ya qanunların icra mexanizmində problem var?

Cavab: Hər ikisində problemlər var. Azərbaycanda terrorizmə qarşı mübarizəni müəyyən edən qanunvericilik ya Sovet dövründən qalandır, ya da rus dilindən tərcümə olunub. Bu sənədlər müasir mübarizə metodologiyalarına uyğun gəlmir. Azərbaycan dünyada terrorizmə qarşı effektli mübarizə aparan qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməlidir, terrora qarşı effektiv mübarizə metodlarına keçməlidir. Çünki, terror təhlükəsi artıq Azərbaycandadır. Ötən əsrin sonlarından başlayaraq terror təhlükəsi Azərbaycanı qarabaqara izləyir.

Sual: Azərbaycan üçün əsas terror təhlükələri nədir? Bu radikal islamdır, qonşu dövlətlərdir, daxili və ya ictimai münasibətlər sistemidir, dövlətlə xalq, siyasi partiyalar arasındakı münasibətlərdir, yoxsa nədir?

Cavab: Əslində hamı bilir ki, Azərbaycan heç də dost olmayan dövlətlər tərəfindən əhatə olunub. Hər bir dövlətin Azərbaycanda maraqları və bunu həyata keçirmək üçün siyasi fəaliyyəti var. Bu fəaliyyətlər nəticə verməyəndə siyasət bir savaşa çevrilir. Azərbaycana qarşı böyük təxribatlar aparılır və bu bəzən terrora da çevrilə bilir.

Ən təhlükəlisi odur ki, Azərbaycanda dövlətlə xalq arasında böyük bir uçurum yaranıb. Xalq öz dövlətindən qorxur və çəkinir. Çünki dövlət xalqın hüquqlarını tanımır, istəyir əmlak hüququ, istər əmək hüququ olsun, təhsil, sağlamlıq hüququ və s. İstənilən sahədə dövlətlə xalq arasında böyük uçurum yaranıb. Biz bu uçurumları keçməliyik, dövlətlə xalq bütövləşməlidir.
Bizdə əksinə proses gedir. Dövlət xalqdan aralanır və nəticədə ortada müdafiəsiz bir xalq qalır. Bütün hamı yaxşı bilir ki, terror baş verəndə əziyyəti xalq çəkir. İstər təhsil müəssisələrində, istər əmək müəssisələrində, istərsə də cəbhə bölgəsində bu belədir.

Sual: Terror təhlükələri ilə bağlı müşahidələriniz necədir? Azərbaycanda hansı cəhətlərdən terror təhlükələri var?

Cavab: Terror təhlükələri ilə bağlı daha çox İrandan çəkinirəm. İranın Azərbaycana qarşı apardığı siyasət doğrudur hələ dövlət terroru səviyyəsinə çatmasa da işartıları və anlayışları var. Azərbaycan Respublikası vətəndaşlarının fəal kəsiminə bu ölkədə təhlükələr var. Alimlərimiz, son zamanlar iki şairimiz bu ölkədə tutulub. Bununla yanaşı, Azərbaycan həbslə bağlı məlumat istəyir saymırlar. Sonra sərhəd məntəqələrində mübahisələr yaranmışdı. Son günlər Qobustanda Sərhəd Qoşunlarının hərbi hissəsində yanğının baş verməsi mənim üçün müəmmalıdır. Mən bunları təhlükə sayıram. Çünki hərbi hissə elə yerdədir ki, yoldan kənardır. Burada hərbi hissənin içərisinə sızan qüvvələr var və ya orada qayda-qanunsuzluq o səviyyədədir ki, təhlükəsizlik qaydalarına əməl edilmir. Amma, sərhədçilərin o qədər də qayda-qanuna riayət etməməməsini gözləmirəm. Sərhəd qoşunları tamamilə başqa ənənəyə malik qoşun növüdür, burada belə qayda-qanunsuzluq ola bilməz. Son olaraq, Heydər Əliyev Mərkəzindəki yanğın təhlükəsizlik tədbirlərinin çox aşağı olması qənaətinə gətirir. Bu hadisələrdə mən terror imkanının reallığını 100-də 80 kimi qiymətləndirirəm.

