Accessibility links

Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransı keçirilib


Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransı keçirilib

Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransı keçirilib

Oktyabrın 8-də Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclası keçirilib.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr idarəsinin məlumatına görə, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndə heyətləri iştirak edib.

Dünyada və regionda təhlükəsizliyə, sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində tərəfdaş xüsusi xidmət orqanları ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məqsədilə tədbirə müşahidəçi qismində Rusiya, Ukrayna və Gürcüstanın müvafiq strukturlarının yüksək vəzifəli nümayəndələri də qatılıb.

Eldar Mahmudov və Ramiz Mehdiyev

Eldar Mahmudov və Ramiz Mehdiyev

Azərbaycan Milli Təhlükəsizlik naziri Eldar Mahmudov konfrans iştirakçısı olan dövlətlər, eləcə də bir çox ölkələr üçün ciddi təhlükə doğuran hüquqazidd əməllərə əlverişli və münbit şərait yaradan, xüsusilə terrorçuluq, dini ekstremizm və nəzarətsiz ərazilər kimi reallıqlara birmənalı və bir mövqedən yanaşmanın zəruri olduğunu bildirib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasının region üçün daim təhdidlər doğuracağını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

“Təəssüf ki, “İslam dövləti” terrorçu təşkilatının timsalında artıq beynəlxalq ictimaiyyət silahlı separatçılığın daha təhlükəli nümunəsi ilə üzləşib. Bir neçə ölkənin ərazisində fəaliyyət göstərən və öz nüfuz dairəsini genişləndirməyə çalışan bu terrorçu təşkilat qlobal miqyasda beynəlxalq sabitliyə ciddi təhlükə yaratmaqdadır”, Mahmudov qeyd edib.

Təəssüf ki, “İslam dövləti” terrorçu təşkilatının timsalında artıq beynəlxalq ictimaiyyət silahlı separatçılığın daha təhlükəli nümunəsi ilə üzləşib.

Eldar Mahmudov

Eldar Mahmudov türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında dinamik sürətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib, milli təhlükəsizliyinin səmərəli təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan terrorçuluq və digər transmilli cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılması sahəsində xüsusi xidmət orqanlarının əməkdaşlıq perspektivləri barədə danışıb.

Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinin direktoru Qabit Bayjanov terrorçuluğa zəmin yaradan radikallaşma proseslərinə qarşı görülən tədbirləri qeyd edib və hər cür ekstremist təzahürlərlə mübarizədə işbirliyinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə digər iştirakçıların da çıxışları və multimedia təqdimatları maraqla qarşılanıb, transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən beynəlxalq terrorçu və dini-ekstremist təşkilatlara qarşı mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi yolları, həmçinin müxtəlif təhdid və cinayətlər barədə əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Azərbaycan prezidenti İlham Əliyev də Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçılarını qəbul edib.

İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının rəhbərlərini qəbul edib

İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının rəhbərlərini qəbul edib

Prezident bildirib ki, iştirakçı ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəsizliyin möhkəmləndirilməsinə, risklərin minimallaşdırılmasına böyük diqqət yetirilir.

“Deməliyəm ki, ölkə daxilində potensial təhdid və risklər yoxdur. Ancaq əlbəttə, bizim yerləşdiyimiz regionda baş verən prosesləri dəqiqliklə izləməli və ölkəmizin, xalqımızın təhlükəsizliyini maksimum təmin etməliyik ki, Azərbaycan bundan sonra da inkişaf və tərəqqi yolunu davam etdirsin. Möhkəm təhlükəsizlik sistemi, ictimai-siyasi sabitlik olmadan heç bir ölkədə inkişaf mümkün deyil”, o qeyd edib.

Liyev deyib ki, dünyada və regionda vəziyyət çox sürətlə dəyişir.

“Həm də, təəssüf ki, yaxşı tərəfə yox. Mövcud təhdidləri aradan qaldırmaq əvəzinə, biz yeni təhdidlərin - həm real, həm də potensial münaqişə ocaqlarının yarandığını görürük. Amma hələ ki, biz regionlarımızdakı münaqişələrlə bağlı nizamlanma istiqamətində heç bir müsbət perspektiv müşahidə etmirik. Belə bir şəraitdə sizin qarşınızda əlbəttə ki, yeni vəzifələr - beynəlxalq vəziyyətin daha da gərginləşdiyi şəraitdə ölkələrimizin təhlükəsizliyinin, milli təhlükəsizliyinin, dövlət təhlükəsizliyinin təmin edilməsi durur. Hesab edirəm ki, bu halda risklərin azaldılmasının ən vacib amillərindən biri məhz sizin fəaliyyətin əlaqələndirilməsidir. Xüsusi xidmət orqanları rəhbərləri arasında çox xoş, etibarlı, dost münasibətlər olmalıdır ki, siz bir çox məsələləri operativ şəkildə həll edəsiniz və bir-birinizə kömək göstərəsiniz.

Mövcud təhdidləri aradan qaldırmaq əvəzinə, biz yeni təhdidlərin - həm real, həm də potensial münaqişə ocaqlarının yarandığını görürük. Amma hələ ki, biz regionlarımızdakı münaqişələrlə bağlı nizamlanma istiqamətində heç bir müsbət perspektiv müşahidə etmirik.

