Accessibility links

Təhsil naziri dindarların etirazını xaricdə və daxildə olan müəyyən fikirli qurumların təşkil etdiyini deyib


Təhsil naziri dindarların etirazını xaricdə və daxildə olan müəyyən fikirli qurumların təşkil etdiyini deyib
Təhsil naziri dindarların etirazını xaricdə və daxildə olan müəyyən fikirli qurumların təşkil etdiyini deyib

Dövlət rəsmiləri dindarları qanunvericiliyə əməl etməyə çağırıb

Azərbaycanda dövlət orta məktəblərinə hicablı şagirdlərin buraxılmaması dindarlar tərəfindən etirazla qarşılanıb. Bir neçə gün öncə yüzlərlə dindar Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Təhsil naziri Misir Mərdanov “Amerikanın səsi” radiosuna bildirib ki, orta məktəblərə bütün şagirdlər müəyyən edilmiş məktəbli formasında gəlməlidir. “Təhsil Nazirliyi heç kimin dindən imtina etməsini demir. Biz hamımız müsəlmanıq. Ancaq orta məktəblərə bütün şagirdlər müəyyən edilmiş məktəbli formasında gəlməlidir. Bu, “Təhsil haqqında” qanunun 14.10-cu maddəsində əksini tapıb”.

Nazir bildirib ki, hər kəs məktəbdən sonra istədiyinə uyğun geyim forması seçə bilər. O eyni zamanda deyib ki, tarixə nəzər salanda Azərbaycanda bu günkü qədər hicabda gəzən çox insan olmayıb: “Nənələrimiz, analarımız başlarına yaylıq bağlayardı”.
Nazir çoxsaylı dindarın Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirməsi ilə bağlı deyib: “Bu, xaricdə və daxildə olan müəyyən fikirli qurumların təşkil etdiyi haldır. Başqa cür qətiyyən ola bilməz. Mən ayrı-ayrı adamlarla söhbətlər etmişəm”.

Cənab Mərdanov hicabı dəstəkləyən dindarlara müraciət də edib: “Mən sizə müraciət edirəm, səhv yoldan çəkilmək lazımdır. Yolun yarısından da qayıtmaq müsbət işdir. Dinimiz, Peyğəmbərimiz də tələb edir ki, işıq gələn tərəfə getməliyik. Dünyada gedən prosesləri nəzərə alıb hərəkət etməliyik. Biz, işıq gələn tərəfə getməliyik. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, dövlətçiliyinin, Heydər Əliyevin bizə əmanət etdiyi dövlətin qorunması ilə bağlı bir məsələdir. Bu dövlətin xəttidir və biz də bu xətti müdafiə edib alqışlamalıyıq”, - deyə o bildirib.

“Heç kimin konstitusiyanı pozmağa və ya onun müddəalarını dəyişməyə ixtiyarı yoxdur. Bu mənada uşaqların dini hərəkətlərə sövq edilməsi çox ciddi məsələdir”. Bu barədə Milli Məclisin Beynəlxalq Əlaqələr və Parlamentlərarası Münasibətlər Komitəsinin sədri Səməd Seyidov şagirdlərin hicabla orta məktəblərə buraxılmaması barədə “Amerikanın səsi”nin sualının cavabında bildirib.
“Azərbaycan dünyəvi, sivil dövlətdir. İnsanların hansı dinə etiqad etməsindən asılı olmayaraq, din azadlığı tam təmin edilib. Ancaq, biz təhsil sistemimizi inkişaf etdirmək istəyiriksə, dünya dəyərlərini ölkəyə gətirmək istəyiriksə, mütləq sivil dövlətin əsaslarını orta məktəbdə ən yüksək səviyyədə təmin etməliyik”, - deyə o qeyd edib.
Gənclər və İdman naziri Azad Rəhimov da şagirdlərin orta məktəblərə hicabda getməsinin əleyhinədir. “Dövlətdə qanunlar var, qanuna riayət edilməlidir”, - deyə nazir “Amerikanın səsi” radiosuna bildirib.
Milli Məclisin İnsan Hüquqları daimi Komitəsinin sədri Rəbiyyət Aslanova da şagirdlərin orta məktəblərə hicabda getməsinin əleyhinədir. “Azərbaycan demokratik, dünyəvi və hüquqi dövlətdir. Dövlətin dinə münasibəti də dünyəvilik prinsipinə söykənir. Azərbaycanda məktəblər dünyəvidir. Bu baxımdan şagirdlərin orta məktəblərə hicabla gəlməsi mümkün deyil”.
Onun fikrincə, ölkəyə islamın yad modellərinin gətirilməsi düzgün deyil. “Hələ qədimlərdə nənələrimiz, analarımız başlarına bir kəlağayı və ya yaylıq örtərdi. Bu gün Azərbaycana təqdim olunan niqab, qara örtük islamın Azərbaycan modelinə yaddır”.
O xatırladıb ki, gənclərin sabahı üçün valideynlərlə bərabər dövlət də məsuliyyət daşıyır. “Onların layiqli vətəndaş kimi formalaşması və dünyagörüşünün formalaşması üçün dövlət məsuliyyət daşıyır. Dünyəvi dövlətin dünyəvi məktəbinin prinsiplərini pozmaq vətəndaşın dövlət qarşısında vəzifələrini gerçəkləşdirməməsidir”.
Xanım Aslanova həmçinin qeyd edib ki, 18 yaşından sonra vətəndaş dini təhsil ocaqlarında təhsilini davam etdirərsə, həmin şəxsin geyimi sərbəstdir. “Dini təhsil ocaqlarında təhsil alan gənclərin geyiminə dövlət müdaxilə etmir”.
O, eyni zamanda, Azərbaycanda islamın siyasiləşdirilməsi cəhdlərini pisləyib.

XS
SM
MD
LG