Accessibility links

Gələn il Rusiya prezidenti Dmitri Medvedev baş nazir Vladimir Putinlə vəzifələri dəyişəcək.

Siyasi ekspertlər Vladimir Putinin gələn ilki seçkilərdə namizəd olacağını bəyan etməsindən təəccüblənmədiklərini deyirlər.

Robert Leqvold Kolumbiya Universitetində Rusiya üzrə ekspertdir.

“İnsanlar bir müddət bu haqda fikirləşirdilər. Çoxları bilirdi ki, əvvəl-axır məsələ onların ikisi arasında həll olunacaq,” o, söyləyir.

Bir çox analitiklər hesab edir ki, Medvedevlə Putin arasındakı yerdyişmə gələn martda keçiriləcək seçkiləri şouya çevirir.

Amma Karnegi Sülh Fondunda Rusiya üzrə ekspert qismində çalışan Metyu Royanski məsələyə başqa bucaqdan baxır:

“Düşünmürəm ki, belə olmasaydı, bu seçkilər şou olmayacaqdı. Problem Putin və ya Medvedevin namizəd olmasında deyil. Problem ondadır ki, cəmiyyətdə siyasi qüvvələrin rəqabət aparması üçün şərait yoxdur.”

Son illər ərzində Rusiya rəhbərliyi media üzərində nəzarəti gücləndirmiş və siyasi müxalifəti susdurmuşdur. Ona görə də ekspertlər Putinin seçkiləri udacağını və sonrakı səsvermədən yenidən qalib çıxaraq 2024-cü ilədək hakimiyyətdə qalacağını proqnozlaşdırırlar: “Onun formal ofis olmadan hakimiyyəti idarə etməsi Stalindən bəri mövcud olmayıb. Putinin ətrafında şəxsiyyətə pərəstiş kultu yaranıb və o, bu kultdan yararlanır,” deyə Royanski bildirir.

Bir çox təhlilçilər Putinin Rusiyada xeyli populyar olduğunu deyirlər.

Amma Robert Leqvold eyni sözlərin Rusiya hökumətinə şamil olunmadığını deyir: “Zənnimcə o, istəyir ki, şəxsi populyarlığından rejimə ictimai dəstək toplamaq məqsədilə istifadə etsin. Çünki rusların ona münasibəti ilə hökumətə münasibətləri arasında ciddi fərq var.”

Metyu Royanski hesab edir ki, Putunlə Medvedev komanda kimi fəaliyyət göstərirlər: “Düzdür, bu komandada Medvedev assistent qismində çıxış edir, amma bütün hallarda siyasi perspektivi olmamış Medvedevə Putin lazım olduğu kimi Putinə də Medvedev lazımdır ki, ictimai düşüncədə hakimiyyət bölgüsü illuziyası yaransın.”

Bütün hallarda Putin-Medvedev komandasını qarşıda siyasi sistemin açılması və korrupsiyaya qarşı mübarizə kimi çətin vəzifələr gözləyir. Hələlik isə onlar bu məsələdə hansısa irəliləyişə nail olduqlarını sübut etməyiblər.

XS
SM
MD
LG