İlham Əliyev

Müasir dünyada heç bir ölkə öz təhlükəsizliyini təkbaşına tamamilə həll edə bilməz. Biz hamımız bir-birimizə bağlıyıq. Bu şəraitdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin həllinin vacibliyində operativ informasiya mübadiləsi, birgə səylərlə qarşılıqlı dəstək xüsusi əhəmiyyət kəsb edir. Bu, bütün zamanlarda vacib amil olub, bugünkü dünyada isə xüsusilə vacibdir.

Bu gün beynəlxalq terrorizmlə mübarizə dünya birliyinin üzvü olan əksər ölkələri birləşdirir. Hesab edirəm ki, terrorçuluq vətəndaşların təhlükəsizliyinə ən əsas hədədir. Təəssüf ki, biz yeni terror təşkilatlarının yarandığını və meydana çıxdığını görürük. Onlar yeni mübarizə üsullarından istifadə edirlər. Əlbəttə ki, xüsusi xidmət orqanları buna qarşı təsirli cavab verməyə və bu risklərin aradan qaldırılmasına hazır olmalıdır”, president bildirib.

Dövlət başçısı Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə həmişə çox fəal iştirakını qeyd edib.

“Biz beynəlxalq terrorizmə qarşı mübarizənin fəal üzvüyük. Biz regional təhlükəsizliyin möhkəmlənməsinə çox böyük töhfə veririk. Hesab edirəm ki, Azərbaycan bizim yerləşdiyimiz regionda sabitliyin möhkəmləndirilməsində çox mühüm rol oynayır. Sabitlik və inkişaf gündəlik həyatdan təcrid edilə bilməz. Terrorçuluqla mübarizə bütün bəşəriyyətin işi olmalıdır. Bu işdə vahid yanaşmalar, bütün ölkələrin səylərinin əlaqələndirilməsi vacibdir. Heç bir halda terrorçuları yaxşı və pisə ayırmaq olmaz. Yəni, guya yaxşı sənin düşməninə qarşı olan, pis isə sənə qarşı olandır. Tarix dəfələrlə göstərib ki, terrorçuluq elementləri ilə istənilən “oyunlar” son nəticədə bununla məşğul olan ölkələrə təhdidlər yaradır. Ona görə, dünya birliyinin beynəlxalq terrorçuluqla mübarizədə səylərinin birləşdirilməsi regional və beynəlxalq təhlükəsizliyin əsas şərtidir.

Siz yəqin ki, bilirsiniz, Azərbaycan həm də terrorizmdən zərər çəkən ölkədir. Müstəqilliyin ilk illərində, 1990-cı illərin ərəfəsində və 1990-cı illərin əvvəllərində erməni terrorçu təşkilatları bizim ərazimizdə 30-dan çox terror aktı törədib. Onlar metronu, gəmiləri, şəhərlərarası avtobusları partladıblar. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız Azərbaycan vətəndaşı həlak olub.

Yəni, biz beynəlxalq terrorçuluğun nə olduğunu öz üzərimizdə hiss etmişik, xüsusilə beynəlxalq birliyin bu problemlərə laqeyd qaldığı bir zamanda. Biz 1990-cı illərin əvvəllərində beynəlxalq terrorizmlə təkbətək qalmışdıq. Biz terrorizmə qarşı mübarizədə beynəlxalq birlikdən heç bir kömək almadıq və öz gücümüzlə bu şər qüvvəni əzə bildik, kökünü kəsdik və Azərbaycan vətəndaşlarına bu qədər dərd, bəla gətirənləri cəzalandıra bildik”.

Prezident Azərbaycana qarşı terror hücumlarının 1990-cı illərin əvvəllərindən başlandığını xatırladıb.

“Azərbaycan torpaqlarının 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasətinin tərkib hissəsi idi. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin təxminən 20 faizi işğal olundu, 1 milyondan çox Azərbaycan vətəndaşı öz Vətənində qaçqın və məcburi köçkünə çevrildi. Biz son dərəcə ağır humanitar fəlakətlə üzləşdik”.

Bu arada dövlət başçısı münaqişə nəticəsində minlərlə Azərbaycan vətəndaşının həyatını itirdiyini, Xocalı faciəsinin törədildiyini xatırladıb.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə, sabitliyə böyük hədədir. Bu, bütün beynəlxalq hüquq normalarının pozulmasıdır. Ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilmir. Biz BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını tələb edirik. Bu, bizim qanuni tələbimizdir. Azərbaycan ictimaiyyəti BMT Təhlükəsizlik Şurası qətnamələrinin bəzi hallarda bir günə yerinə yetirildiyinə, bizim vəziyyətdə isə 20 ildən çox vaxt keçməsinə və qətnamələrin kağız üzərində qalmasına çox təəccüblənir, amma yəqin ki, böyük dərəcədə narazıdır. Bu, ikili standart siyasətidir. Bu, beynəlxalq hüquqa, ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurasının qərarına hörmətsizlikdir”, o qeyd edib.

Türkiyə Milli İstihbarat Təşkilatının müstəşarı Hakan Fidan deyib ki, transmilli cinayətkarlıqla, xüsusən mütəşəkkil cinayətkarlıqla mübarizə məsələsi əsas yer tutur.

“Bu masa arxasında nümayəndələri əyləşən ölkələrin xüsusilə radikalizmlə bağlı əməkdaşlığının əvvəlki illərlə müqayisədə daha yaxşı səviyyəyə çatdığını sizə bildirməkdən məmnunluq duyuram. Amma bu fəaliyyəti daha da inkişaf etdirməliyik”, o qeyd edib.

XS
SM
MD
LG