Accessibility links

Türkiyə-Fransa münasibətlərində gərginliyin ərəb dünyasında əks-sədası

  • Amerikanın səsi

Türkiyə-Fransa münasibətlərində gərginliyin ərəb dünyasında əks-sədası

Türkiyə-Fransa münasibətlərində gərginliyin ərəb dünyasında əks-sədası

Fransa prezidentinin rəsmi Ankaranı Birinci Dünya müharibəsi dövrü ermənilərin qətllərini soyqırım kimi tanımağa çağırmasından sonra Türkiyə və Fransa arasında münasibətlərdə yeni bir gərginlik yaranıb. Türkiyə prezident Sarkozinin çağırışını rədd edərək, bunu seçkiqabağı ucuz oyun kimi qiymətləndirib. Lakin iki ölkə arasında münasibətlərgə gərginliyin belə görünür daha geniş regional təsirləri olacaq.

Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu Fransa prezidenti Nikola Sarkozinin Türkiyənin öz keçmişi ilə üzləşməli olduğuna dair çağırışını kəskin şəkildə rədd edib.

Rəsmi Ankara bildirir ki,1915 və 1923-cü illər arasında ermənilərin qətlləri Birinci Dünya müharibəsi dövrü, həmçinin Osmalı İmperatorluğunun süqutundan sonra yaranmış iğtişaşların nəticəsi idi. Lakin Ermənistan və onunla yanaşı bəzi ölkələr bunun soyqırım olduğunu bildirir.

Keçən həftə Ermənistana səfəri zamanı cənab Sarkozi soyqırımı rədd etməyin cinayət hesab edilməsinə dair qanun layihəsinin parlamentə təqdim oluna biləcəyinə işarə etdi.

Fransa prezidenti Ankara ilə münasibətlərdə daha bir ağrılı məqam olan Avropa İttifaqına üzvlük məsələsinə toxunaraq, Türkiyənin Avropa ölkəsi olmadığını bildirdi. Bu da öz növbəsində, iki ölkə arasında münasibətlərin gərginləşməsinə öz ciddi təsirini göstərdi.

Türkiyə hökuməti cənab Sarkozinin son açıqlamalarını gələn il Fransada prezident seçkilərindən əvvəl ucuz təbliğat adlandıraraq rədd edib. Lakin keçmiş türk diplomatı və Karneqi Avropa mərkəzində ekspert Sinan Ülgen deyir ki, iki liderin şəxsiyyəti də bu diplomatik qütbləşmə prosesinə öz təsirini göstərir.

“Hər iki siyasətçi müəyyən dərəcədə bir-birinə bənzəyir. Onların hər ikisinin çox güclü şəxsiyyəti və olduqca geniş proqramı var və buna görə də onlar bir yerdə olduqda xasiyyətlərin toqquşması münasibətlərə təsir edir”-deyə o bildirir.

Sinan Ülgen Fransa-Türkiyə münasibətlərində gərginliyin demokratikləşmə prosesinə keçən ərəb ölkələrinə təsirini qeyd edir.

“Bu yaxınlarda Ərəb Baharının başladığı vaxt Fransa və Türkiyə arasında rəqabətin artmasının şahidi olduq. Bu, xüsusilə özünü Türkiyənin təkcə nüfuzu deyil, həm də regionda iqtisadi əlaqələri genişləndirməyə çalışdığı vaxt özünü büruzə verdi. Fransa bəzi ölkələrdə əvvəllər onun üstün mövqeyinə indi Türkiyənin müəyyən mənada hədə yaratdığı nəzərə alınsa, belə görünür,Türkiyənin bu mövqeyindən ehtiyat edir”-deyə o bildirir.

Keçən ay Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Qahirədə Ərəb Liqasında çıxışı çoxları tərəfindən Fransaya üstüörtülü şəkildə hücum kimi qiymətləndirildir.

Paris və Ankara Liviyada nüfuza görə rəqabət aparır. Keçən ay Fransa və Türkiyə liderləri eyni gün Tripoliyə ayrı-ayrılıqda səfər etdi. Türk diplomatı Ülgenin fikrincə, bu rəqabət regionun hüdudlarından kənara çıxır. O bunun faydası ola biləcəyini desə də, risklərin olduğunu əlavə edir. O deyir ki, rəqabətin artması regionda iqtisadi inkişafa sözsüz xidmət edəcək. Lakin ekspertin sözlərinə görə, demokratiyaya keçid dövründə olan ölkələrə beynəlxalq ictimaiyyətin dəstəyi lazım olduqda Türkiyə-Avropa İttifaqı, habelə Türkiyə-Fransa əməkdaşlığının böyük köməyi ola bilərdi, lakin belə görünür, bu, baş verməyəcək.

Regionun olduqca mühüm tarixi bir mərhələyə qədəm qoyduğu vaxt müşahidəçilər ikitərtəfli münasibətlərdə gərginliyi, xüsusilə də Türkiyə və Fransa liderləri arasında şəxsi rəqabəti bölgədə sabitliyi pozacaq bir amil kimi qiymətləndirirlər.

XS
SM
MD
LG