Accessibility links

Təhlil: ABŞ qüvvələri İraqı tərk edir

  • Asgar Asgarov

Avqustun 31-də Prezident Barak Obama Iraq müharibəsinə dair nitq söyləyəcək. Həmin tarixdə bütün ABŞ döyüş briqadaları İraqı tərk etmiş olacaq. İraqda isə təhlükəsizlik həssas olaraq qalır və analtiklər ABŞ-ın daha çox diplomatiyaya arxalanmasının effektivliyini müzakirə edirlər .

Prezident Obama deyir ki, ABŞ-ın İraqla bağlı öhdəlikləri hərbi müstəvidən diplomatik müstəviyə keçir. ABŞ-ın Bağdaddakı səfirliyi dünyada ən böyük səfirlikdir. Vaşinqton başqa dörd İraq şəhərində konsulluqlar açmağı planlaşırır. Şimali Ərbil şəhərində diplomatlar ərəblərlə kürdlər arasındakı gərginlikləri azaltmağa çalışacaqlar. Bəsrədəki konsulluq isə ABŞ şirkətlərinə neftlə zəngin ərazidə əməliyyatlarını qurmağa yardım göstərəcək.

Minlərlə Amerika əsgəri İraqı bu ay tərk edib. Manal Ömər ABŞ Sülh İnstitutunda İraq proqramına rəhbərlik edir. O, deyir ki, iraqlılar gələcəkdə nə baş verəcəyindən nigarandırlar:

“Onlar Obamanın dediklərini eşidirlər, lakin həqiqətdə amerikalı əsgərlərin ölkədən iri miqyasda çıxdığını müşahidə edirlər. İraqlıları düşündürən sual budur: amerikalılar bizi tərk edəcəklərmi?”

İraqda qalacaq 50 minlik ABŞ hərbi kontingenti amerikalı vətəndaşların təhlükəsizliyini təmin edəcək və qiyamçılara qarşı mübarizədə İraq qüvvələrinə kömək edəcək.

2011-ci ildə isə qoşunların yerdə qalan hissəsi İraqı tərk edəcək. Lakin ABŞ qüvvələrinin İraqdakı komandanı general Rey Odierno əsgərlərin bu müddətdən sonra da İraqda qala biləcəyini söyləyir.

Brookings İnstitutunda İraq üzrə ekspert kimi çalışan Ken Pollak deyir ki, bəzi iraqlılar ABŞ qüvvələrinin qalmasını istəyir: “Belə bir təsəvvür var ki, amerikalılar İraqı tərk edirlər, onlar bütün əsgərlərini çıxarırlar və İraqda nə baş verəcəyi onların vecinə deyil. Bu, İraq cəmiyyətində real qorxu yaradır. İndi hər iraqlı ABŞ-ın tərk etməsini istəyir, amma amerikalıların bunu edəcəyi onları vahiməyə salır.”

Yeni İraq hökumətinin formalaşmaması da ABŞ səylərinə əngəl törədir. Baş nazir Nuri əl Maliki və sabiq baş nazir Ayad Ələvi bir-biri ilə mübarizə aparırlar. Cənab Ələvinin partiyası az səs fərqi ilə mart seçkilərində qələbə çalıb.

Pollak bu yaxınlarda İraq rəsmiləri ilə görüşüb və onun sözlərinə görə dalana dirənmiş situasiyanın yaxın günlərdə həll olunacağı gözlənilmir.

XS
SM
MD
LG