Accessibility links

Tornadodan sonra Oklahomada bərpa işlərinə başlanıb [Vİdeo]


Bazar ertəsi geniş miqyaslı tornadonun Oklahomanı vurmasından sonra ştata yardım axmağa başlayıb. 3 km diametri olan və 30 km məsafənı əhatə edən tornado Oklahomada iri dağıntılara və kütləvi ölümlərə səbəb oldu.

Oklahoma City-nin yaxınlığındakı Moore şəhəri ən çox ziyan çəkmiş ərazi oldu. Orada evlər tamamilə dağıldı, həyatlara son qoyuldu. Oklahoma qubernatoru Meri Fallin statda bərpa işləri aparılacağına söz verdi. “Bu faciəyə, ölümlərə, dağıntılara baxmayaraq, biz insalarda mətanət və güc gördük. Bizim insanlar bunun öhdəsindən gələcək, biz bərpa edəcəyik.”

Bu tornado bir çoxları kimi Moore sakini Kris Palmeri də evsiz qoydu. “Bərpa işlərinə vaxt lazım olacaq. Bunu biz filmlərdə görərdik, lakin indi biz bununla həyatda qarşılaşırıq” - deyə, o bildirir.

Fövqəladə Hallar Administrasiyasından Qreq Fuqeyt evsiz-eşiksiz qalanların sığınacaqla təmin ediləcəyini, eləcə də, təbii fəlakətdən sağ çıxanların özləri haqda məlumat verməli olduqlarını deyir. “Belə bir ağır vəziyyətdə nə qədər insanın itkin düşdüyünü bilmək çətindir. Buna görə də sağ qalanlar özləri haqda məlumat versələr, onları axtarmağa ehtiyac qalmaz.”

Rəsmilər bərpa işlərinin sürətlə getməsi üçün sakinləri yardım marşrutlarını zəbt etməməyə çağırırlar. Onların dediyinə görə, erkən xəbərdarlıq sistemi tufandan qabaq adekvat hazırlıq görmək üçün imkan yaratdı.

Süzan Pirs Moore məktəb sisteminə nəzarətçidir. O, hər bir məktəbdə tornadodan sığınacaq prosedurlarına riayət edildiyinə görə çox sayda insanın xilas edildiyini deyir. “Bizim administrasiya, işçilərimiz, müəllimlərimiz və şagirdlərimiz xilasetmə işlərinə böyük yardım göstərdilər. Biz hava haqda məlumatı izlədik və vaxtı gələndə hamını sığınacaqlara yerləşdirdik.”

Prezident Barak Obama da bərpa işlərinə federal yardım göstəriləcəyini dedi. Qarşıda görüləsi işlər çoxdur. Bu arada Oklahoma və yaxındakı ştatlar qarşıdan gələ biləcək daha qüdrətli tornadolara və tufanlara hazırlaşır.
XS
SM
MD
LG