Accessibility links

Tramp bəzi respublikaçıların onun namizədliyinə mane olduğundan şikayət edir


Respublikaçılar partiyasının ABŞ prezident seçkilərində ehtimali namizədi olan Donald Tramp bəzi respubikaçıların gələn ay partiya qurultayında onun namizədliyinin rəsmən elan edilməsinə mane olduğu haqda şikayət edir.

Ohayo ştatının Klivlend şəhərində qurultayda iştirak edəcək bəzi nümayəndələr milyarder daşınmaz əmlak maqnatı deyil, başqa bir namizədə səs vermək üçün partyanın qaydalarının dəyişdirilməsini istədiklərini bildiriblər.

Donald Tramp ölkənin ştatlarında keçirilən ilkin seçkilər-praymerilərdə 16 respublikaçı namizəddən irəliyə çıxaraq partiyadan nominasiyanı özünə təmin edib.

Mənfi rəylər

Lakin Trampın opponentləri onun Respublikaçılar partiyasının ənənəvi mühafizəkar siyasi mövqeyini təmsil bölüşmədiyini və onun qadınlar, müsəlmanlar və meksikalılar haqda açıqlamalarına görə partiyanı rəsmi namizəd kimi təmsil edə bilmədiyini deyir.

Trampın tənqidçiləri həmçinin son rəy sorğularına əsasən, seçicilərin böyük əksəriyyətində onun haqda mənfi rəyin formalaşdığına və noyabrın 8-i seçkilərə beş ay qalmış Trampın Demokrat partiyasının ehtimali namizədi, keçmiş dövlət katibi Hillari Klintondan geri qaldığına diqqət çəkir.

2012-ci ildə ABŞ prezidentliyinə namizəd olmuş Mitt Romni

2012-ci ildə ABŞ prezidentliyinə namizəd olmuş Mitt Romni

Tramp deyib ki, onun keçmiş rəqiblərindən biri olan Florida ştatının keçmiş quberatoru Ceb Buş və adını çəkmədiyi başqa bir keçmiş rəqibi "böyük məğlubiyyətə uğradıqdan sonra nümayəndələr arasında üsyana bənzər nəsə hazırlayır."

Nə Buş, nə də Trampın ən güclü rəqibi olan və kampaniyasını mayın əvvəlində dayandıran Texas senatoru Ted Kruz Trampa dəstək verməyib. Tramp da Buş, ya da Kruzun qurultay nümayəndələri arasında üsyan yaratmaq səylərinə başçılıq etdiklərinə dair dəlil göstərməyib.

"Onlar kimi seçmək istəyir?"-deyə Tramp Nevada ştatında tərəfdarları qarşısında çıxışında deyib. "Mən hamıya üstün gələcəm. Təkcə üstün gəlmək deyil, tam məğlubiyyətə uğradacam"-deyə o əlavə edib.

İlk dəfə olaraq seçkili hakimiyyət orqanına seçilmək üçün kampaniyada iştirak edən Donald Tramp deyib ki, "Respublikaçılar bizə bir qədər kömək etsə, daha yaxşı olardı."

Bazar günü CBS tele şirkətinə müsahibədə Tramp Konqresdə onun namizədliyi ilə bağlı şübhələrini və narazılığını ifadə edən respublikaçı namizədlər haqda deyib ki, "onlar öz işləri ilə məşğul olub, mənə də prezident seçilmək üçün imkan verməlidirlər."

ABŞ prezidentliyinə Demokrat partiyasından ehtimali namizəd Hillari Klinton

ABŞ prezidentliyinə Demokrat partiyasından ehtimali namizəd Hillari Klinton

Müxalif fikirlər

Respublikaçılar partiyasının bir sıra nümayəndələri onun namizədliyinə ya zəif dəstək verib, ya da onu rədd edib. Buraya Trampın namizədliyinə etirazını bildirən 2012-ci ildə Respublikaçılar partiyasından prezidentliyə namizəd olmuş Mitt Romni də daxidir.

Tramp deyib ki, əgər respublikaçılar onun namizədliyinə dəstək məsələsində birlik göstərməsə, o, kampaniyası və partiya üçün maliyyə vəsaiti toplanmasını dayandıracaq. Bunun əvəzinə Tramp partiyadan nominasiya olmaq üçün praymerilər dövründə olduğu kimi kampaniyasını özü maliyyəşdirməyə davam edəcəyini bildirib.

Bu arada Hillari Klinton və onun həyat yoldaşı, keçmiş prezident Bill Klinton şənbə günü qızları Çelsinin dünyaya ikinci övladını gətirməsini qeyd ediblər. Körpə oğlanın adı Eyden Klinton Mejvinskidir. İkinci dəfə nənə və baba olan Hillari və Bill Klinton "xoşbəxtlikdən göyün yeddinci qatında" olduqlarını və "xeyir-dualara görə minnətdarlıqlarını" bildiriblər.

XS
SM
MD
LG