Accessibility links

Tramp Klinton barəsində yeni təhqiqat planlaşdırmır


ABŞ prezidenti seçilmiş Donald Trampın baş müşaviri onun demokrat Hillari Klintonun şəxsi email serverindən istifadə etməsilə əlaqədar yeni təhqiqat aparılmasını planlaşdırmadığını bildirib. Donald Tramp seçki kampaniyası dövründə Klintonu “həbsxanaya göndərəcəyinə” söz vermişdi.

Kelian Konuey MSNBC tele kanalına Trampın bu ittihamların davam etdirilməsini istəmədiyini deyib. Konuey Trampın kampaniya meneceri olduqdan sonra hazırda onun müşaviridir.

Prezident seçilmiş Donald Trampın müşaviri Kelian Konuey
Prezident seçilmiş Donald Trampın müşaviri Kelian Konuey

Seçki kampaniyası dövrü respublikaçı Donald Tramp Hillari Klintonu 2009-2013-cü illər arasında dövlət katibi olduğu müddətdə məxfi sənədləri şəxsi emaillər vasitəsilə göndərdiyinə görə dəfələrlə tənqid etmişdi. Tramp tərəfdarları onun çıxışlarını “Həbsxanaya göndərilsin!” çağırışları ilə qarşılamışdı. Kampaniya çıxışlarında Tramp eyni zamanda demişdi ki, prezident seçildiyi halda Klintonla bağlı təhqiqat aparmaq üçün xüsusi prokuror təyin edəcək.

“Fikrimcə, Hillari Klinton hər halda amerikalının çoxunun onun dürüst və düzgün olmadığını düşündüyü faktı ilə qarşılaşmalıdır. Donald Tramp ona yaralarının sağalmasında kömək etsə, bu, yaxşı haldır”-deyə müsahibə zamanı Konuey bildirib.

Trampdan ABŞ-ın hüquq-mühafizə orqanlarına Klintonla daha bir təhqiqat aparmaq istəmədiyinə dair sərəncamın verilməsi qeyri-adi hal hesab edilə bilər. Birləşmiş Ştatlarda federal hüquq-mühafizə orqanlarının rəsmiləri müstəqil olub, Ağ Evin müdaxiləsindən azaddır.

Klintonun Nyu Yorkdakı evindəki şəxsi elekton poçt serverindən istifadə etməsi onun seçki kampaniyasında mühüm rol oynayıb. Rəy sorğuları seçicilərin çoxunun Klintonun ölkənin baş diplomatı olduğu dövrdə göndərdiyi və qəbul etdiyi on minlərlə email haqda verdiyi izahatlara şübhə ilə yanaşdığını və ona etibar etmədiyini göstərib.

Klinton şəxsi emailindən istifadə etməsinin səhv olduğunu etiraf edib, lakin emaillə göndərib aldığı sənədlərin məxfi olduğunu bilmədiyini deyib.

Federal Təhqiqatlar Bürosu istintaqa başlamış və emaillərdə bəzi məxfi sənədlərin olduğunu aşkar etmişdi. Lakin təhqiqat Klintonun “olduqca ehtiyatsız davrandığı” haqda nəticə çıxarmış və ona qarşı ittihamların irəli sürülməsinə əsas olmadığını bildirmişdi. Tramp isə Klintonun məxfi sənədləri şəxsi email vasitəsilə göndərməsini tənqid etməyə davam etmişdi.

XS
SM
MD
LG