Accessibility links

ABŞ paytaxtında ənənəvi Türk festivalı [Video]


Paytaxt Vaşinqtonda hər il olduğu kimi bu il də Türk festivalı keçirilib. Ağ Evin yaxınlığında yerləşən Freedom Plazada keçirilən festival amerikalıların böyük marağına səbəb olub. Festivala gələn qonaqlar türk qəhvəsi və ləziz yeməklərə qonaq edilib, incəsənət və əl işləri, Türk xalqlarının musiqisi ilə tanış olmaq imkanı əldə edib.

Festivalın təşkilatçısı Gizem Salcigil bildirib ki, hər il festival çərçivəsində mədəni tədbirlərin sayı getdikçə çoxalır. O, festivaldan bir gün əvvəl Türkiyənin Hacəttəpə və ABŞ-ın Hovard Universitetlərinin musiqi kollektivlərinin Vaşinqtonda Linkoln Memorialında birgə konsertinin təşkil edildiyini deyib.

Builki festivalda daha bir yenilik Türkiyənin məhşur un məmulatı növü olan “Simit”in Amerikada tanıdılması oldu. Amerikada ərzaq məhsullarının satışı sahəsində 15 illik təcrübəyə malik olan Başar Akkuzu deyir ki, Vaşinqtonda əsl Türk simitinin satışı planlaşdırılır.

Türk festivalı artıq 13 ildir təşkil olunur. Paytaxt Vaşinqtonun ən populyar mədəni tədbirlərindən birinə çevrilmiş festivalın təşkilatçıları deyir ki, əsas məqsəd Türk mədəniyyəti və tarixini amerikalılara tanıtmaq, ölkələr və xalqlar arasında dostluğu tərənnüm etməkdən ibarətdir.

XS
SM
MD
LG