Accessibility links

Nəqliyyat nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib (ekspert rəyi)


Ramin Quluzadə

Ramin Quluzadə

Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Beləliklə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yeni yaradılmış nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Bununla yanaşı, nəqliyyat naziri Ziya Məmmədovun bundan sonra hansı vəzifə daşıyacağı barədə məlumat verilmir.

İqtisad elmləri doktoru Vüqar Bayramov hesab edir ki, Nəqliyyat Nazirliyinin ləğvi gözlənilən idi.

“Son illər sözügedən ləğv edilmiş nazirliyin səlahiyyətləri mərhələli şəkildə müxtəlif dövlət qurumları arasında paylaşdırılmışdı”.

Ekspertin fikrincə, Nəqliyyat Nazirliyinin ləğv edilərək məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğun atılan addımdır.

“Finlandiya, Avstriya, Norveç, Almaniya (Nəqliyyat və Digital İnfrastruktur formasında), Bolqarıstan, Masidoniya, Kipr, Türkiyə, Andorra, Çili, Peru, İsveçrə (federal department formasında), Latviya, Bosniya və Herseqovina, Qətər, Oman, Myanmar və bir sıra ölkələrdə nazirliklər bu və ya oxşar adlar ilə fəaliyyət göstərirlər”.

Bayramov hökumətin bu addımdan sonra Azərbaycanda struktur islahatların davam etdirilməsini çox vacib sayır.

“Struktur islahatları çevik idarəetmə, xərclərə qənaət və xeyili dərəcə şəffaf menecment deməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2011-ci ildə hazırladığı struktur islahatları paketində nəzərdə tutulan bir sıra təkliflər ötən müddətdə reallaşsa da bir sira təkliflərimizin növbəti dövrdə reallaşmasını məqsədəuyğun hesab edirik. CESD “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılmasını, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi və ayrıca idarə kimi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməsini, İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılması, onun bazasında Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qismininsə İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsini (bu nazirliyin bazasında Yanacaq Energetika Departamentinin yaradılması) və digər islahatların aparılmasını təklif edir”, ekspert qeyd edir.


XS
SM
MD
LG