Accessibility links

Teymuraz Şaraşenidze: Rusiyanın Gürcüstana təcavüzünün başlanğıcı 1990-cı illərə gedib çıxır


Teymuraz Şaraşenidze: Rusiyanın Gürcüstana təcavüzünün başlanğıcı 1990-cı illərə gedib çıxır
Teymuraz Şaraşenidze: Rusiyanın Gürcüstana təcavüzünün başlanğıcı 1990-cı illərə gedib çıxır

BMT, Avropa İttifaqı, Avropa Parlamenti, NATO və digər təşkilatlar Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.

Rusiyanın Gürcüstana təcavüzünün başlanğıcı 1990-cı illərə, respublikanın öz müstəqilliyini yeni bərpa etdiyi vaxtlara gedib çıxır. Turan agentliyinin məlumatına görə, bu barədə Gürcüstanın Bakıdakı səfiri Teymuraz Şaraşenidze Rusiyanın bu ölkəyə təcavüzünün 3-cü ildönümünə həsr olunmuş mətbuat konfransında bildirib.

Gürcüstanın qərbyönlü siyasəti ilə əlaqədar Rusiya gürcü muxtariyyətlərində etniklərarası münaqişələri qızışdırmağa, separatçıları silahlandırmağa başlayıb. Rusiya xüsusi xidmət orqanlarının və hərbçilərin köməyi ilə Abxaziya və Cənubi Osetiyada münaqişələrə təhriklər olub. Gürcüstanın Müstəqil Dövlətlər Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması və münaqişə zonalarında rusiyalı sülhməramlıların yerləşdirilməsi ölkənin ərazi bütövlüyünün bərpasına gətirib çıxarmadı. 1990-cı ilin sonlarında Tbilisinin Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz nəqliyyat dəhlizi kimi enerji və nəqliyyat layihələrini dəstəkləməsi Moskvanın narazılığını daha da artırıb. Çeçenistan müharibəsi zamanı bu ölkəyə zərbələrin endirilməsi üçün Gürcüstanın öz ərazisini Rusiyaya verməkdən imtina etməsi Pankisi dərəsinin bombalanmasına səbəb olub. Sonra Rusiya Gürcüstana viza rejimini tətbiq edib, şərab idxalına qadağa qoyub. “Qızılgül inqilabı”ndan sonra münaqişələrin nizamlanması ilə bağlı Tbilisinin dinc təşəbbüslərinin qarşısı Abxaziya və Cənubi Osetiyada marionet rejimlər tərəfindən alınıb. Gürcüstanın NATO-ya daxil olmaq istiqamətində səylərini artırması bu ölkəyə təzyiqləri gücləndirib. 2008-ci il 8 avqust müharibəsinə gəlincə, ondan əvvəl Gürcüstanın şimal sərhədlərində Rusiya qoşunlarının konsentrasiyası, separatçı Cənubi Osetiyada hərbi təxribatlar, Gürcüstanın polis postunun atəşə tutulması və s. gəlir. Bütün bunlar açıq təcavüzə və gürcü ərazilərinin işğalına gətirib çıxarıb. Nikola Sarkozinin vasitəçiliyi ilə imzalanmış sazişə baxmayaraq, rusiyalı hərbçilər Gürcüstan ərazilərində qalmaqda davam edirdilər və yalnız Gürcüstan üçün yük gətirən ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri Qara dənizə daxil olduqdan sonra çəkilməyə başladılar.
Rusiyanın hərbi təcavüzü bu gün də davam edir. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla onların ərazisində iri qüvvələr cəmləşdirir, yeni bazalar tikir, Gürcüstana qarşı təxribat davam edir. Bu müddətdə 12 terror aktı törədilib. Bundan əlavə, Rusiya Avropa İttifaqının müşahidəçilərinin işinə mane olur, onları Rusiya hərbçilərinin nəzarət etdiyi ərazilərə buraxmır, onlara polis funksiyasının verilməsi ilə razılaşmır. Rusiya tərəfindən mümkün müharibənin qarşısını almaq üçün Gürcüstan dünya birliyi ilə hansı addımları atır?, - sualının cavabında səfir bildirib ki, Tbilisi bundan ötrü bütüm diplomatik səyləri göstərir və tərəfdaşlar da bunu dəstəkləyir. O, buna misal kimi ABŞ Senatının bu yaxınlarda qəbul etdiyi qərarı göstərib. Qərarda Rusiya hərbçilərinin Gürcüstan ərazisində olması işğal kimi tanınıb və qoşunların çıxarılması tələb olunub. Səfirin sözlərinə görə, BMT, Aİ, Avropa Parlamenti, NATO və digər təşkilatlar da Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. “Gürcüstan hazırlaşır lakin biz silahlanmırıq. Biz dünya birliyini hazırlayırıq, lakin silahlanmırıq. Çünki, silahlı münaqişənin nəyə gətirdiyini başa düşmüşük və dərk edirik”, - deyə Şaraşenidze vurğulayıb.

Səfir Ermənistandakı Rusiya hərbi bazasının Gürcüstan üçün təhlükə olub-olmaması barədə sualın cavabından yayınaraq bildirib ki, bu, mətbuat konfransının mövzusu deyil. Eyni zamanda əlavə edib ki, “regionda başqa dövlətin istənilən hərbi bazası sözsüz ki, region üçün təhlükədir”. Avqust müharibəsinin Gürcüstan, həm də onun qonşuları üçün dərs, təhlükə, xəbərdarlıq olması barədə Dmitri Medvedevin bəyanatını necə qəbul etmək lazımdır? Bu sualın cavabında səfir deyib ki, hər kəs öz bildiyi kimi başa düşür. Necə deyib, necə başa düşür, onun özündən soruşmaq lazımdır. Lakin, mən sizə məsləhət görərdim ki, bunu belə başa düşəsiniz: Rusiyanı vasitəçi götürmək lazım deyil, əks halda, Gürcüstanla baş verənlər ola bilər”.

XS
SM
MD
LG