Accessibility links

Tofiq Türkel: Azərbaycanda dini mühitə təsir İranın siyasətində bir nömrəli məsələ hesab edilir


Tofiq Türkel: Azərbaycanda dini mühitə təsir İranın siyasətində bir nömrəli məsələ hesab edilir
Tofiq Türkel: Azərbaycanda dini mühitə təsir İranın siyasətində bir nömrəli məsələ hesab edilir

Turan İnformasiya Agentliyinin dini məsələlər üzrə eksperti Amerika Dövlət departamentinin Dünyada dini azadlıqlarla bağlı illik hesabatının Azərbaycanla bağlı hissəsini təhlil edib

Turan İnformasiya Agentliyinin dini məsələlər üzrə eksperti Tofiq Türkel Amerikanın Səsi radiosuna müsahibəsində Amerika Dövlət departamentinin Dünyada dini azadlıqlarla bağlı illik hesabatının Azərbaycanla bağlı hissəsinin reallığı əks etdirdiyini bildirib. Onun fikrincə, hesabatda ölkədə dini durum dolğun əksini tapıb.

Sual: Dövlət Departamentinin hesabatı reallığı əks etdirirmi?

Cavab: Hesabatda göstərilən faktlar realdır, gerçəkliyi əks etdirir. Xüsusilə, dini qurumların qeydiyyatı, fəaliyyətinin çətinləşdirilməsi, müəyyən mənada maneələrin yaradılması, rəsmi qurumlar tərəfindən nəzarətin artırılması, qanunvericiliyin sərtləşdirilməsi barədə yazılanlar gerçəkliklərdir.

Sual: Hesabatda digər dini icmalara qarşı müəyyən rəsmi şəxslərin təzyiqlərinin olduğu da yazılır.

Cavab: Təxminlərimizə görə, burada söhbət daha çox Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən gedir. Orada müəyyən dini kitabların qadağan olunması məsələləri var. Dini icmalar deyildikdə isə bunlar xalq arasına sələfilər kimi tanınan vəhabi dini icmasına aid olan məsələdir. Bu qadağalar həmin icmanın üzvlərinin silahlı qarşıdurma yaratmaq cəhdləri və 2008-ci ildə vəhabilrəin özlərinin yığışdığı Əbubəkir məscidində terror aktı törətmələri ilə bağlıdır. Bu hadisədən sonra hakimiyyət həmin məscidi qapatdı və dini icma yenidən qeydiyyata alınmadı.

Digər icmaların qeydə alınmasında da bəzən yubanmalar baş verir. Qanunvericiliyə görə, bu ildən Qafqaz Müsəlmanları İdarəsi qeydiyyata alınacaq dini icmalarla bağlı razılıq tövsiyəsi verəcək.

Sual: Hesabatda xarici təsirlərlə dinə meylliliyin artdığı da qeyd edilir. Bu nə qədər realdır?

Cavab: Burada dini ixracdan söhbət gedir. İlk növbədə, Azərbaycanın dini mühitinə İranın təsir etmək istəkləri üstüörtülü qeyd edilir. Bu tamamilə haqlı mövqedir. Çünki, rəsmi Tehran Azərbaycanın dini çevrəsini, əsasən də bu, çevrənin eyni məzhəbə aid olması baxımından nəzarətdə saxlamağa cəhd edir. Bu İranın Azərbaycana aid siyasətinə bəlkə də bir nömrəli məsələ hesab edilir.

Sual: Sənəddə Azərbaycan digər dinlərə münasibətdə tolerant dövlət kimi xarakterizə edilib.

Cavab: Azərbaycanda dinlərarası hər hansı qarşıdurma və ya toqquşma qeydə alınmayıb. Bu faktdır və reallıqdır, həm də müsbət məqamdır. Amma, dövlət qurumlarının bir sıra dini icmalara qarşı tolerantlığı azdır. Hətta, bəzi məscidlər dağıdılıb. Hicaba olan qadağa da buna sübutdur.

XS
SM
MD
LG