Accessibility links

Təhlil: Rusiyanın Şimali Qafqaz problemi

  • Əsgər Möhsümoğlu

Təhlil: Rusiyanın Şimali Qafqaz problemi

Təhlil: Rusiyanın Şimali Qafqaz problemi

Müstəqil hərbi analist Aleksandr Qolts deyir ki, son iki müharibə, avtoritar liderlər və ağır polis mövcudluğu göstərir ki, Şimali Qafqazda təzyiq imkanları tükənib.

Dağıstanda baş verən növbəti əkiz terror aktlarının ardınca ən azı 12 nəfər həlak olub. Ölənlərdən doqquzu polis işçiləridir. Son terror aktı Moskvada metro stansiyalarında baş verən qanlı intiharçı hücumlarından bir gün sonraya təsadüf edir.

Rəsmi Moskva metro hücumlarının arxasında Şimali Qafqazda qərargahlanan terror qruplaşmalarının dayandığını güman edir. Baş nazir Vladimir Putin terrorçuları pisləyərək onların məhv ediləcəyini bildirib: "Biz bilirik ki, indi onlar üzdə deyillər. Lakin bu hüquq mühafizə orqanları üçün şərəf məsələsidir ki, onları kanalizasiyanın dibindən işığa çıxarsın. Əminəm ki, bu, baş verəcək."

Çeçenistan qiyamçılarının başçısı Doku Umarov Moskva hücumları üçün məsuliyyəti öz üzərinə götürüb. O, Rusiyanı yanvarda ayında internetdə hədələyib: "Əgər ruslar düşünürlərsə ki, müharibə uzaq Qafqazdadır, onda, Allaha şükr olsun, biz müharibəni onların evlərinə gətirəcəyik."

Rusiya Çeçen separatizminə qarşı 1990-cı illərdən bəri iki müharibə aparıb. Ölənlərin sayının 100 mini ötdüyü təxmin olunur. Bu itkilər qara dul fenomeninə yol açıb ki, bunlar ərlərini, atalarını və ya oğullarını itirmiş və bu üzdən intiharçılığa üz tutmuş qadınlardır. Moscow Times qəzeti xəbər verir ki, 2001-ci ildən bəri 900 rusun ölümünə bais olan təqriən 40 qiyamçı hücumundan üçdə ikisində qadınlar da iştirak edib. Bazar ertəsi Moskvada baş verən terror hücumlarında qara dulların iştirakından şübhələnilir.

Bir çox analistlər Kremlin terrorçuları məhv edə biləcəyinə şübhə ilə yanaşırlar. Rusiya Elmlər Akademiyasının Qafqaz şöbəsinin müdiriri Sergey Arutyunov deyir ki, Çeçen rəsmiləri tənqidçilərini susdurmaq məqsədilə qiyamçıları öldürdükcə bu növ səylər insanları qəzəbləndirə və daha çox qan axmasına səbəb ola bilər: "Qiyamçılar xüsusi təyinatlıların bəzi nümayəndələrinin törəddikləri qara əməllərə və korrupsiyaya işıq sala bilərlər və lazım olan da elə budur."

Bu arada Kreml Moskvaya loyal liderləri regiona rəhbər təyin edib ki, Çeçenistan prezidenti Ramzan Kadırov bunlardan ən tanınmışıdır.

İnsan haqları qrupları Kadırovu və onun qüvvələrini insan oğurluğunda və qətllərdə günalhandırırlar.

İyulda Rusiyada qətlə yetirilmiş araşdırıcı jurnalist Nataliya Estemirovanın qətlində hökumətin əli olduğu güman edilir. Estermirova Çeçenistanda polisin, hakimlərin, siyasətçilərin və bürokratların törətdiyi cinayət əməllərini aşkarlamağa çalışırdı.

Qonşu Dağıstan və İnquşetiyada da hökumət rəsmiləri mütəmadi olaraq terror hədəflərinə çevrilir.

Müstəqil hərbi analist Aleksandr Qolts deyir ki, son iki müharibə, avtoritar liderlər və ağır polis mövcudluğu göstərir ki, Şimali Qafqazda təzyiq imkanları tükənib.

Onun sözlərinə görə yeganə çıxış yolu bütün Rusiya boyu həqiqi idarəçilik təsisatlarının yaradılmasıdır.

"Bu, qanunun aliliyini bərqərar etmək, polis dövləti ideyasını rəddetmək və səlahiyyət bölgüsünü təsbit etmək deməkdir. Bunlar adi şey kimi görsənir, amma təsisatlar yaratmağın yeganə yoludur ki, bunlar çətinliklər bahasına olsa da Şimali Qafqazda həyata keçirilməlidir."

Rusiya regionu 19-cu əsrdə işğal edəndən bəri burada az şey dəyişib. Heykəli baş nazir Vladimir Putinin idarəsi ilə üz-üzə olan yazıçı Taras Şevçenko o zaman qanlı mübarizədən yazırdı. O, Çeçenistan haqda yazılmış Qafqaz şerinə bu cümlə ilə başlamışdı: “Buludlara bürünmüş sıra-sıra dağlar - kədərlə toxumlanmış, qanla suvarılmış…” 1845-ci ildə qələmə alınmış fikirlər bu gün də aktuallığını saxlayır.

XS
SM
MD
LG