Accessibility links

Fransa məhkəməsi Azərbaycan rəssamının Parisdə dəfni barədə qərar verib


Toğrul Nərimanbəyov

Toğrul Nərimanbəyov

Toğrul Nərimanbəyovun dəfn yeri ilə bağlı həyat yoldaşı ilə birinci nigahdan olan qızı arasında mübahisə yaranıb

İyunun 17-də Parisin 15-ci dairə məhkəməsi Azərbaycan xalq rəssamı Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyovanın seçdiyi yerdə dəfn olunması haqqında qərar qəbul edib.
Turan agentliyinin məlumatına görə, Nərimanbəyovun ölümündən sonra onun dəfn ediləcəyi yer haqqında mübahisə yaranıb: ikinci həyat yoldaşı onun Parisdə, birinci nikahdan olan qızı isə Bakıda dəfn olunmasında israr edirdi. Qızı məhkəmə iddiası qaldırıb.

Sevil Nərimanbəyovanın Turan-a verdiyi məlumata görə, məhkəmə onun xeyrinə qərar çıxarıb. O, Azərbaycan KİV-lərinin Nərimanbəyovun cəsədinin yandırılacağı haqqında məlumatı təkzib edib.

“Bu, doğru deyil. Bəli, mən məhkəmədə Toğrul Nərimanbəyovun özünü həm katolik, həm də müsəlman kimi hiss etdiyini demişəm. Lakin bu, o demək deyil ki, onu yandırmaq lazımdır. Axı katolikləri də dəfn edirlər”, deyə S.Nərimanbəyova bildirib.

O, həyat yoldaşının Parisdə dəfn olunmaq haqqında arzusunun yerinə yetirilməsi istədiyini bildirib.

“Toğrul Parisin mərkəzində bir çox dünya mədəniyyət xadimlərinin yatdığı Passi qəbirstanlığında dəfn olunmağını çox istəyirdi. O, bu yeri çox sevirdi. Oraya gedir, orada qəzet oxuyurdu. Oranın gözəl havası var. Biz bu yaxınlarda şəhərin bu bölgəsinə köçdük, amma təəssüf ki, Toğrul burada çox az yaşadı”, deyə S.Nərimanbəyova bildirib.

Lakin onun sözlərinə görə, bu qəbirstanlıqda yalnız Paris merinin icazəsi ilə dəfn edirlər. Bu qərar isə Azərbaycan prezidenti İlham Əliyev belə bir xahişlə müraciət etdiyi təqdirdə qəbul edilə bilər.

“Mən KİV vasitəsilə xahişimi Azərbaycan prezidentinə çatdırmağı xahiş edirəm”, deyə T.Nərimanbəyova bildirib.

O, Passidə dəfn xidmətlərinin bahalı olduğu və buna görə sonradan qəbrin itirilə biləcəyi haqqında məlumatları yanlış hesab edir.

“50 il ərzində torpaq üçün 4 min avro ödəmək lazımdır. Amma 14 min avro ödənilsə, bu, əbədi ödəniş olacaq. Mən 12 min avro ödəyə bilərəm. Ümumilikdə isə dəfnlə birlikdə bütün xərclər 20 min avroya başa gələcək”, deyə S.Nərimanbəyova bildirib.

T.Nərimanbəyovun Parisdə dəfn edilməsinin səbəbi kimi S.Nərimanbəyova deyib ki, o, oğlu ilə birlikdə Fransada yaşayır və buna görə ailəsi tez-tez qəbri ziyarət etmək imkanına malik olmaq istəyir. Nərimanbəyova hələlik Azərbaycan dövlətinin dəstəyini hiss etməməsindən də təəssüfünü bildirib.

Onun sözlərinə görə, iyunun 8-də o, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevdən idarəsinin ona kömək etməyə hazır olduğu və hər şeyin onun dediyi kimi ediləcəyi haqqında SMS alıb.

Amma, bir neçə saat sonra səfirliklə birgə hərəkət etmək təklifi yer alan ikinci SMS alıb.

S.Nərimanbəyovanın sözlərinə görə, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qarşı tərəfin mövqeyini dəstəkləmək üçün məhkəmə prosesinə ezam edilmişdi.

S.Nərimanbəyova Qarayevin mövqeyinin dəyişməsinin T.Nərimanbəyovanın birinci həyat yoldaşının yaxın qohumu olan həyat yoldaşının “təsiri” ilə izah edir.

“Biz oğlumla burada tamamilə təkik və arxamızda yalnız Fransa dövləti var”, deyə S.Nərimanbəyova bildirib.

Öz növbəsində, rəssamın birinci nikahdan olan qızı Əsmər Nərimanbəyova bildirib ki, məhkəmənin qərarından razı deyil və apellyasiya şikayəti verəcək. O, atasının Azərbaycanda dəfn olunmasını istəyir.
XS
SM
MD
LG