Accessibility links

Tom de Vaal: Dağlıq Qarabağ münaqişəsinin həlli qarşılıqlı etimad tələb edir


Tom de Vaal: Dağlıq Qarabağ münaqişəsinin həlli qarşılıqlı etimad tələb edir

Tom de Vaal: Dağlıq Qarabağ münaqişəsinin həlli qarşılıqlı etimad tələb edir

Karnegi Fondunun Cənubi Qafqaz üzrə mütəxəssisi Tom de Vaal hesab edir ki, Azərbaycan və Ermənistan rəhbərliklərində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tələb olunan qarşılıqlı etimad yoxdur. Onun fikrincə danışıqlarda başlıca maneə Dağlıq Qarabağın yekun statusudur. Tom de Vaalın Amerikanın Səsinin erməni xidmətinə verdiyi müsahibəni sizə təqdim edirik:

Sual: Cari il ərzində Dağlıq Qarabağ sülh danışıqları əsnasında Azərbaycan və Ermənistanın yüksək rütbəli rəsmiləri 8-9 dəfə bir araya gəliblər. Sonuncu dəfə belə bir görüş ATƏT-in Almatıdakı sammiti çərçivəsində baş verdi. Lakin ATƏT Minsk qrupunun həmsədrlərinin verdiyi son bəyanatdan belə aydın olur ki, danışıqlarda proqres yoxdur. Siz sülh prosesinin hazırkı durumunu necə dəyərləndirirsiniz?

Cavab: Zənnimcə, biz bu məqama keçmişdə bir neçə dəfə qayıtmışıq. Məsələ burasındadır ki, iki tərəf məsələlərin 90 faizi üzərində razılığa gələ bilir. Lakin onlar heç zaman 100 faiz razılığa gələ bilməyiblər. Baxmayaraq ki, Prezident Dmitri Medvedev şəxsən müdaxilə edərək iki liderlə saatlarla Soçidə və iyunda Sankt Peterburqda görüşlər keçirdi. İlk öncə biz Ermənistanın Azərbaycandan daha çox entuziazm nümayiş etdirdiyinin şahidi olurduq. Sonra erməni tərəfi Sankt Peterburqda təqdim olunan sənəddən məmnunluğunu ifadə etdi. Burada fundamental problemlər var: Prezidentlər sülh müqaviləsi imzalamaq istəyirmi? Onlar bir-birinə kifayət qədər etibar etmirlər. Mühit əlverişli deyil. Onlar özlərindən soruşurlar: Nə üçün mən bu sənədə imza atmalıyam? Niyə mən irəliyə doğru getməliyəm? Fundametnal problem tərəflər arasında etimadın olmamasıdır. Söhbət burada həm də təhlükəsizlik məsələsini əhatə edən təklifə dair etimadın olmamasından gedir. Həmsədrlərin görə biləcəyi işlərin hüdudu var. Qərarı prezidentlər verməlidir. Onlar uçurumdan aşağı baxır və geriyə addım atırlar. Onlar sazişə qol qoymaq istəmirlər.

Sual: 2007-ci ildən bəri müzakirələr Madrid prinsiplərinə əsaslanıb. Bu il Azərbaycan tərəfi Madrid prinsiplərini dəstəklədiyini elan etdi. Erməni tərəfi də söylədi ki, onlar Madrid prinsiplərinə etiraz etmir. Lakin onlar London bəyannaməsinin ruhunun sənəddə əks olunmasını arzulayırlar. Bu, diplomatik oyundurmu?

Cavab: Madrid prinsipləri çalışır ki, dairəni düzbucaq formasına salsın, və bu anlaşma əldə etmək üçün ağıllı mexanizmdir. Bu dairə daim Dağlıq Qarabağ statusu məsələsində qapanır ki, bu da 1988-ci ilin fevralında münaqişənin başlanmasının səbəbi idi. Sadəcə olaraq iki tərəf fundamental hesab etdikləri prinsiplərdən əl çəkmək istəmirlər. Azərbaycan Qarabağın Azərbaycanın bir parçası olması ideyası ilə vidalaşa bilmir. Qarabağ erməniləri və Ermənistan da Dağlıq Qarabağın müstəqillik hüququ olmasından vaz keçə bilmirlər. Madird prinsipləri müvəqqəti status məsələsini gündəmə gətirməklə dairəni düzbucağa çevirməyə çalışdı. Lakin qarşılıqlı etimadın mövcud olmadığı şəraitdə tərəflər razılıq əldə edə bilmirlər. Onlar torpaqlardan qoşunların çəkilməsi, Laçın dəhlizi, ardıcıllıq və başqa hər şey üzərində razılaşa bilirlər. Lakin bir məsələdə danışıqlar dalana dirənir - Dağlıq Qarbağın statusu.

Sual: Həmsədr ölkələrin prezidentləri Dağlıq Qarabağla bağlı verdikləri son bəyanatda ilk dəfə olaraq daha qabarıq şəkildə sülhməramlı qüvvə məsələsinə toxunmuşdular. Slühməramlı qüvvələrlə bağlı danışıqlar nə yerdədir? Belə görünür ki, böyük qüdrətlər arasında bu məsələ ciddi problemdir.

Cavab: Bu, həqiqətən də problemdir. Erməni tərəfi ilə danışanda belə bir təəssürat yaranır ki, ələlxüsus Qarabağ erməniləri arasında sülhməramlı qüvvə ideyasına etimad azdır. Onlar yalnız özlərinə güvəndiklərini deyirlər. Rusiya və ABŞ arasında da bu barədə kifayət qədər yüksək səviyyədə danışıqlar getməyib. Rusiya hələlik sülhməramlı qüvvə göndərməyə hazır olan yeganə dövlətdir. Qərb qüdrətləri yəqin ki, sülhməramlı qüvvə göndərməyə hazır deyillər. O biri tərəfədən Azərbaycan Rusiya sülhməramlılarını qəbul etməkdə tərəddüd göstərir.

Sual: Ermənistan müxalifətinin liderlərindən biri Levon Ter-Petrosyan deyir ki, Qərb Dağlıq Qarabağ münaqişəsinə marağını itirib. İraq və Əfqanıstanda bir çox problemlər onları bu yönümdə aktivlikdən saxlayır. O, əlavə edib ki, məsələnin açarı Rusiyadadır. Siz bunun doğru olduğuna inanırsınızmı?

Cavab: Bu bir həqiqətdir ki, Qərbin heç zaman Dağlıq Qarabağ məsələsinə güclü marağı olmayıb. Bu elə məsələdir ki, Barak Obama və Hillari Klintonun çox vaxtını ala bilər. Və məsələnin asan perspektivləri yoxdur. Təbii ki, onlar problemin həll edilməsini istəyirlər, amma buna sərf ediləcək səylərin həcmi başqa məsələdir. Rusiyanın bu məsələdə həvəsi dəyişkəndir. Burada Vaşinqtonda bir çoxları Rusiyanın məramlarına şübhə ilə yanaşırlar. Zənnimcə, cənab Medvedevlə Putinin məsələyə münasibətləri arasında müəyyən fərqlər mövcuddur. Medvedev Madrid sənədi üzərində çoxlu vaxt sərf etdi. O, Soçidə 6 saat vaxt sərf etdi. Bu, onu göstərir ki, Rusiya prezidenti məsələni ciddi qəbul etməklə Rusiyanın konfliktdəki maraqlarını vurğulayır.

XS
SM
MD
LG