Accessibility links

Donald Tramp: Müsəlmanların Amerikaya daxil olmasına qadağa tətbiq edilməlidir


ABŞ prezidentliyinə respublikaçı namizədin dedikləri tənqid edilir

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp müsəlmanların ölkəyə daxil olmasına tam şəkildə qadağa tətbiq edilməsinə çağırıb. O, rəy sorğularının amerikalıların əksəriyyətinin müsəlmanlara nifrət etdiyini göstərdiyini bildirib.

Onlar bizim sistemimizin əleyhinədir, onlar insan həyatına ehtiram göstərmir

​"Biz problemin ciddiliyini və təhlükənin mövcudluğunu nəzərə alanadək ölkəmiz cihada inanların hücumlarına məruz qalacaq. Onlar bizim sistemimizin əleyhinədir, onlar insan həyatına ehtiram göstərmir”-deyə Tramp sözünə davam edib.

Trampın müsəlmanlara qarşı bu kimi kəskin ifadələri yenilik deyil. O, hökuməti məscidlərin monitorinqinə səsləyib, daha əvvəl müsəlman adlarının Amerikanın məlumat bazasına salınmasının əleyhinə olduğu mövqeyindən çəkinməkdən imtina edib.

Donald Tramp

Donald Tramp

Milyarderin bazar ertəsi səsləndiyi mövqeyi islam dininə etiqad edənlərin kəskin reaksiyası ilə qarşılanıb.

Amerika-Müsəlman Əlaqələri Şurasının icraçı direktoru Nihad Avad Trampın çıxışını tənqid edərək, onu amerikalı müsəlmanları zorakılıq riski altına salmaqda günahlandırıb.

"Donald Tramp qüdrətli dövlət lideri kimi deyil, zorakı qruplaşma rəhbəri kimi səslənir. O və digərləri İŞİD-in əlində oyuncağa çevrilir. Bu, İslam Dövlətinin Amerikadan istədiyi bir şeydir. Bizi biri-birimiz əleyhinə çevirmək”-deyə Avad bildirib.

Donald Tramp qüdrətli dövlət lideri kimi deyil, zorakı qruplaşma rəhbəri kimi səslənir

Trampın dedikləri ABŞ prezidenti Barak Obamanın televiziya müraciətindən sonraya təsadüf edib. Prezident terror aksiyalarının müsəlmanlar əleyhinə əhval-ruhiyyəyə yol açmamasına dair çağırış edib.

Ağ Ev Trampın çıxışını tənqid edərək, bunun Amerika dəyərlərinə zidd olduğunu bildirib.

Onun dediklərinə respublikaçı rəqibləri də kəskin münasibət bildirib.

Florida ştatının sabiq qurbarnatoru Ceb Buş Trampın siyasətini qeyri-ciddi adlandırıb.

Nyu-Cersi ştatının qubernatoru Kris Kristi Trampın mövqeyini gülünc, senator Lindsi Qraham isə milyarderin dediklərini açıq-aydın təhlükə yaradan absurd adlandırıb.

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Pol Rayan Trampın adını çəkmədən məsələyə münasibət bildirib. “Adətən prezident seçkiləri kampaniyalarına şərh vermirəm. Bu gün istinaya yol verirəm. Bu, konservatizm deyil. Dünənki təklif partiyamızın arxasında durduğu mövqe deyil. Ən vacibi isə xalqımız bunun arxasında dayanmır”-deyə Pol Rayan bildirib.

Böyük Britaniyanın baş naziri Devid Kameron Trampın dediklərini yanlış və lazımsız parçalamaq cəhdi kimi qiymətləndirib.

BMT-nin qaçqınlar agentliyinin sözçüsü Keysər Trad seçkiqabağı kampaniyalar zamanı söylənilənlərin Suriya müsəlmanları da daxil edilməklə, qaçqınların yerləşdirilməsi proqramını təhlükəyə saldığı barədə xəbərdarlıqla çıxış edib.

Harvard universitetinin hüquqşünas professor Lorens Trayb Trampın təklifinin bütün vətəndaşlara bərabər hüquqlar verən ABŞ konstitusiyasına zidd adlandırıb.

Miçiqan universitetindən digər bir professor Riçard Fridman namizədin çağırışını tənqid edərək, müsəlman olduqları üçün səfərdən Amerikaya qayıdanların ölkəyə buraxılmamasını gülünc adlandırıb.

XS
SM
MD
LG