Accessibility links

Dövlət başçısının sərəncamı ilə Bakıda Birinci Moskva Dövlət Tibb Universitetinin filialı yaradılır. Məqsəd ölkədə tibb təhsilinin təkmilləşdirilməsidir.

Moskva ali məktəbinin Bakı filialının yaradılması ilə bağlı məsələlərin həlli və onun maddi-texniki bazasının təşkili Nazirlər Kabinetinə tapşırılıb.

Həmçinin hökumətə tapşırılıb ki, 2015/2016-cı tədris ilindən başlayaraq Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini təmin etmək məqsədi ilə dövlət sifarişi əsasında tələbə qəbulu planı üzrə yerlərin ayrılması ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

Qeyd edək ki, ölkədə 70 ildən çoxdur ki, Tibb Universiteti fəaliyyət göstərir və hər il yüzlərlə həkim, tibb işçisi bu təhsil ocağını bitirir.

Bu ali məktəbin məzunlarının işə düzəlməsi məsələsi uzun illərdir ki, ciddi problem olaraq qalır. Demək olar ki, ölkədə yüzlərlə həkim və minlərlə tibb işçisi iş axtarışındadır.

Digər tərəfdən, bu Moskva Dövlət Universitetinin filialından sonra fəaliyyətə başlayacaq ikinci Rusiya ali təhsil ocağı olacaq.

Azərbaycanda ikinci Rusiya ali məktəbinin filialının açılması 2014-cü ildə Bakıda Qərb təşkilatlarının qrantları ilə layihələr və ictimai maarifləndirmə həyata keçirən “Azad Fikir” Universitetinin bağlanmasından sonraya təsadüf edir.

Azərbaycan hökuməti ölkədə ilk Qərb təmayüllü universitet olan Amerika Universitetini də illər öncə bağlayıb.

XS
SM
MD
LG