Accessibility links

Nyu-Yorkda Türkdilli dövlətlərin əməkdaşlıq şurasının xarici işlər nazirləri görüşüb


Türkdilli dövlətlərin əməkdaşlıq şurasına üzv dövlətlərin bayraqları

Türkdilli dövlətlərin əməkdaşlıq şurasına üzv dövlətlərin bayraqları

Türkdilli dövlətlərin mədəniyyət və irs fondunun yaradılması təşəbbüsü dəstəklənib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Türkdilli dövlətlərin əməkdaşlıq şurasının xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Məmmədyarov hazırda Türkdilli dövlətlərin əməkdaşlıq şurasının sədr dövləti kimi Azərbaycanın təşkilatın rolunun genişləndirilməsi, fəaliyyətinin və imkanlarının artırılmasına xüsusi diqqət yetirdiyini vurğulayıb.

Nazir Məmmədyarov üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Bakı-Tbilisi-Qars dəmir yol xətti və Trans Avrasiya super informasiya magistralı layihələrinin kəsb etdiyi əhəmiyyət qeyd edib.

Nazir Türkdilli dövlətlərin əməkdaşlıq şurasının üzv dövlətlər arasında beynəlxalq arenada bir-birilərini dəstəkləmək üçün səmərəli platforma rolunu oynadığını diqqətə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Azərbaycana göstərilmiş dəstəyə görə üzv dövlətlərə təşəkkür bildirib.

Məmmədyarov Azərbaycanın Türkdilli dövlətlərin əməkdaşlıq şurasının himayəsi altında Türkdilli dövlətlərin mədəniyyət və irs fondunun yaradılması təşəbbüsünü yaxından dəstəklədiyini də diqqətə çatdırıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısında təsis edilib. Əməkdaşlıq Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikalaır daxildir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası və katiblikdən ibarətdir.
XS
SM
MD
LG