Sual: Son zamanlar İsrailin, Amerikanın Azərbaycandakı səfirliklərinə terror təhlükəsi ilə bağlı qabaqlayıcı xəbərlər yayıldı. Fikrinizcə, bu xəbərlər həqiqətdir, yoxsa uydurmalardır?

Cavab: Bu məlumatlarda uydurmalar yoxdur. Bunlar həqiqətə çox yaxındır. Sadəcə, Azərbaycanın hüquq mühafizə orqanlarının xarici xüsusi xidmət orqanları ilə razılaşmalarının nəticəsidir ki, hələ böyük terror hadisələrindən qorunuruq. Xüsusilə xarici dövlətlər Azərbaycanda onların vətəndaşlarına törədiləcək mümkün terror hadisələri barədə qabaqcadan Azərbaycan xüsusi xidmət orqanlarına xəbər verir. Terrorun hədəfi Azərbaycan vətəndaşları olanda burada axsamalar özünü göstərir.

Sual: Azərbaycanda keçirilən Eurovision mahnı müsabiqəsindən sonra Azərbaycan təhlükəsizlik orqanları terror aktı hazırlayan mütəşəkkil dəstənin zərərsizləşdirilməsi ilə bağlı məlumat yaydı. Necə hesab edirsiniz, bu real idi?

Cavab: Mənə elə gəlir ki, realdır. Başqa söz deyilə bilməz. Düzdür qurunun oduna yaş da yanır.
Azərbaycan təhlükəsizlik orqanlarında peşəkarlar var və onlar işlərini yüksək səviyyədə apara bilir. Yenə deyirəm, realdır. Orada terrora hazırlıq olub və görülən qabaqlayıcı tədbirlər məqsədəuyğundur.

Sual: Perspektivdə Azərbaycanı hansı istiqamətli terror hadisələri gözləyə bilər?

Cavab: İnsanların azadlıqları olanda terror azalır. İnsanların həyatları istər dövlət, istərsə də ictimaiyyət tərəfindən (Azərbaycanda ictimaiyyət belə təsirlərə malik deyil) məhdudlaşdırılanda terror təhlükəsi artır.
Ümumiyyətlə isə Azərbaycan terror savaşının içindədir. Bunu heç kim dana bilməz. Çünki, bizim sülhməramlı qüvvələrimiz xidmət aparır. Azərbaycan qlobal məkanda terrorizmə qarşı mübarizə aparır. Bu müsbət hadisədir. Azərbaycan hərbiçiləri, xüsusi xidmət orqanları bu mübarizədə iştirakla yaxşı təcrübə qazanır.
Bir daha deyirəm, Azərbaycan istəsə də, istəməsə də terror savaşının içindədir. Xüsusilə ərəb baharından irəli gələn proseslər də Azərbaycanı böyük bir sürətlə o burulğanın içərisinə dartıb aparır. Biz ora gedirik. Sadəcə bizim hazır olub-olmayacağımız məsələsi var. Elə bir vəziyyətə düşə bilərik ki, həmin prosesə tam hazırlıqsız olarıq. Burada böyük panika yarana bilər, dövlətin stabilliyinin qorunması dövlət orqanlarının nəzarətdən çıxa bilər və burada bizi böyük təhlükələr gözləyə bilər. Çünki gözümüzün qabağındadır. Dini təbliğat aparan şəxslərin bəzi qanadları var ki, onların hansı təşkilata mənsub olmaları barədə informasiyamız belə yoxdur. Amma, yanımızda göbələk kimi artırlar və getdikcə təsir imkanları artır. Bu halda dövlətlə xalq arasındakı uçurum böyük təhlükədir. Dövlətlə xalq birləşə bilməsə bizi böyük təhlükələr gözləyə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG