Accessibility links

ABŞ prezidentliyinə yeni seçilmiş Donad Tramp bu ayın əvvəli qalib gəldiyi səsvermə ilə bağlı əsassız seçki saxtakarlığı iddialarını yenidən dilə gətirib.

Tramp öz Tvitter səhisəfində yazıb ki, “milyonlarla qanunsuz səs hesaba alınmasa Seçki Kollegiyasında böyük fərqlə qələbə əldə etməklə yanaşı” o, ümumi səsvermədə də Demokrat Hillari Klinton üzərində qələbə çala bilərdi.

Bundan dörd saat sonra isə o, noyabrın 8-də Klintona məğlub olduğu Virciniya, Nyu Hempşir və Kaliforniya ştatlarındakı nəticələri sual edib.

Son günlər Tramp Yaşıllar partiyasının namizədi Cil Stayn və daha sonra ona qoşulan Klinton kampaniyasının Trampın cüzi fərqlə qalib gəldiyi Viskonsin ştatında səslərin yenidən hesablanması ilə bağlı çağırışlarını qınayıb.

Seçki günündən öncə o tez-tez seçki prosesinin saxta olduğu ilə bağlı bəyanatlar vermiş, lakin bu iddiaları dəstəkləyəcək dəlillər irəli sürməmişdi.

Klintonun seçki vəkili Mark Elias Trampın tənqdilərindən sonra Tvitterdə bildirib: “Kampaniyamız seçkidə qalib gələn, ancaq səsvermə zamanı saxtakarlığın olduğunu düşünən insanın bizdən istəmədiyi halda səslərin yenidən hesablanma prosesinə başladığımıza görə hücuma məruz qalırıq.”

Viskonsin, Pensilvaniya və Miçiqanda səslərin təkrar hesablanmasının seçki nəticələrinə təsir göstərməyəcəyi gözlənilir.

Tramp ümumi səsvermədə 2 milyon səslə Klintondan geridə olmasına baxmayaraq, ABŞ-da prezidentlərin seçilməsində istifadə edilən sistemə görə Seçki Kollegiyasının səslərinin əksəriyyətini qazandığı üçün yanvar ayında vəzifəsinin icrasına başlayacaq.

Show comments

XS
SM
MD
LG