Accessibility links

Təhlil: Türkiyənin daxili siyasətində "zəlzələ"


Kemal Kılıcdaroğlunun təvazökar imici var. O, sadə geyinir və sürücülü limuzunlər əvəzinə ictimai nəqliyyata üstünlük verir.

Türkiyədə ana müxalifət partiyasının sakit və təmtərağı sevməyən yeni lideri mediada “Türkiyənin Qandisi” kimi tanınır. Amerikanın Səsinin müxbiri Dorian Consun İstanbuldan göndəridiyi reportajda yeni liderin seçilməsi Türkiyə siyasətində zəlzələ kimi dəyərləndirilir.

61 yaşlı Kemal Kılıcdaroğlu əksər səs çoxluğu ilə Respublikaçı Xalq Partiyasının (CHP) rəhbəri seçildi. İlk nitqində Kılıcdaroğlu partiyasını öz mərkəz-solçu köklərinə qaytaracağını vəd etdi.

Bu, sələfi Deniz Baykalın nitiqindən xeyli fərqli idi. 20 il CHP-yə rəhbərlik etmiş Baykal bu yaxınlarda seks skandalı ilə əlaqədar vəzifəsindən istefa verdi.

Baykalın rəhbərliyi altında müşahidəçilər CHP-nin millətçi sağa meyl etməsi və hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə sonuncunun yalnız Türkiyənin dünyəvi dövlət quruluşuna zərbə endirdiyi məqamlarda toqquşduğunu bildirir.

Kılıcdaroğlunun qalxması ilə həmin günlər artıq arxada qalıb.

Yeni və mülayim xarakterli lider öz giriş çıxışında dünyəviçilikdən söz açmadı. Əvəzində, o, sosial ədalətsizliklərə və Türkiyənin xroniki işsizlik probleminə diqqət yetirdi.

Milliyet qəzetinin siyasi köşə yazarı Semih İdiz deyir ki, bu, qələbənin formulası ola bilər:

"Azacıq sola meyl edən insanların səs verməyə partiyası yox idi. İctimaiyyət uzun müddətdir ki, CHP-də dəyişikliyə çağırırdı. Ola bilsin ki, Kılıcdaroğlu bu partiyanı büsbütün dəyişəcək."

Əvvəlki lider özünün bədrəftar xasiyyəti ilə bir sıra müttəfiqləri CHP-dən uzaq salmışdı. Amma indi bu tendensiya dəyişir.

Kılıcdaroğlunun seçilməsindən dərhal sonra iki müstəqil solçu deputat ana müxalifətə keçib. Başqa mötəbər solçu siyasi xadimlər də CHP-yə qayıdıb.

Kılıcdaroğlunun tərcümeyi-halı Türkiyə siyasəti üçün xarakterik deyil. O, Türkiyədə sünni müsəlman icması tərəfindən tez-tez ayrıseçkiliyə məruz qalan proqressiv Ələvi təriqətinin üzvüdür. O, həmçinin ölkənin əsasən kürdlər məskunlaşan bölgəsindən gəlib.

Kılıcdaroğlunun təvazökar imici var. O, sadə geyinir və sürücülü limuzunlər əvəzinə ictimai nəqliyyata üstünlük verir. O, həmçinin mülayim səslə danışır və tonunu demək olar ki, heç vaxt qaldırmır. Bu üzdən də türk mediasında ona “Türk Qandi” deyirlər.

Korrupsiya qalmaqalları məngənəsində çırpınan ölkədə Kılıcdaroğlu karyerasını rüşvətə və qanunsuzluğa qarşı mübarizə üzərində qurub. İstanbul küçələrində hələ ki, Kılıcdaroğlunun seçilməsinə reaksiyalar müsbətdir.

“Kılıcdaroğlu vicdanlıdır. Onun ideyaları bizimkilərə bənzərdir. Ümid edirəm o, daha da qüdrətli olacaq,” deyə birisi dillənir.

“Mən onun partiyasını dəstəkləmirəm, amma o, dəyişikliklər edə bilər ki, bu ölkənin mənfəətinə olsun,” deyə başqa müsahib bildirir.

Rəy sorğuları göstərir ki, Kılıcdaroğlunun lider seçilməsi daha çox səs cəlb edəcək. Gələn il keçiriləcək seçkilər ərəfəsində Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldiyindən 8 il sonra ən ciddi rəqiblə üzləşir. Türk mediası bunun demokratiya üçün yaxşı olduğunu deyir.

XS
SM
MD
LG