Accessibility links

Baş nazir Ərdoğan:"Soyqırım görmək istəyənlər öz qanlı tarixlərinə baxsınlar"

  • Amerikanın səsi

Baş nazir Ərdoğan:"Soyqırım görmək istəyənlər öz qanlı tarixlərinə baxsınlar"

Baş nazir Ərdoğan:"Soyqırım görmək istəyənlər öz qanlı tarixlərinə baxsınlar"

Fransada ermənilərin iddia etdiyi soyqırımın tanınmasının cinayət hesab edilməsi ilə bağlı təklif edilmiş qanun Türkiyə və Fransa arasında gərginliyin mənbəyi olaraq qalır.

Türkiyə hökuməti qanunun qəbul edilməsinin qarşısını almaq məqsədilə Fransaya yüksək səviyyəli rəsmilərdən ibarət nümayəndə heyəti göndərib. Rəsmi Ankara İkinci Dünya müharibəsi dövrü ermənilərin qəttlərinin soyqırım olduğunu inkar edərək, müharibə dövrü çox sayda türkün də həlak olduğunu bəyan edir.

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan qanun layihəsini sərt tənqid edib: “Heç bir tarixçi, heç bir siyasətçi bizim tariximizdə soyqırım görə bilməz. Soyqırım görmək istəyənlər dönsünlər və öz kirli və qanlı tarixlərinə baxsınlar.”

Tarixçilər Birinci Dünya müharibəsi zamanı Osmanlı imperatorluğu dövrü 1,5 milyona qədər insanın öldüyünü bildirir. Bir neçə ölkədə qətllər soyqırım kimi tanınıb. Fransada təklif edilmiş qanuna əsasən, soyqırımın rədd edilməsi bir ilə qədər həbs cəzası və 58 min dollar cərimə ilə nəticələnə bilər.

Türkiyə və Fransa arasında münasibətlər Fransa prezidenti Nikola Sarkozinin Ankaranın Avropa İttifaqına daxil olmasına güclü etirazına görə onsuz da gərgindir. Cənab Ərdoğan qanun layihəsinin qəbul edildiyi halda bunun ciddi nəticələri olacağı ilə bağlı keçən həftə prezident Sarkoziyə xəbərdarlıq məktubu göndərib.

Türkiyənin “Milliyyət” qəzetində diplomatiya məsələləri üzrə şərhçi Smih İdiz belə xəbərdarlıqların ciddi qəbul edilməli olduğunu deyir: “Bu, ciddi məsələdir. Məncə, hökumət bunu böyük bir məsələyə çevirib. Bu, boşuna buraxılacaq bir məsələ deyil. İctimai fikrə baxsaq, bu türklər üçün ən həssas məsələlərdən biridir və buna səthi yanaşmaq olmaz.”

Soyqırım iddialarına etiraz adətən Türkiyədə ciddi fikir ayrılıqlarına malik olan müxalifət partiyalarını birləşdirən bir neçə məsələdən biridir.

Aparıcı müxalifət partiyası olan Cumhuriyyətçi Xalq partiyası mübahisəli qanun layihəsinin qarşısını almaq üçün Parisə öz nümayəndlərini göndərir. Milliyətçi Hərəkat partiyasının lideri Dövlet Bahçeli isə cənab Ərdoğanın Parisə münasibətdə sərt mövqeyinə dəstək verir.

Partiyalar tərəfindən belə bir dəstəyin Fransa-Türkiyə münasibətləri üçün daha ciddi nəticələri ola bilər.

Türkiyənin Fransadakı səfiri qanun layihəsi bu həftə parlamentdə qəbul ediləcəyi halda geri çağırıla biləcəyini bildirib.

Kadir Has universitetində beynəlxaq məsələlər üzrə ekspert Soli Öz bunun başlanğıc olduğu haqda xəbərdarlıq edir: “Fransa şirkətlərinin tenderlərdə iştirakına qadağa qoyula bilər. Gələcəkdə Fransa şirkətlərinin vəziyyəti çətinləşdirilə bilər. Harada mümkündürsə Fransa blok edilə bilər.”

Keçən həftə Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu məsələnin nə dərəcədə ciddi olduğunu izah etmək üçün Fransa şirkətlərinin nümayəndələri ilə görüşmüşdür.

Müşahidəçilər Fransa ilə ticarət dövriyyəsinin 2,5 faiz olduğunu nəzərə alaraq, bunun bir o qədər böyük effekti olmayacağını bildirir. Lakin mübahisə dərinləşsə, bunun əks-sədası Fransa hüdudlarından çıxaraq, bütün Avropa İttifaqının ərazisinə yayıla bilər.

“Milliyyət” qəzetinin şərhçisi Semih İdiz: “Bəli, mənfi inkişaf mümkün ola bilər. Türkiyə xarici işlər nazirinin Avropa İttifaqının səfirləri ilə görüşüb onlara məsələ ilə bağlı kəskin tənqidlərini çatdırdığı haqda xəbərlər var.”

Xarici İşlər naziri Əhməd Davutoğlu Avropa İttifaqına söz azadlığını müdafiə etmək kimi məsuliyyəti olduğuna dair xəbərdarlıq edib.

Suriya ilə davam edən böhranın da məsələyə təsiri ola bilər. Münasibətlərin gərginləşməsinə baxmayaraq, Paris də, Ankara da Dəməşq hökumətinin müxalifət nümayişlərini dağıtmasına etirazını bildirir. Lakin Türkiyə parlamentinin Xarici Əlaqələr şöbəsinin rəhbəri Volkan Bozkir xəbərdarlq edib ki, qanun layihəsi qəbul edilsə, bunun Parislə regionda ikitərəfli əməkdaşlığa mənfi təsiri ola bilər.

XS
SM
MD
LG