Accessibility links

Vaşinqtonun araşdırma mərkəzlərinin ABŞ siyasətinin formalaşdırılmasında rolu


RAND korporasiyası Amerikada ən böyük araşdırma mərkəzlərindən biridir
RAND korporasiyası Amerikada ən böyük araşdırma mərkəzlərindən biridir

Bəzən "beyin mərkəzləri" adlanan bu təşkilatlar Vaşinqtonda məsələlərin təhlil edilməsi və siyasi qərarların verilməsi prosesinin ayrılmaz hissəsidir

Vaşinqtonda müxtəlif araşdırma mərkəzləri mövcuddur. Bunların bəzisi sosial məsələlər, iqtisadiyyat və ya müdafiə məsələləri ilə məşğul olur. Bu təşkilatların hamısı siyasi mövqedən tutmuş, idarəçiliyin müxtəlif sahələrinə qədər mövqelərini bildirir. Çox vaxt bu mərkəzlərdə əvvəlki administrasiyanın nümayəndələri çalışır.

Vaşinqton dünyanın bir sıra paytaxt şəhərləri kimi müxtəlif fikirlərlə doludur və hər bir mövzu burada araşdırılır. Araşdırma mərkəzlərinin özü də burada yerləşir. Bəzən "beyin mərkəzləri" adlanan bu təşkilatlar Vaşinqtonda məsələlərin təhlil edilməsi və siyasi qərarların verilməsi prosesinin ayrılmaz hissəsidir.

İlk və ən tanınmış belə təşkilatlardan biri RAND korporasiyasıdır. Öz adını ingilis dilində araşdırma və inkişaf sözlərinin qısaldılmış formasından götürmüş RAND İkinci Dünya müharibəsindən sonra yaradılmışdır. Media məsələləri üzrə direktor Cefri Hiday "beyin mərkəzləri" ifadəsinin tarixini izah edir.

“Bunun əsas ideyası insanların öz fikirlərini gəlib söyləyib, birlikdə fikirləşə bilmələrindən ibarət idi. Onun əsasında dünyanın nizamını yaratmaq, dünyanı yaxşılaşdırmaq dururdu. Bu, RAND əvvəl yaranmağa başladığı vaxt üçün düzgün ad idi və biz indi bununla tam razı deyilik. Biz özümüzü araşdırma ilə məşğul olan təşkiilat adlandırmaq istəyirik.”

ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton hazırda Vaşinqtonda Amerika Sahibkarlıq institutu adlanan araşdırma mərkəzində işləyir. O, təşkilatda tədqiqatçı-alimlər, keçmiş hökumət rəsmiləri və siyasətlə maraqlanan və siyasi məsələlərə dair yazılar yazan insanların çalışdığını deyir.

“Burada xarici əlaqələr, müdafiə, səhiyyə və makro-iqtisadiyyat sahəsində ekspertlər var. Burada ictimai siyasət məsələlərilə məşğul olan insanlar çalışır. Biz Konqres və icraedici hökumətdə siyasi qərar verən insanlar, ya da korporasiyalar, birliklər və mətbuat üçün hesabatlar yazırıq.”

Səfir Boltonun təsvir etdiyi iş Vaşinqtonda bir çox araşdırma mərkəzlərinə aid edilə bilər. Lakin bu təşkilatların bir hissəsi Yaxın Şərq, mühacirət, ya da narkotik maddələr alveri kimi müxtəlif spesifik məsələlərlə məşğul olur. Bununla yanaşı, böyük ideoloji və siyasi nüfuza malik təşkilatlar da var ki, onlar məsələlərin təhlili nəticəsində strukturlar yaradır.

Belə araşdırma mərkəzlərini dünyanın başqa ölkələrinin paytaxtlarında tapmaq mümkün olsa da, Corctaun universitetində ictimai siyasət məsələləri üzrə tədqiqatçı professor Mark Rom deyir ki, Birləşmiş Ştatlarda bu təşkilatlar bir sıra səbəblərə görə daha böyükdür.

“Birləşmiş Ştatlar başqa ölkələrlə müqayisədə sosial elmi araşdırma sahəsində böyük tarixə malikdir, buna görə də burada hökumətə təsir göstərəcək siyasi sahədə işləyən çox adam var. Araşdırma mərkəzlərini maliyyələşdirmək istəyən korporasiyalar var. Buna görə də, araşdırma mərkəzləri burada beynəlxalq standartları götürdükdə yaxşı maliyyələşdirilir. Yenə də Konstitusiya xalqa hökumətə müraciət etmək hüququnu verb. Araşdırma mərkəzləri də deyir: ”Bizim fikrimizcə, siz bunu etməlisiniz. Bu, yaxşı olar. Özü də bu Konstitusiya ilə müdafiə olunur.”

Araşdırma mərkəzlərinin əsas işi siyasi qərarlar verən adamları araşdırmaların nəticələri ilə tanış etmək olsa da, bəzi təşkilatlar öz fəaliyyət dairəsini genişləndirərək hər hansı bir tərəfi təmsil etməklə məşğul olur, ya da hansısa mövqeyi müdafiə edir.

XS
SM
MD
LG