Accessibility links

Çin: Tyananmen meydanındakı hücumun məsuliyyətini terrorçular daşıyır


Çin rəsmiləri Pekinin Tyananmen meydanında 5 adamın ölümü, 40 nəfərin yaralanmasına yol açan hücumun məsuliyyətini terrorçuların daşıdığını bildirib.

Onlar maşında olan 3 nəfərin Sincan vilayətindən etnik uyğur azlığına mənsub eyni ailənin üzvü olduğunu deyir.

Hadisə ilə bağlı 5 şübhəli nəzarət altına alınıb. Onların da adlarına istinadən uyğur olduğu bildirilir.

Rəsmilər hücumun olduqca yaxşı planlaşdırıldığını deyir. Bazar ertəsindən bəri Çin mətbuatı hadisə ilə bağlı yalnız bu gün məlumat yayıb və hücumun arxasında olanları qınayıb.

Pekinin Milli Təhlikəsizlik İdarəsinin sözçüsünə istinad edən mətbuat bildirir ki, 3 şübhəli Pekindəki “Qadağan olunmuş şəhər”in girişi yaxınlığındakı körpüdəki hücumdan sonra maşına od vurub. Hadisə yerində 3 nəfər ölüb.

Polis maşının içindən yanacaq, iki bıçaq, dəmir dəyənəklər və ekstremistlərin dini işarəsi ilə bayraq aşkar edib.

Çin həmişə terrorist hücumlarına görə Sincan vilayətindəki uyğurları günahlandırır. Lakin xaricdə yaşayan qruplar hər zaman dəlillərin şişirdildiyindən şikayətlənir.

Polis mehmanxanalarda hadisə ilə bağlı daha 8 sincanlının axtarışını aparıb. Mehmanxana işçiləri şübhəlilərlə bağlı sorğu-suala çəkilib. Onlar siyahıda etnik bir çinlinin də adının olduğunu deyir. Jurnalistlərin siyahını açıqlama xahişi mehmanxana meneceri tərəfindən rədd edilib.

Çinin “Global Times” qəzeti hökumətin hücuma cavabını müsbət qiymətləndirib. Çin ictimai təhlükəsizliyə, ordudan daha çox vəsait sərf edir.
XS
SM
MD
LG