Accessibility links

Türkiyə parlamenti azyaşlı qızları zorladıqdan sonra evlənən kişilərin əvfi ilə bağlı qanun layihəsini geri çəkib


Türkiyə parlamenti azyaşlı qızları zorladıqdan sonra evlənən kişilərin əvfi ilə bağlı qanun layihəsini geri çəkib.

Türkiyənin baş naziri Binəli Yıldırım sənədin səsə qoyulmazdan bir neçə saat əvvəl geri çəkildiyini bəyan edib. Ölkə boyu baş qadıran etirazlar fonunda baş nazir deyib ki, qanun layihəsi bir daha nəzərdən keçiriləcək.

Binəli Yıldırım
Binəli Yıldırım

Yıldırım qanun layihəsinin bir daha parlament komissiyasında müzakirəyə çıxarılacağnı deyib. O əlavə edib ki, GHT-lər, vətəndaşlar, ekspertlər və ziyalıların təklifləri nəzərə alınaraq, qanun layihəsinə düzəlişlər ediləcək.

Layihə Türkiyənin bütün müxalif partiyalarının narazılığına səbəb olub. Lakin Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdə əksəriyyət təşkil etməsi ilə sənəd rahatlıqla təsdiq edilə bilərdi.

Qanun layihəsini hakim partiyanın millət vəkilləri irəli sürüb və hökumət bu qanun layihəsini dəstəkləyib, ancaq müxalifət, uşaq və qadın hüquq müdafiə təşkilatları buna sərt reaksiya verib.

Qanun layihəsi ilə bağlı konsensusa çağıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tənqidlərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Qanun layihəsinə bəraət

Ədliyyə naziri Bekir Bozdağ sənədin rəsmi nikaha malik olmadıqları üçün erkən yaşda evlənənlərin nəzərdə tutduğunu deyərək, təcavüz törədənlərin buna şamil edilmədiyini bildirib.

İctimaiyyətə tam başa sala bilmədik ki, erkən yaşda evliliklər təəssüf ki, davam edir

“İctimaiyyətə tam başa sala bilmədik ki, erkən yaşda evliliklər təəssüf ki, davam edir. İnsanlar evlənirlər, lakin rəsmi nikaha malik olmadıqları üçün həkimlər doğulan körpələr barədə hüquq-mühafizə orqanlarına məlumat verir, ata həbsə salınır, qadın da qucağındakı körpəsi ilə ortada qalır. Məhkəmələr qadınların razılığını nəzərə almır. Bu insanlar təcavüzkar deyil. 3 mindən artıq insan bu durumdadır. Onları 16 il müddətinə azadlıqdan məhrumiyyət gözləyir” – deyə nazir qanun layihəsinə bəraət qazandırmağa çalışıb.

Etirazlar

Türkiyə boyu minlərlə adam zorladığı qızla təcavüzkarın evləndiyi təqdirdə onun azadlığa çıxmasına imkan yaradan qanun layihəsi əleyhinə etiraz aksiyası keçirib.

İstanbulun Asiya tərəfində keçirilən aksiyada 3 min adam iştirak edib.

Etirazçıların qaldırdığı şüarlar arasında “AKP, bədənimdən əlini çək” şüarı olub.

Qanun təsdiq edilsə idi, əfv 3 800-ə yaxın adama şamil edilə bilərdi.

İnsan hüquqları təşkilatları yeni qanunun Türkiyədə onsuz da böyük problem olan azyaşlı qızların ərə verilməsi praktikasını legitimləşdirə biləcəyini deyir.

BMT-nin keçirdiyi sorğulara görə, Türkiyədə 15 faiz evliliklərdə partnyorların biri qanuni evlilik yaşından aşağı olanlardır. Onların 1 faizi 15 yaşından aşağı qızlardır.

Türkiyədə rəsmi evlənmə yaşı 18-dir.

XS
SM
MD
LG