Accessibility links

Türkiyədə qaçqın böhranı dərinləşir [Təhlil]


Türkiyə qonşu Suriyadan gələn qaçqınlara qapılarını açmaqda davam edir. Lakin ölkədəki bir milyondan çox qaçqın son zamanlar türklərin çoxunun narazılığına səbəb olub və bir neçə şəhərdə zorakı etiraz aksiyası baş verib.

Keçən həftə Maraş şəhərində insanlar “Biz suriyalıları istəmirik” şüarları ilə küçələrə çıxdı. Aksiya iştirakçılarından biri ömrü boyu ağır işdə işlədiyini və sığorta ödədiyini, lakin suriyalıların heç bir iş görmədən hökumətdən daha çox yardım aldığını deyir.

Bu etiraz aksiyası sonradan zorakılıqlarla nəticələndi. Bundan sonra suriyalıların sayının artdığı digər şəhərlərdə də etiraz aksiyaları keçirildi.

"Edam Araşdırmalar Mərkəzi"nin başçısı, təhlilçi Sinan Ülgen bu aksiyaların hökumətə güclü xəbərdarlıq olduğunu deyir. “Bu, mövcud olan və artan sosial gərginlik barədə xəbərdarlıqdır. Belə bir həyəcan təbili hökuməti suriyalı qaçqınlarla bağlı təcili surətdə kompleks tədbirlər görməsinə çağırışdır. Bu gün Türkiyədəki qaçqın suriyalıların sayı 1.2 milyondan çoxdur və onların yalnız 220 mini ölkənin cənub-şərqindəki qaçqın düşərgəsində məskunlaşıb. Qalanları isə İstanbul da daxil olmaqla, müxtəlif şəhərlərə səpələnib.”

Bu, mövcud olan və artan sosial gərginlik barədə xəbərdarlıqdır. Belə bir həyəcan təbili hökuməti suriyalı qaçqınlarla bağlı təcili surətdə kompleks tədbirlər görməsinə çağırışdır.
Sinan Ülgen

Rəsmi məlumatlara əsasən hazırda İstanbulda 100 minə qədər suriyalının məskunlaşdığı deyilsə də, yerli xeyriyyə təşkilatları onların sayının iki dəfə çox olduğunu bildirir.

İstanbulun hər yerində dilənən və məscidlərdə yatan suriyalıları görmək olar. Bununla bağlı artan narazılıqlara görə İstanbul qubernatoru Avni Mutlu şəhərdə olan suriyalıların zorla qaçqın düşərgələrinə göndəriləcəyi barədə xəbərdarlıq edib.

Türkiyə rəsmiləri Suriyadan gələn qaçqınlara dəstək və düşərgələr üçün milyardlar xərcləyib. Müşahidəçilərin dediyinə görə, qaçqın düşərgələri salınarkən Suriyada böhranın tezliklə başa çatacağı guman edilirdi. Lakin konfliktin uzanması və qaçqınların qalmasının davamlılığı gərginlikləri artırıb.

Abdulla adlı suriyalı qaçqın arvadı və iki uşagı ilə birlikdə İstanbul küçələrində yaşayır. Onlar uşaqların dilənərək əldə etdiyi pulla dolanırlar. Abdulla buranın qaçqın düşərgəsindən daha yaxşı olduğunu deyir. Abdulla düşərgə həyatını həbsxana ilə müqayisə edir. O deyir ki, artıq bir neçə aydır iş tapmaq ümidi ilə küçələrdə yaşayır.

Suriya qaçqınlarından bir neçəsi isə ərəb dilində danışdıqları üçün İstanbulun nəhəng turist sektorunda iş tapıb. Lakin çoxları üçün iş tapmaq bir xəyal olaraq qalır.

“İndi ki, bu qaçqınların tezliklə Suriyaya qayıtmayacaqları aydındır, Türkiyə hökuməti Qərb tərəfdaşları ilə əməkdaşlığı gücləndirməlidir,” - deyə, Sinan Ülgen bildirir.

Ankara Avropa qonşularından yardım diləyir. Lakin çoxları Türkiyənin səylərini alqışlamaqla kifayətlənir. Ölkənin yoxusl əhalisi isə nə vaxtadək qaçqın böhranın yükünü daşıyacağı sualı ilə yaşayır.

XS
SM
MD
LG