Accessibility links

Baş nazir Erdoğan məsələnin gündəmə gətirilməli olduğunu deyib

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan ölüm cəzasının qaytarılmasının nəzərdən keçirildiyini bildirərək, bunun səbəbini ölkədə terrorizmə dəstəyin artması ilə izah edib. Son zamanlar Türkiyədə kürdlərin yaraqlı qrupu olan PKK-nın hərbi əməliyyatlarının artması müşahidə olunur. Qrupun başçısı Abdulla Ocalan həbsdədir.

Baş nazir Ərdoğan son həftələr etdiyi bir neçə çıxışda ölüm hökmünün qaytarıla biləcəyinə işarə edib.

O, ölüm və qətl hallarının mövcud olduğu şəraitdə ölüm hökmünün qaytarılması məsələsinin masa üzərinə çıxarıla biləcəyini deyib. Cənab Ərdoğan bu açıqlamaları partiyasının tərəfdarlarının mitinqində deyib.

Türkiyədə sonuncu dəfə ölüm hökmünün icrası 1984-cü ildə hərbi hökumət dövrü baş verib. Buna baxmayaraq, ölüm cəzası rəsmən 2004-cü ildə ləğv edilib. Baş nazir Ərdoğan açıqlamalarını Türkiyə hökumətinin PKK-ya qarşı mübarizəni artırdığı vaxtda verir.

Cengiz Aktar “Today’s Zaman” qəzetinin yazarıdır. “Baş nazir döyüşlərdə övladlarını itirmiş valideynlərə görə bu mesajı verir. Bu, onun 2001-ci ildə dediklərindən tamamilə fərqli sözlərdir. O zaman o, müxalifətdə idi, onun partiyası yeni yaranmışı və o, ölüm hökmünün ləğvi məsələsində tam qəti bir mövqedə idi. On il keçdikdən sonra o, mövqeyini tamamilə dəyişib.”- deyə Cengiz Aktar bildirib.

İstanbulda Marmara universitetinin siyasi elmlər doktoru Yüksel Taşkının fikrincə, baş nazirin mövqeyinin dəyişməsinin əsas səbəbi 2014-cü il prezident seçkiləri ilə əlaqədardır. “Ən mühüm vəzifə prezident postunu ələ almaq və sistemi prezidentlik, ya da yarı-prezidentlik sisteminə çevirməkdir. Buna nail olmaq üçün o, millətçilərin səslərini almalıdır”-deyə o bildirir.

Cənab Ərdoğan konstitusyanın dəyişdirilib prezidentlik sisteminin tətbiqinə nail olmaq üçün parlamentin üçdə-ikisinin səsini almalıdır. Bunun üçün isə o, Milliyyətçi Hərəkat partiyasının dəstəyini qazanmalıdır. Partiya ölüm hökmünün qaytarılması, xüsusilə də kürdlərin həbsəd olan lideri Abdulla Ocalanın edamını tələb edən başlıca qüvvə kimi çıxış edir.

Abdulla Ocalan haqda ölüm hökmü çıxarılsa da, ölüm cəzasının ləğv edilməsindən sonra onun cəzası ömürlük həbslə əvəz edilmişdir. Türkiyə ölüm cəzasını Avropa İttifaqına üzv olmaq səylərinin bir hissəsi kimi ləğv etmişdir. Avropa siyasətçiləri Ankaraya ölüm cəzasının qaytarılması məsələsini nəzərdən belə keçirməməli olduğuna dair xəbərdarlıq ediblər. Lakin yazar Cengiz Aktarın sözlərinə görə, Ankaranın Avropa İttifaqına üzvlüyü məsələsinin dondurulduğu halda, beynəlxalq ictimaiyyətin təsiri olduqca zəifdir. Onun sözlərinə görə, baş nazir prezident olmaq üçün xaricdən gələn hər bir çağırışı əhəmiyyətsiz qoyacaq.

Türkiyə mətbuatında baş nazirin ölüm cəzasının qaytarılmasına dair çağırışları böyük siyasi ritorika kimi qiymətləndirilir. Lakin müşahidəçilər qeyd edir ki, prezident seçkisinə hazırlıqların getdiyi şəraidə kürd yaraqlıları ilə mübarizənin güclənməsi və baş nazirin hakimiyyətinə nəzarətin güclü olmaması nəzər alınsa, Türkiyədə hadisələrin inkişafını əvvəlcədən proqnozlaşdırmaq çox çətin olacaq.
XS
SM
MD
LG