Accessibility links

Təhlükəsizlik və xarici siyasət üzrə ekspert Tom Rogan Amerikanın Səsinə müsahibədə Türkiyədə baş verən son olayları və baş verənlərin Qərb-Türkiyə münasibətlərinə mümkün təsirlərini şərh edib. Onun sözlərinə görə Qərb hökumətləri Prezident Rəcəb Tayyib Ərdoğana aydın etməlidir ki, Türkiyədə demokratik təsisatlara davamlı basqılar onun ölkəsi ilə Qərb arasındakı münasibətlərə mənfi təsir göstərəcək. Rogan hesab edir ki, Türkiyənin demokratik dövlət olaraq mahiyyəti Qərb üçün olduqca önəmlidir.

Amerikanın Səsi: Həftəsonu Türkiyədə baş verən çevriliş cəhdi ABŞ-Türkiyə münasibətlərinə necə təsir göstərə bilər?

Thomas Rogan, National Review

Thomas Rogan, National Review

Tom Rogan: Bunu dəqiq söyləmək üçün bizdə hələlik adekvat informasiya yoxdur. Əlbəttə, qeyd etmək lazımdır ki, baş verənlər Prezident Rəcəb Tayyib Ərdoğanı gücləndirib. O, Türkiyə hökumətində, ələlxüsus ədliyyə orqanlarında, özünə rəqib hesab etdiyi rəsmiləri vəzifələrdən azad edir. Bunlar həmin qüvvələrdir ki, keçmişdə onun siyasi addımlarına qarşı çıxıblar. Ərdoğan deyir ki, əgər ABŞ Fətullah Güləni təhvil verməsə, onda bunun Vaşinqton üçün fəsadları olacaq. Güman etmirəm ki, ABŞ Güləni Türkiyəyə qaytaracaq. Eyni zamanda biz qarşıdan gələn günlərdə gərginliklərin şahidi olacağıq. Mümkündür ki, Türkiyə ölkədə yerləşən ABŞ qüvvələrinin əməliyyat imkanlarını məhdudlaşdırsın. Belə ki, Amerikanın [İncirlikdəki] hava bazası Suriya və Iraqdakı mübarizədə mühüm rol oynayır.

Amerikanın Səsi: Siz qısa dönəmdə baş verə biləcək dəyişikliklərdən danışdınız. Bəs uzun dönəmdə əlaqələrdə hansı dəyişikliyi gözləmək olar?

Hərbçilərin əksəriyyəti hələ də Atatürkün cümhuriyyətçi baxışlarına sadiqdir. Ərdoğan ehtiyatla hərəkət etməlidir ki, durumu kritik həddə çatdırmasın.

Tom Rogan: Əsas sual odur ki, Ərdoğan nə qədər uzağa gedəcək. Tükiyə silahlı qüvvələri son qiyam cəhdində əsasən onu dəstəklədi, amma bu, həmişə belə olmaya bilər. Hərbçilərin əksəriyyəti hələ də Atatürkün cümhuriyyətçi baxışlarına sadiqdir. Ərdoğan ehtiyatla hərəkət etməlidir ki, durumu kritik həddə çatdırmasın. Əgər o, həqiqətən də öz hərəkətləri ilə uzağa getsə, onda münasibətlərdə sürətlə pisləşmə baş verə bilər. Məsələn, deyək ki, Türkiyə NATO-dan xaric oluna bilər. O, biri tərəfdən Ərdoğanda prosesləri eskalasiya etdirmək meyli var.

Amerikanın Səsi: Türkiyədə çevriliş cəhdi ilə bağlı minlərlə adam həbs olunub. Minlərə adam ədliyyə və müdafiə orqnlarından xaric edilib. Baş verənlər ölkənin demokratik gələcəyi üçün nə vəd edir?

Çevrilişdə iştirak etməkdə şübhəli bilinən silahlı qüvvələrin nümayəndələri polis tərəfindən həbs olunur. 17 iyul, 2016.

Çevrilişdə iştirak etməkdə şübhəli bilinən silahlı qüvvələrin nümayəndələri polis tərəfindən həbs olunur. 17 iyul, 2016.

Tom Rogan: Baş verənlər olduqca pisdir - ələlxüsus ədliyyə orqanlarında həyata keçirilən tədbirlər. Siyasi inanclardan asılı olmayaraq, müstəqil ədliyyə olmayan yerdə - hökumətin əməllərinə qarşı hüquq müstəvisində çıxa biləcək orqanın mövcud olmadığı bir məkanda - demokratiya ola bilməz. Məhkəmə səni hökumətin basqılarından qorumursa, onda burada qanun aliliyi yoxdur. İndi Türkiyədəki müxalifət partiyaları öz nüfuzlarından istifadə edib Ərdoğana deyə bilərlər ki, həyati məqamda “biz səninlə çiyin-çiyinə dayandıq” və onu bu addımlardan çəkindirə bilərlər. O biri rəfətdən, ABŞ və Avropa İttifaqı aydın etməlidir ki, müəyyən xətlər var ki, onların keçilməsinin Türkiyə üçün fəsadları olacaq. Əlbəttə, Avropanın qətiyyətini zəiflədən faktorlar yox deyil. Məsələn avropalılar çalışırlar ki, miqrant axınına nəzarət etsinlər, və bu işdə Türkiyə önəmli rola sahibdir. Lakin yadda saxlamaq lazımdır ki, münasibətlər konstruktiv olmalıdır. Bu münasibətlər Ərodğan nə istəyirsə ona əsaslana bilməz.

Amerikanın Səsi: Vaşinqtonun arsenalında Ərdoğan hökumətinə təsir göstərmək üçün hansı vasitələr var?

Gələcək, yaxud indiki ABŞ prezidenti Ərdoğana deyə bilər ki, əgər sən avtoritar lider olacaqsansa, onda ABŞ-dan beynəlxalq arenada dəstək umma.

Tom Rogan: İqtisadi münasibətlər vacibdir. Ərdoğan anlayır ki, ona beynəlxalq ticarətə davamlı çıxış lazımdır. Eləcə də onun üçün beynəlxalq diplomatiyada iştirak mühümdür. Bu prestij mühümdür və Amerika üçün də faydalıdır. Gələcək, yaxud indiki ABŞ prezidenti Ərdoğana deyə bilər ki, əgər sən avtoritar lider olacaqsansa, onda ABŞ-dan beynəlxalq arenada dəstək umma. Ən yüksək ranqlı ABŞ müttəfiqi olmaq əvəzinə Ərdoğan Türkiyəsi aşağı ranqa ötürüləcək. Belə bir dəyişikliyin Türkiyəyə təsirləri nəhəng ola bilər. Bu, həm Türkiyə iqtisadiyyatına, həm də Ərdoğanın beynəlxalq səhnədəki imicinə real təsir göstərə bilər. Söhbət daha çox kökə yaxud çubuqlardan deyil, kökələrin alınmasından gedir. Əsl çubuq Türkiyənin NATO-dan xaric edilməsi olardı ki, bu, hazırda heç kimin marağında deyil.

Show comments

XS
SM
MD
LG