Accessibility links

İranda qızıl istehsalının böyük bir hissəsi Azərbaycan bölgələrindən əldə edilir

Əhalisinin çoxu yoxsulluq içərisində yaşayan İran Azərbaycanının müxtəlif bölgələrində təbii sərvətlər və böyük mədənlər mövcuddur.

Təsnim yarı-rəsmi xəbər agentliyinin məlumatına görə, İranda gələcək iki il ərzində qızıl istehsalı 7 tona çatacaq. Bu miqdardan 6 tonu Qərbi Azərbaycan vilayətində yerləşən Tikantəpənin (Tikab) Zərşuran qızıl mədəni, 700 kiloqramı Şərqi Azərbaycan vilayətinin qızıl mədənləri və 300 kiloqramı Nişabur (Xorasan) bölgəsindən əldə ediləcək. Məlumatda bildirilir ki, İranda külçə qızılın istehsalı 7 tona çatanda Tikantəpənin mədənində istehsal iki dəfə artaraq 6 tona çatacaq.

İki il öncə İranda külçə qızılın istehsalı 4.1 ton idi. Lakin bu bahalı metalın istehsalı İranda sabit olmayıb, hətta bəzi illərdə 1432 kiloqrama düşüb. Ötən ildən bəri külçə qızılın istehsalında artım var və hazırda sözügedən qızıl mədəni ildə 3 ton qızıl istehsal etməkdədir.

Qeyd edək ki, Zərşuran qızıl mədəni Tikantəpə şəhərinin 39 kilometrliyində yerləşir. Bu mədən Yaxın Şərqin ən böyük qızıl mədəni hesab edilir.

İran Azərbaycanında bir çox qızıl mədənləri var. Onlara Ağdərə (Tikantəpə), Daşkəsən (Qurvə), Zərşuran (Tikantəpə), Xarvana (Xarvana) və Əxtərçi ( Ərak) mədənləri daxildir.

XS
SM
MD
LG