Accessibility links

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu yüksək səviyyədə danışıqlardan sonra Ağ Evdə birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransı zamanı Tramp və Netanyahu ABŞ və İsrail arasında dostluq və müttəfiqlik münasibətlərini qeyd edərək, birlik mesajı ilə çıxış ediblər. Bununla belə, Donald Tramp İsrail-Fələstin münaqişəsinin həllində iki dövlət prinsipinə alternativlərə hazır olduğu haqda fikir irəli sürüb.

Trampın ABŞ-ın bir dövlətin mövcuduluğuna dəstək verə bilməsinə dair açıqlamaları Birləşmiş Ştatların İsraillə yanaşı, müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində on illərdir göstərdiyi səylərdən geri çəkilmənin mümkünlüyünə işarə edir.

Tramp eyni zamanda, Netanyahudan Ağ Evin Yaxın Şərq sülh prosesi səylərini canlandırmaq üzərində işlədiyi bir vaxt Fələstin ərazilərində yəhudi yaşayış məntəqələrinin inşasını dayandırmasını istəyib.

Öz növbəsində, Netanyahu da iki dövlət prinsipinə sadiq qalmaqdan imtina edib. O, Trampla yaşayış məntəqələrinin inşası məsələsini daha sonra müzakirə etməyi planlaşdırdığını deyib.

İki lider arasında Trampın prezidentliyə başladığı vaxtdan bəri ilk görüş son səkkiz ildə ABŞ-İsrail münasibətlərində gərgin mərhələdən sonra keçirilir. Keçmiş prezident Barak Obama və baş nazir Netanyahu arasında İsrailin yaşayış məntəqələri inşa etməsi və İranın nüvə proqramı ilə əlaqədar dəfələrlə gərginliklər yaranmışdı.

Tramp və Netanyahu radikal islamçı terrorizm və İranın nüvə silahı əldə etmədiyinə əmin olmaq kimi məsələlərdə əməkdaşlıq haqda razılıq əldə ediblər.

Tramp və Netanyahu arasında münasibətlər ABŞ prezident seçki kampaniyası zamanı daha da yaxınlaşıb. Onların hər ikisi təkcə İranla bağlı deyil, mühacirət və terrorizm məsələlərində də sərt mövqe bölüşür.

XS
SM
MD
LG