Accessibility links

Türkiyə Yaxın Şərq ölkələri üçün model ola bilərmi?


Türkiyə Yaxın Şərq ölkələri üçün model ola bilərmi?

Türkiyə Yaxın Şərq ölkələri üçün model ola bilərmi?

Brukinqs institutunda keçirilən müzakirələrdə Vaşinqtonun aparıcı ekspertləri Türkiyə modeli mövzusunu şərh edib

Yaxın Şərq və Şimali Afrika ölkələrində başlamış hərəkatlardan sonra bu ölkələrin gələcək inkişafı modeli kimi Türkiyəyə üz tuta bilməsi mövzusu bu günlər Amerika mətbuatında geniş müzakirə olunur.

Bu həftə Vaşinqtonda Brukins institutunda aparıcı ekspertlərin iştirakı ilə bu mövzuya həsr edilmiş elmi seminar keçirilib. Həm siyasi dairələr, həm də mətbuatda Türkiyənin ərəb ölkələri üçün model ola biləcəyi, müsəlman ölkəsində demokratiyanın inkişafının mümkünlüyü fikrini dəstəkləyənlərin sayı kifayət qədərdir. Lakin buna şübhə ilə yanaşanlar da az deyil. Mövzu yeni olmasa da, ərəb ölkələrini bürümüş xalq hərakatları onun daha geniş müzakirəsinə yol açıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert Robert Kaplan Washington Post qəzetində dərc etdiyi məqalədə yazır ki, Türkiyə islam demokratiyası baxımından bu ölkələr üçün model rolunu oynaya bilər. Bununla belə, Türkiyə və Yaxın Şərq məsələləri ilə uzun zamandır məşğul olan ekspertlər məsələyə bir qədər ehtiyatla yanaşır. Ekspertlər ilk öncəTürkiyə modeli ilə nəyin nəzərdə tutulduğunu sual edir.

Jurnalist Semih İdizin fikrincə, Türkiyə modeli dedikdə qərb parlamentli demokratiya və dünyəvilik prinsiplərinə əsaslanan qərb modeli nəzərdə tutulur. “Qərbdən gəlmiş və Türkiyənin öz xüsusiyyətlərini əks etdirən bir modeldən söhbət gedir. Əhalisinin 99 faizinin müsəlman olduğu Türkiyə bu modeldən istifadə edir. Bu,bir-birinə zidd olduğu hesab edilən elementlərin bir araya gələ bildiyini göstərən bir modeldir. Yəni müsəlman bir cəmiyyətin demokratiyaya uyğunlaşa bilməsini nümayiş etdirir.”-deyə o bildirir.

Lihay universitetində tədqiqatçı alim, Karneqi Beynəlxalq Sülh fondunda ekspert Henri Barki Türkiyənin ərəb ölkələrinə model ola biləcəyi fikrinin real olmadığını düşünür.

Türkiyə modeli real bir şey deyil. Model dedikdə nəyi nəzərdə tutduğumuz aydın olmalıdır. Türkiyədəki prosesin özü, yoxsa keçid dövrü model ola bilər. Regionda hansı ölkə Türkiyə kimi olmaq istəməz? Türkiyə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 16-cı ölkədisir. Bəzi problemlər var, lakin demokratiya mövcuddur. Heç kim seçkilərdə saxtakarlıqdan danışmır. İnkişaf yolu keçilmişdir. Bunlara nail olmaq baxımından Türkiyə onları ruhlandıra bilər. Amma bunların dəyərləndirilməsi baxımından proses fərqli ola bilər. Yəni Misir, hazırkı Türkiyənin yetişdiyi nöqtəyə necə gələ bilər. Türkiyənin prosesin davamlılığı baxımından model olması məsələsi sual doğurur."-deyə o bildirir.

Barki Misirdə Türkiyədə 1980-ci illərdə gedən proseslər indi başlasa, ölkənin 30 il bundan sonra Türkiyənin hazırkı durumuna yaxın ola biləcəyini bildirir. O, Yaxın Şərq üçün model olaraq İndoneziya və ya Latın Amerikası ölkələrinə baxmağı tövsiyə edir.

Xarici Əlaqələr Şurasının eksperti Stiven Kuk Türkiyə silahlı qüvvələrinin sistemdəki roluna işarə edərək, Türkiyənin model ola bilməyəcəyini bildirir. Misir haqda yeni kitab yazan Kuk bu ölkədə ordunun Mübarək rejimi ilə bağlı olduğuna diqqəti çəkir.

Misirdə demokratiyanın inkişafını istəyriksə, qeyri-sabitlik yaradan avtoritar rejimi deyil, demokratiyanı təşviq etməliyik. Hərbi qüvvələrin demokratik yolla hərəkət edəcəyini gözləməməliyik.”-deyə o bildirir.

Brukinqs institutunda Türkiyə proqramlarının direktoru Ömər Taşpınar Türkiyənin model deyil, ərəb ölkələri üçün ilham mənbəyi ola biləcəyini bildirir.

Türkiyə islahatlar üçün şablon kimi götürülməsə də, onlar üçün ilham mənbəyi kimi çıxış etməyə başlayıb. Ərəb cəmiyyətləri bunu qəbul edib.”-deyə o bildirir.

Ərəb ölkələrinin ümumiləşdirilə bilməyəcəyini deyən Taşpınar Türkiyəni bu ölkələrdən fərqləndirən beş əsas cəhəti göstərir. Bunlar dövlətçilik və imperatorluq ənənələri, demokratiya normaları, kapitalizm, sufilik ənənələri və Avropa Birliyinə üzv olmaq istəyidir.

Amerika mətbuatında Türkiyənin üsyanlar nəticəsində rejimlərin dəyişdiyi ərəb ölkələri üçün model rolunu oynaya bilməsi məsələsi geniş müzakirə edilsə də, ekspertlər bu məsələni geniş perspektivdən şərh etməyə üstünlük verir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG