Accessibility links

Təbrizin Traktor Sazi komandası tamaşaçısız oynadı


Təbrizin Traktor Sazi komandası tamaşaçısız oynadı
Təbrizin Traktor Sazi komandası tamaşaçısız oynadı

Keçən həftə Tehranda Traktor Sazi timi ilə Tehranın Persepolis timi arasındakı oyun zamanı tamaşaçılar arasında baş verən hadisələrə görə İranın Futbol Federasiyasının qərarına əsasən Traktor Sazi iki oyunu tamaşaçısız oynamalıdır

Traktor Sazi ilə Rah Ahən timlərinin (komandalarının) oyunuyla eyni zamanda, Təbrizin bəzi məhəllələrində etiraz nümayişləri keçirildi. Bu xəbəri İran rəsmilərinə bağlı olan "Əxbari Təbriz" sitəsi yaydı və əlavə etdi ki, futbol matçına tamaşa edə bilməyən yüzlərlə adam, Səhənd Meydanının ətrafından Təbrizə dönüb və Şərqi Azərbaycan Ustandarlığı, Saat Meydanı və Bazar Ağzında etiraz nümayişləri keçirdilər ki, həmin nümayişlər zamanı arabir təhlükəsizlik qüvvələri ilə toqquşmalar da baş verdi.

Təbrizin Traktor Sazi futbol timi Tehranın "Rah Ahən" komandası ilə Təbriz şəhərində tamaşaçısız bir meydanda oyun keçirdilər . Bu meydanda müxbirlər və komandalarla əlaqəsi olanlardan başqa, heç bir kimsə, tamaşaçı yox idi.

Təbrizin yüzlərlə futbol azarkeşi, özlərini Səhənd meydanının dağlıq yollarına yetirdilər amma bəzi xəbərlərə əsasən, polis yolları bağlamışdı. Bu xəbər isə müstəqil mənbələr tərəfindən hələlik təstiqlənməyib. Güney Azərbaycan Xəbər Mərkəzi sitəsinin verdiyi xəbərə əsasən, Təbrizin polis rəisi, Təbriz televiziyasında bildirmişdi ki, futbola baxmağa gələnlər və şəhərdə etiraz nümayişi keçirənlər tutulacaq.

"Mehr Xəbər Agentliyi" isə yazır ki, Təbrizin Traktor Sazi timi Tehranın "Rahi Ahən" komandasına 3-1 hesabı ilə qalib gəlib. Traktor Sazi timi keçən həftə Tehranın Persepolis timinə uduzmuşdu və İranın Futbol Federasiyasının hökmünə əsasən, Traktor Sazi iki oyunu tamaşaçısız oynamalıdır. Bu yarış, o tamaşaçısız oyunların birincisiydi. Şərqi Azərbaycanın azad müxbirlərinin orqanı "Səhənd Niyaz" sitəsi , Təbriz millət vəkili İşrət xanım Şayiqin sitəsi və bir çox İran-Azərbaycanı sitələri həmin hökmün ədalətsiz olduğunu yazırlar.

Bəzi xəbərlərə əsasən, bu futbol müsabiqəsi zamanı baş verən etirazların səsini batırmaq məqsədilə, Təbrizin bəzi məhəllələrinin telefon və internet xətləri işləməyib. Həmin xəbərlərə əsasən və Youtube-da yayılan videolara görə, Təbrizlilər bu etiraz nümayişlərində azərbaycanlıların narahatlıqlarını və şikayətlərini ifadə edən şüarlar bağırıblar. Bəzi xəbər sitələri, bu etiraz nümayişlərində 12 nəfərin tutulması barədə xəbər yayıblar. 

XS
SM
MD
LG