Accessibility links

ABŞ-ın İstanbuldakı konsulluğuna hücum olub


Bu gün Türkiyədə polis işçilərini və hərbçiləri hədəf alan hücumlar bir neçə nəfərin ölümünə səbəb olub. İstanbulda isə Birləşmiş Ştatların konsulluğu hədəf alınıb. İki silahlı şəxsin konsulluğa atəş açdığı, lakin xəsarət alanların olmadığı bildirilib. Polis cavab atəşi açan zaman hücumçular qaçmağa nail olsa da, sonradan onlardan biri, qadın həbs edilib.

Rəsmilər həmin qadının Birləşmiş Ştatlar, Avropa Birliyi və Türkiyənin terrorçu təşkilat hesab etdiyi solçu "İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi"nin üzvü olduğunu deyib. Həmin qrup 2013-cü ildə Birləşmiş Ştatların Ankaradakı səfirliyinə edilən hücum da daxil olmaqla, arabir hücumlar həyata keçirir.

Hadisədən bir neçə saat əvvəl İstanbulun digər məhəlləsində polis idarəsinə edilən bomba hücumu zamanı üçü polis işçisi olmaqla, azı on nəfər yaralanıb. "Anadolu" xəbər agentliyi İstanbul polisinə istinadən bildirir ki, hücumlar terrorçular tərəfindən həyata keçirilir.

Az sonra həmin ərazidə polislə iki silahlı şəxs arasında atışma olduğu və hər ikisinin də polis tərəfindən öldürüldüyü deyilir.

Bu gün eləcə də, Türkiyənin Şırnak vilayətində yolkənarı bombanın partlaması 4 polis işçisinin ölümünə səbəb olub.

XS
SM
MD
LG