Accessibility links

Türkiyənin sabiq ordu başçısı da daxil edilməklə, yüzlərlə yüksək səviyyəli hərbi zabitlərin həbsi NATO-ya daxil olan türk ordusuna böyük son zərbə oldu. Ordudan istefaların artması və məhkəmənin çıxardığı hökmlə bağlı sualların çoxalması regiondakı gərginliyi bir az da artırır.

Bazar ertəsi Türkiyə məhkəməsi sabiq ordu başçısı da daxil edilməklə, 19 nəfərə qarşı hakimiyyəti devirmək cəhdləri ittihamı irəli sürərək, onları ömürlük həbs cəzasına məhkum etdi. Onlarla insana isə uzun illik həbs cəzaları verildi. Bu, 1923-cü ildə təsis ediləndən bəri dünvəvi türk ordusunda ən irimiqyaslı həbs dalğasıdır.

Türkiyənin sabiq hərbi pilotu, hazırda isə Hüriyyət qəzetinin müxbiri Metehan Dəmir məhkəmənin qərarının kritik vəziyyətdə olan Türkiyə silahlı qüvvələrinin nüfuzunu zəiflədə biləcəyini deyir. “Türkiyə ordusunda bir neçə vəzifə var ki, bunları dördulduzlu generallar tutmalıdırlar. Amma hazırda bu mövqelərə iki yaxud üçulduzlu generallar rəhbərlik edir, çünki ölkənin dördulduzlu generalları ya həbsdədir ya da məhkəmə prosesindədirr. Başqa tərəfdən Türkiyənin İran və Suriya ilə ciddi problemləri var."

Türkiyə hərbi qüvvələri üzrə ekspert Qaret Cenkins silahlı qüvvələrdəki əhval-ruhiyyənin ölkə boyu bütün hərbiçilərə təsir edə biləcəyini deyir. “Kimlər ki həbsdə deyil, çox ehtiyatlıdırlar və bir-birləri ilə ünsiyyətdə çox ehtiyatla davranırlar. Onlar hətta təlimlərə belə getmək istəmirlər, çünki təlimlərdən bir-iki ay sonra onlar hərbi çevriliş etmək ittihamı ilə üzləşə biləcəklərindən qorxurlar. Çox sayda zabit erkən təqaüdə çıxmağı planlaşdırır.”

Türkiyə mediasının bildirdiyinə görə, bu ilin əvvəlindən bəri yüzə qədər hərbi pilot istefa verib. Keçən il də, işlə bağlı istintaqın davam etdiyi müddətdə yüksək səviyyəli hərbi zabitlər arasında istefa verənlər oldu.

Bu təhqiqatlara baxmayaraq baş nazir Rəcəb Tayyib Ərdoğan silahlı qüvvələrin sabiq komandanı İlker Başbuğun terror təşkilatına rəhbər olmaq ittihamı ilə məhkum edilməsini “qəbuledilməz” adlandırıb.

Hürriyet qəzetinin müxbiri Dəmir cənab Ərdoğanın məhkəmənin qərarından təəssüflənməyə səbəbi olduğunu deyir: “Türkiyə hökumətinin düşmənlərinə güclü orduya malik olduğunu göstərmək istədiyi bir vaxt o, çox sayda generalın həbs edilməsini istəməzdi.”

Məhkəmənin hökmünə münasibət bildirən Türkiyənin baş nazir müavini Bülənt Arınc hələ ki, məhkəmə işinin tam başa çatmadığını və Türkiyə Ali Məhkəməsinin məsələni götür-qoy edəcəyini deyib.

Müşahidəçilərin dediyinə görə isə hökumətlə hazırkı ordu rəhbərliyi arasında münasibətlər düzəlir. Dəmir yaxşı münasibətlərin ordunun bərpa edilməsinə müsbət təsir edəcəyini deyir.

Suriyada vəziyyət pisləşdikcə həm hökumət həm də silahlı qüvvələrin effektiv əməkdaşlığına ehtiyac artır. Güman etmək olar ki, hər iki tərəf yaxın vaxtlarda bazar ertəsinin məhkəmə qərarının doğurduğu fəsadları aradan qaldırmağa çalışacaq.
XS
SM
MD
LG