Accessibility links

Tramp mühacirət prioritetlərini açıqlayıb [Video]


Amerika Birləşmiş Ştatları prezidentliyinə Respublikaçı namizəd Donald Tramp ABŞ-da yaşayan qanunsuz mühacirləri təqib etmək vədini təkrarlayıb və beləliklə həftələrdir onun bu məsələ ilə bağlı tonunu yumşaldacağına dair spekulyasiyalara son qoyub.

Milyarder, daşınmaz əmlak maqnatı çərşənbə günü Arziona ştatının Feniks şəhərindəki çıxışında bir sıra məqsədlərini sadalayıb. Onun ən böyük vədi isə ABŞ-la Meksika arasında 3200 kilometr uzunluğunda sərhəddə divar inşa etməkdir.

Bizim prioritetimiz cinayətkarlar, qanqster üzvləri, təhlükəli şəxsləri, viza müddətindən artıq qalanları, ictimai qanunu pozanları deportasiya etmək olacaq

“Meksika divarın xərclərini ödəyəcək. 100 faiz. Onlar hələ ki, bunu bilmirlər, amma onlar divarın xərclərini ödəyəcəklər. Onlar gözəl insanlar, gözəl rəhbərlərdir, amma divarın xərcini ödəyəcəklər. İlk gündən etibarən biz cənubda keçilməsi mümkün olmayan, fiziki, hündür, möhkəm, gözəl divarın inşasına başlayacağıq,” deyə o bildirib.

Bundan əlavə Tramp bütün qanunsuz mühacirləri Birləşmiş Ştatlardan öz ölkələrinə deportasiya edəcək xüsusi işçi qrupu yaradacağına söz verib.

“Bizim prioritetimiz cinayətkarlar, qanqster üzvləri, təhlükəli şəxsləri, viza müddətindən artıq qalanları, ictimai qanunu pozanları deportasiya etmək olacaq,” deyə Tramp bildirib.

Trampın çıxışının aqressiv tonu daha öncə Mexiko şəhərində Meksika prezidenti Enrike Pena Nieto ilə keçirdiyi birgə mətbuat konfransındakı tonundan kəskin şəkildə fərqli idi.

Tramp müxbirlərə Nieto ilə divarın inşasının xərclərini ABŞ və ya Meksikanın ödəyəcəyini müzakirə etmədiklərini deyib. Lakin Meksika lideri bir sıra Tvitter mesajlarında Trampa açıq şəkildə ölkəsinin bu divarın xərclərini ödəməyəcəyini bildirdiyini deyib.

ABŞ-Meksika sərhədi

ABŞ-Meksika sərhədi

Noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampın rəqibi olacaq sabiq dövlət katibi Hillari Klinton çərşənbə günü bir qrup veterana deyib ki, Trampın Meksikaya səfəri onu göstərir ki, o, ABŞ prezidentinin malik olmalı olduğu liderlik keyfiyyətlərinə sahib deyil.

“Bunun üçün etibarlılıq və məntiqsizlik lazımdır. Bu şəxsi münasibətlər qurmaq kimidir, insanlar sənə etibar edə biləcəklərini, sənin bir gün bir söz, ertəsi gün tamamilə fərqli bir söz deməyəcəyini bilməlidir. Ən əsası isə bir il boyunca yağdırdığın təhqir və böhtanları bir-iki saatlıq qonşu ölkəyə gedib-gəlməklə ört-basdır etmək olmur. Bu, belə olmur,” deyə Klinton bildirib.

Pena Nieto Trampın seçki kampaniyası boyu dəstək almasına səbəb olan ritorikasının Meksika xalqı üçün təhqiredici olduğunu deyib. Tramp Birləşmiş Ştatların cənub qonşusunun iş yerlərini oğurladığını, ABŞ-a zorakı, cinayətkar və qatillər göndərdiyini və qanunsuz mühacirətin qarşısını almaq üçün heç bir səy göstərmədiyini deyib.

XS
SM
MD
LG