Accessibility links

İsrailli ekspert Türkiyə-İsrail qarşıdurmasını şərh edir


İsrailli ekspert Türkiyə-İsrail qarşıdurmasını şərh edir

İsrailli ekspert Türkiyə-İsrail qarşıdurmasını şərh edir

Dünya ictimaiyyəti məsələni hazırda Türkiyə perspektivindən görür. İsraildə isə belə hesab edirlər ki, gəmi donanmasının sərnişinləri sülhməramlı qüvvələr deyildi. Türkiyə İsrail əlaqələri 1949-cu ildə yaranandan Yaxın Şərqdə İsrailin ən yaxın müttəfiqi həmişə Türkiyə olub. İsrail politoloqları Türkiyənin İsrailə münasibətində dəyişikliyi Erdoğanın İslamçı ideologiyaya bağlılığı ilə izah edirlər.

İsraildə Türkiyə-Azərbaycan məsələləri üzrə ekspert qismində çalışan Azərbaycan mənşəli politoloq Arye Qut xidmətimizlə müsahibəsində Türkiyə ilə yəhudi dövləti arasındakı qarşıdurmanı şərh edib. İsrailli təhlilçinin sözlərinə görə bu iki xalq uzun müddət bir-biri ilə sıx münasibətlər saxlayıb, lakin Rəcəb Təyyib Ərdoğanın rəhbərliyi altında Türkiyənin İslam təmayüllü hökuməti təmasları korlamaqda qətiyyət nümayiş etdirir və lüzumsuz yerə xalqlar arasındakı əlaqələrə xələl gətirir:

Sual: Qəzzaya istiqamət alan humanitar gəmiyə İsrail kommandolarının reydi nəticəsində yaranmış Türkiyə-İsrail qarşıdurmasına İsrail cəmiyyətində reaksiyalar necədir?

Cavab: Bu problemlə bağlı düzünü desəm İsrail xalqının reaksiyası ağır oldu. Türkiyə İsrail əlaqələri 1949-cu ildən qurulub. Bu zamandan demək olar ki, Türkiyə İsrailin ən strateji müttəfiqi olub. Bütün Yaxın Şərq regionunda İsrailin ən yaxın müttəfiqi həmişə Türkiyə olub. Son zamanlarda meydana çıxan “van minut” faktorundan sonra isə Türkiyənin İsrailə münasibəti dəyişdi. Və bu dəyişməni İsrail politoloqları Erdoğanın İslamçi ideologiyaya bağlılığı ilə izah edirlər. Dünya ictimaiyyəti məsələni hazırda Türkiyə perspektivindən görür. İsraildə isə belə hesab edirlər ki, gəmi donanmasının sərnişinləri sülhməramlı qüvvələr deyildi. O adamlar ki, İsrailə bıçaqla gəldi, İsraildə onların sülhməramlı olduğunu qəbul etmirlər. Burada Türk faktorunun mövcudluğu məyusluqla qarşılanır.

Sual: Türkiyə rəhbərliyi mövqeyini belə əsaslandırır ki, İsrailin Qəzzaya qarşı tətbiq etdiyi blokada anti-bəşəri xarakter daşıyır. Qəzza Zolağındakı vəziyyətlə bağlı nə deyə bilərsiniz?

Cavab: Qəzzada vəziyyət belədir ki, faktiki olaraq Həmasın rəhbərliyi ilə orada kvasi-dövlət yaranıb. Bu kvasi-dövləti İran maliyyələşdirir. İran faktiki olaraq bu gün regionda İranpərəst qüvvə mərkəzləri yaradıb. Bunun bir qanadı Hezbullah, o birisi isə Həmasdır. İsrail 2008-ci ildə Qəzzanı tərk etdi və bəyan etdi ki, bu gündən etibarən bizim Qəzza ilə heç bir işimiz yoxudr. Bunun əvəzində İsrail nə aldı? İsrail Qəzzadan böyük miqdarda raket zərbələri aldı. Qüdsün 40 kilometrliyindəki ərazi Həmas raketləri ilə bombalanır. 2009-cu ildə İsrailin keçirdiyi hərbi əməliyyatların məqsədi məhz terror aktlarının qarşısnı almaq idi. Siz deyirsiniz ki, Qəzza blokada şəraitindədir. Onu biz də bilirik. Amma Qəzzada blokadanı kim yaradıb, onu soruşan yoxdur. Faktiki olaraq blokada deyə-deyə dünya bilmir ki, İsrail Qəzzaya neft də verir, qaz da verir, işıq da verir. İnsani baxımdan nə lazımdır, İsrail Qəzzaya bütün yardımı edir.

Sual: Türkiyə siyasi rəsmiləri bəyan edirlər ki, onların problemi İsrail xalqı ilə deyil, İsrail hökuməti ilədir. Sizin reaksiyanız?

Cavab: İsraillə Türkiyə arasında çox gözəl münasibətlər olub. 500 il yəhudi və türk xalqları arasında mehriban münasibətlər olub. İsrail xalqı bu hökuməti seçib. Mən ona radikal sağçı hökumət deməzdim. Bu sağçı hökumətdir. Amma eyni vəziyyəti Türkiyədə görürük. İsraildə bu gün onu görürlər ki, Kemalist Türkiyəsi İslam Türkiyəsinə dönür. Kemalist Türkiyə Mahmud Əhmədinejadın İran Türkiyəsinə dönür. Biz Israildən bunu görürük ki, Türkiyə öz dünyəviliyini itirmək üzrədir. Bu faktorun özü Türkiyə-İsrail münasibətlərinə böyük zərbə vurdu.

Sual: Hazırkı durumda İsrail cəmiyyətində Türkiyə-İsrail müharibəsi perspektivləri ilə bağlı narahatlıqlar mövcuddurmu?

Cavab: Bu barədə narahatlıqlar var. Amma bilirsiniz, 2008-ci ildə 800 min israilli Türkiyəni ziyarət edib. Bu, onu göstərir ki, Türkiyə İsrailə necə yaxındır. İsrailin Misir və İordaniya ilə də sülh müqaviləsi var. Lakin heç bir israilli Misir və ya İordaniyaya səfər etmir. İsraillə Türkiyə arasında gözəl iqtisadi əlaqələr var. Bu əlaqələrin əsasını siyasi əlaqələr qoyub. Məhz bu növ təmaslar nəticəsində strateji müttəfiqlik yaranıb. Heç bir israilli Türkiyə ilə müharibə istəmir. İsraillilər arasında Türkiyəyə böyük rəğbət hissi var.



XS
SM
MD
LG