Accessibility links

Tom Malinovski: Xədicə İsmayılovanın azadlığa buraxılması üçün çağırışlarımızı davam etdiririk


Tom Malinovski

Tom Malinovski

Aprelin 27-də ABŞ-da Dövlət Katibinin müavini Tom Malinovskinin iştirakı ilə Qərb yarımkürəsində İnsan haqları üzrə dövlət Bürosunun fəaliyyəti ilə bağlı dinləmələr keçirilib. Azadliq.info saytının məlumatına görə, dinləmələrdə senator Kardin dövlət katibinin müavini Tom Malinovskiyə Azərbaycanla bağlı sual ünvanlayıb:

– Mən Azərbaycandakı faciəli duruma diqqətinizi çəkmək istəyirəm. Biz müşahidə edirik ki, orada hakimiyyət başqa cür düşünənlərə qarşı repressiyaları şiddətləndirib və siyasi dustaqların sayı artmaqdadır. Bunlardan biri də Azad Avropa radiosunun əməkdaşı Xədicə İsmayılova hal- hazırda yeddi il yarım həbslə cəzalandırılaraq həbsxanaya göndərilib. Azərbaycanda bütün hüquq müdafiəçiləri onun həbsini siyasi motivli elan ediblər. O, Azərbaycanda tüğyan edən korrupsiya haqqında yazırdı və bu həbs də onun bu fəaliyyəti ilə birbaşa bağlıdır. Siz deyə bilərsinizmi ki, onun azad edilməsi üçün bizim hansı diplomatik imkanlarımız var?

Malinovski senatora belə cavab verib:

– Mən sizə deyə bilərəm ki, biz Xədicə İsmayılovanın azadlığa buraxılması üçün çağırışlar etmişik və bunu davam etdiririk. Biz bu işin bütün konkret detalları ilə bağlı məlumatlıyıq. Son həftələr ərzində biz insan haqları məsələsi ilə bağlı Azərbaycan hökumətilə intensiv danışıqlar aparırıq. Hesab edirəm ki, bu danışıqların nəticəsi olaraq Azərbaycanda bir sıra hüquq müdafiəçiləri, o cümlədən, İntiqam Əliyev, Rəsul Cəfərov və seçki monitorinq mərkəzinin direktoru Anar Məmmədli azadlığa buraxıldılar. Biz müşahidə edirik ki, Azərbaycan hakimiyyəti bu danışıqlara pozitiv cavablar verir. Amma əlbəttə, mən sizinlə razıyam ki, bunlar kifayət deyil və orada Xədicə İsmayılova və bir çox başqa siyasi məhbuslar həbsxanalarda qalmaqda davam edirlər. Eləcə də, Azərbaycanda ifadə və söz azadlığının genişləndirilməsinin Azərbaycan üçün faydalarına hökuməti inandırmağa davam edirik…

XS
SM
MD
LG