Accessibility links

Tomas Melian: Amerikanın Səsi və Azadlıq radiolarının yayımlanmaması üçün əsaslı səbəb görmürük


Tomas Melian: Amerikanın Səsi və Azadlıq radiolarının yayımlanmaması üçün əsaslı səbəb görmürük

Tomas Melian: Amerikanın Səsi və Azadlıq radiolarının yayımlanmaması üçün əsaslı səbəb görmürük

ABŞ dövlət katibinin müavininin demokratiya və insan hüquqları üzrə köməkçisi Tomas Melian Azərbaycana səfəri çərçivəsində dövlət rəsmiləri, müxalifət partiyaları, jurnalist təşkilatları və bu günlərdə həbsdən azad olunmuş jurnalist Eynulla Fətullayevlə görüşüb. O, 2005-ci il martın 2-də qətlə yetirilmiş “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun məzarını da ziyarət edib

ABŞ dövlət katibinin müavininin demokratiya və insan hüquqları üzrə köməkçisi Tomas Melian Azərbaycana səfəri çərçivəsində dövlət rəsmiləri, müxalifət partiyaları, jurnalist təşkilatları və bu günlərdə həbsdən azad olunmuş jurnalist Eynulla Fətullayevlə görüşüb. O, 2005-ci il martın 2-də qətlə yetirilmiş “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun məzarını da ziyarət edib.

Görüşlərdən sonra keçirdiyi brifinqdə cənab Melian bildirib ki, Azərbaycana səfəri səfir Brayzaya Amerika prezidenti və dövlət katibinin Azərbaycan hökuməti və hökumətə aidiyyatı olmayan təşkilatlarla apardığı işlərə dəstəyini nümayiş etdirmək məqsədi daşıyır. “Amerika ilə Azərbaycan arasında dünyada özünü göstərən əməkdaşlıq var. Bu əməkdaşlıq enerji, təhlükəsizlik və iqtisadiyyat sahələrini əhatə edir. Ümid edirik ki, ikitərəfli əməkdaşlığımız bundan sonra da inkişaf edəcək. Hökumət rəsmiləri ilə görüşlərimdə ən çox vurğuladığım cəhət odur ki, Amerikanın təcrübəsində ən gözəl əməkdaşlıq demokratik ölkələrlə, yəni öz vətəndaşlarının hüquqlarını müdafiə edən ölkələrlə olur.”

O, Azərbaycanlı həmkarlarını insan hüquqlarına daha çox hörmət etməyə və siyasi sahədə daha açıq olmağa çağırdığını deyib. “Mənim dövlət rəsmiləri, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, siyasi fəallar, jurnalistlərlə yaxşı görüşlərim oldu. Bu gün 6 il öncə qətlə yetirilmiş və hələ də istintaqın nəticəsi olmayan jurnalist Elmar Hüseynovun məzarını ziyarət etdim. Ümid edirik ki, bu sahədə də bir irəliləyiş olacaq və jurnalistikaya olan təhlükə arada qaldırılacaq. Jurnalistlərə imkan yaradılmalıdır ki, onlar işlərini professional şəkildə həyata keçirsin.”

Dövlət katibinin köməkçisi suallara cavabda beynəlxalq icmanın Eynulla Fətullayev və onun rəhbərlik etdiyi nəşrlərin yenidən çapını bərpa etməsini dəstəklədiyini deyib. “O qəzetlərini yenidən çap etmək istəyir. Ümid edirəm ki, Eynulla Fətullayev həm Azərbaycandan, həm də beynəlxalq icmadan dəstək alacaq.”

Cənab Melian Amerikanın Səsi radiosunun siyasi məhbus hesab edilən şəxslər və dünən Bakıda fiziki hücuma məruz qalmış Amerika və Böyük Britaniya vətəndaşları ilə bağlı sualının cavabında bildirib ki, dövlət rəsmiləri ilə görüşləri zamanı ədalətsizcəsinə həbs edilmiş siyasi fəallar və blogerlərlə bağlı məsələ qaldırıb. “Biz, bu iki nəfərin hücuma məruz qaldığı barədə də eşitmişik. Sadəcə dəqiq məlumatımız yoxdur. Əminəm ki, Amerikanın Azərbaycandakı səfirliyi bu işlə məşğul olacaq və araşdırma aparılacaq.”

O demokratikləşmə, Amerikanın Səsi və Azadlıq radiolarının FM tezliyində yayımının bərpa edilməsinin danışıqların mövzusu olması ilə bağlı sualın cavabında “bəli, bəli, bəli” deyə bildirib.

“Bəli, çünki demokratiyanın inkişaf etdirilməsi və insan hüquqlarına hörmət bizim gündəliyimizdə daim öndə olan məsələlərdir. Amerikanın Səsi və Azadlıq radiolarının böyük əhəmiyyəti olduğuna görə, bu məsələləri hökumət rəsmiləri qarşısında qaldırmışam. Amerikanın Səsi və Azadlıq radiolarının burada yayımlanmaması üçün əsaslı səbəb görmürük.”

Cənab Melain ölkədə insan hüquqlarının vəziyyəti barədə sualın cavabında, sözsüz ki, insan hüquqlarının vəziyyəti daha yaxşı olmalıdır deyib. “Əgər, Azərbaycan hökuməti Amerika ilə əlaqələrini gücləndirmək istəyirsə, sözsüz ki, bu sahədə çalışmalıdır. Ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların və jurnalist təşkilatlarının hesabatları var. Hesabatlardan aydın olur ki, istər ədalətli seçkilər, istər azad media, istərsə də müxalifət partiyalarının fəaliyyəti ilə bağlı maneələr var. Düşünürük ki, bu sahədə də Azərbaycan hökuməti müasirləşməlidir və 21 əsrdə uğur qazanmaqla müasirləşmiş dövlətlər sırasına keçməlidir. Çünki, biz həqiqətən də 21-ci əsrdə Azərbaycan hökumətinin uğur qazanmasını istəyirik. Bu sahədə əməkdaşlığımız var və davam etdirəcəyik”, - deyə o qeyd edib.

XS
SM
MD
LG