Accessibility links

Bakının azad edilməsinin 97-ci ildönümü – “Türk əsgəri” abidəsinin ziyarəti [Video]


Milli Şura Türkiyə Ordusunun terrorizmə qarşı hazırki mübarizəsini dəstəkləyir

Sentyabrın 15-də Bakının Qurtuluşunun 97-ci ildönümüdür.

Bu gün Milli Şura, Müsavat, Vətəndaş Həmrəyliyi partiyaları və digər ictimai-siyasi qurumlar, ictimaiyyətin çoxsaylı nümayəndələri Şəhidlər Xiyabanında Bakının azadlığı uğrunda həlak olmuş Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış “Türk Əsgəri” abidəsini ziyarət edib.

Türk nizami qüvvələrindən və Azərbaycan könüllülərindən təşkil olunmuş Qafqaz İslam Ordusu Gəncədən Bakıya doğru bir tarix, bir hekayə yaratdı. Bakını sentyabrın 15-də, Qurban bayramı günü azad etdilər. Nə qədər Azərbaycan xalqı var, bu gün qeyd olunacaq.

1918-ci ildə Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak hərbi birliyinin işğalından azad edib. Döyüşlərdə minlərlə türk hərbçisi həlak olub.

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, Bakının azad edilməsi Azərbaycan tarixinin önəmli bir səhifəsidir.

“1918-ci ilin bu ağır dövründə Rusiya və digər güclər Bakı istisna olmaqla Azərbaycanın müstəqilliyini tanımaq istədiyini bildirirdi. Lakin türk nizami qüvvələrindən və Azərbaycan könüllülərindən təşkil olunmuş Qafqaz İslam Ordusu Gəncədən Bakıya doğru bir tarix, bir hekayə yaratdı. Bakını sentyabrın 15-də, Qurban bayramı günü azad etdilər. Nə qədər Azərbaycan xalqı var, bu gün qeyd olunacaq. Sentyabrın 15-i Azərbaycan xalqının milli bayramları sırasına daxil edilməlidir və daim yaşamalıdır”, Həsənli qeyd edib.

AXCP sədri Əli Kərimli bildirib ki, Bakının işğaldan azad edilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra Azərbaycan xalqının ən əlamətdar günüdür.

”Çünki o təlatümlü illərdə cızılmış sərhədlər bir çox millətlərin sonrakı taleyini müəyyənləşdirdi. Nə yaxşı ki, o illərdə Türkiyədən gələn qardaşlarımızın və Azərbaycan könüllülərinin iştirakı ilə biz Bakını azad edə bilmişik. Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının birbaşa rəmzidir”, o qeyd edib.

Kərimlinin fikrincə, Azərbaycan-Türkiyə qardaşlığı hökumətlərin münasibətlərinə deyil, xalqların birliyinə əsaslanır.

Biz bu gün Bakının azadlığı uğrunda şəhid olan əsgərlərin abidəsi önündə həm də türk ordusu ilə həmrəyliyimizi ifadə edirik.

“Türkiyədə və Azərbaycanda hökumətlər fərqli olur və bu gün də belədir. Azərbaycan-Türkiyə qardaşlığı bütün hökumətlərin dövründə yaşayır və yaşayacaq. Amma, demokratik hökumətlər dövründə bu qardaşlıq daha inamlı olur”.

AXCP sədrinin sözlərinə görə, Türkiyə-Azərbaycan qardaşlığı indi də çətin zamandan keçir.

“Türk ordusu hal-hazırda vətənin bölünməməsi üçün (terrorizmə qarşı mübarizə-red) çox rəşadətlə mübarizə aparır, yüzlərlə şəhid verir. Biz bu gün Bakının azadlığı uğrunda şəhid olan əsgərlərin abidəsi önündə həm də türk ordusu ilə həmrəyliyimizi ifadə edirik. Biz Türkiyə Ordusunun dövlət bütövlüyü uğrunda apardığı mübarizəyə dəstəyimizi ifadə etməliyik. Hər kəs bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığının açılmamış potensialı var”, o qeyd edib.

XS
SM
MD
LG