Accessibility links

Donald Tramp Şimali Koreya lideri ilə danışıqlara açıq olduğunu deyib


Prezidentliyə respublikaçı namizəd Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla ölkəsinin nüvə proqramının dayandırılması ilə bağlı müzakirələrə açıq olduğunu deyib. "Mən onunla söhbət etmək istəyərdim, onunla danışmaq mənim üçün problem olmazdı" deyə Tramp Reuters xəbər agentliyinə müsahibəsində bildirib.

Donald Tramp həmçinin deyib ki, o, Birləşmiş Ştatların Çin üzərində iqtisadi nüfuzundan istifadə edərək, Çin hökumətinə problemin həllində rol oynaması üçün təzyiq göstərməyə çalışmaq istərdi.

BMT Şimalı Koreyaya qarşı nüvə proqramı və qadağan edilmiş raket sınaqları ilə əlaqədar bir neçə raund sanksiyalar tətbiq edib.

Çin, Birləşmiş Ştatlar, Cənubi Koreya, Rusiya və Yaponiyanın Şimalı Koreya ilə nüvə fəaliyyətlərinin dayandırmasına dair müzakirələr 2008-ci ildə dayandırılıb.

Trampın noyabr seçkilərində çox guman rəqibi olacaq sabiq dövlət katibi Hilları Klintonun müşaviri Ceyk Sallivan respublikaçı namizədin bəyanatını tənqid edib. O, Trampın bundan əvvəl Britaniyanın baş naziri Deyvid Kameronla yaxşı münasibətdə olmayacağı haqda açıqlamalarını vurğulayıb.

"Donald Tramp bizim ən yaxın müttəfiqimizi təhqir edir, sonra isə Kim Conq Inla danışıqlar aparmaq istədiyini deyir"-deyə o bildirib.

Donald Tramp isə Reuters agentliyinə müsahibəsi zamanı Kameronun hazırda problemləri olduğunu deyib, lakin gələcəkdə onların ikisi arasında münasibətlərin yaxşı səviyyədə olacağına əmin olduğunu bildirib.

XS
SM
MD
LG