Accessibility links

Tramp iki neft kəmərinin inşası haqda sərəncamlar imzalayıb


Prezident Donald Tramp Obama administrasiyası tərəfindən dəstəklənən əsas layihələrin ləğvi istiqamətində daha bir addım ataraq, ABŞ-mərkəzində iki neft kəmərinin inşasının başlanılmasına dair sərəncam imzalayıb.

Trampın imzaladığı sərəncamlarda Kanadadan qumluq ərazilərdən təmizlənməmiş neftin ABŞ-ın Meksika körfəzi bölgəsindəki neft emalı zavodlarına daşınmasını nəzərdə tutan Keystone XL neft kəməri və Şimali Dakota ştatından nefti İllinoys ştatına nəql edəcək Dakota Access kəmərinin inşası haqda yeni müazakirələrə çağırılır.

2015-ci ildə Keystone layihəsinin ətraf mühitə mümkün təsirlərini diqqətlə nəzərdən keçirdikdən sonra Obama administrasiyası kəmərin inşasından imtina etmişdir.

Keçən il ABŞ Ordusunun mühəndislər korpusu Dakota Access layihəsinin qarşısını alıb, kəmərə alternativ yollar axtarılacağını bildirib. Buna səbəb kəmərin keçdiyi marşrutda Standinq Rok rezervasiyasında (Standing Rock Siux tribe) yerli amerikalıların Siu tayfası və onların tərəfdarlarının layihənin içməli su və Amerika hindularının mədəniyyət abidələri üçün təhlükə yaratdığını bildirərək etiraz aksiyaları keçirməsi olmuşdu.

Tramp bildirib ki, ABŞ Keystone layihəsinin şərtlərini Kanada rəsmiləri ilə yenidən müzakirə etməlidir. O əlavə edib: "Əgər onlar bunu istəsələr, biz kəmərin inşa edilə bilib-bilməyəcəyimizə baxacağıq. Çoxlu iş yeri, 28 min iş yeri var. Bu, böyük tikinti layihəsidir."

Tramp həmçinin kəmərin inşası üçün materialların Birləşmiş Ştatlarda istehsal edilməsini tələbini nəzərdə tutan qərar imzalayıb.

ABŞ-ın yeni prezidenti eyni zamanda, ətraf mühitlə bağlı narahatlıqların nəzərdən keçirilməsi və istehsal təkliflərinin təsdiq edilib-edilməməsinin müəyyən edilməsinə dair sərəncamlar verib.

Tramp neft kəmərləri layihələri ilə bağlı qərarların dəyişdirilməsinə Ağ Ev uğrunda uzun sürən kampaniyası zamanı söz vermişdi. Bazar ertəsi günü Tramp daha bir kampaniya vədini yerinə yetirərək, ABŞ-ın 12 ölkənin daxil olduğu Trans-Sakit okeanı Tərəfdaşlığı Ticarət (TPP) razılaşmasından çıxması haqda qərar verib.

Trans-Sakit okeanı Tərəfdaşlığı ticarət razılaşması 2009-cu ildə Barak Obamanın hakimiyyəti dönəmində razılaşdırılmış, lakin Konqres tərəfindən ratifikasiya edilməmişdi. Ticarət razılığına daxil olan digər ölkələr Yaponiya, Avstraliya, Yeni Zelandiya, Malayziya, Çili, Kanada və Meksikadır.

Müşahidəçilər TPP razılaşmasını tarixdə ən iri regional ticarət razılığı kimi dəyərləndirirdi. Belə ki, bu anlaşmaya daxil olan ölkələr dünya iqtisadiyyatının 40 faizini, dünya ticarətininsə üçdə birini təşkil edir.

XS
SM
MD
LG